Əsas Səhifə > Ana xəbər / Güney Press > Sentyabr “Vaşinqton avqustu”ndan sonra gələndə...
Sentyabr “Vaşinqton avqustu”ndan sonra gələndə...Bu gün, 05:11 |
Avqust adətən beynəlxalq münasibətlər üçün “yuxulu ay” sayılır. Amma 2025-ci ilin avqustu nəinki canlı keçdi, həm də gələcək aylarda qlobal və regional proseslərin gedişatını müəyyən edəcək hadisələrlə həddən ziyadə zəngin oldu. ABŞ və Rusiya prezidentlərinin Ankoric görüşü, habelə Ukrayna-Avropa nümayəndə heyətinin Ağ Evə səfəri fonunda ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli “benefisi” bir qədər kölgədə qaldı. Lakin bu “benefisin” Cənubi Qafqazın perspektivləri baxımından əhəmiyyəti danılmazdır. Vaşinqtonda imzalanan sənədlərin yazıldığı diplomatik dili kənara qoysaq, 8 avqust danışıqlarının və onlarla birbaşa, yaxud dolayı bağlı olan sonrakı hadisələrin yekunlarını aşağıdakı kimi ümumiləşdirmək olar: Birincisi, skeptiklərin (təəccüblüdür ki, belələri Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünə də rasional izahlar axtarırlar) və erməni müxalifətinin nə deməsindən azılı olmayaraq, Azərbaycanla Ermənistan arasında müharibənin yenidən başlanması ehtimalı xeyli azalıb. İkincisi, marşrutun iş rejimi və “maneəsiz” sözünün konkret məzmunu ilə bağlı hələ də xeyli sual qalmasına baxmayaraq, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan eksklavı arasında Meğri üzərindən dəmir yolu əlaqəsinin bərpası artıq kifayət qədər real görünür. Üçüncüsü, kommunikasiyaların açılması üçün Yerevanın irəli sürdüyü dörd prinsipdən (“suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq”) son ikisinin TRIPP-ə (“Trampın sülh və rifah marşrutu”) şamil olunması, çox güman ki, nəzərdə tutulmur. İkincinin tətbiqi isə əlavə dəqiqləşmələr tələb edir. Dördüncüsü, sözügedən prinsiplər Ermənistan və Azərbaycan ərazisindən keçəcək və açılması nəzərdə tutulan digər marşrutlar üçün də təsdiqlənib. Lakin Türkiyənin avqustun 22-də Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisinə başlandığını elan etməsi Meğri ilə Ermənistanın əsas hissəsi arasında dəmir yolu əlaqəsinin bərpasının, habelə Gümrü–Qars xəttinin prioritetliyini sual altına alır. Meğri ilə bağlı olmayan digər marşrutlardan danışmaq isə ümumiyyətlə yersiz məsələyə çevrilir. Prioritet dəyişikliyi ehtimalı Gürcüstan üçün də narahatlıq doğurur – çünki Meğri–Naxçıvan–Yerevan–Gümrü–Qars xətti işə salınacağı təqdirdə onun tranzit üstünlükləri müəyyən şübhələr doğururdusa, indi həmin şübhələr artır. Beşincisi, bu məqam belə bir sualı ortaya çıxarır: Ankara Ermənistanla sərhədlərin tezliklə açılmasında nə dərəcədə maraqlıdır və bu məsələdə şərti “veto” hüququna malik Bakının mövqeyi yeganə amildirmi? Altıncısı, paraflanmış Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş ideal sənəd deyil. O özündə tərəflərin bir-birinə olan etimadsızlığını, stereotipləri və qorxuları, gələcəkdə risklərdən maksimum qorunmaq istəyini əks etdirir ki, bu da 2024-cü ilin sonuna qədər illərlə yığılıb qalmış neqativ təcrübənin nəticəsidir. “Təmas xətti”nin əvvəlki yazılarında sülh sazişinin öncədən elan olunan bəzi bəndlərinin və onun imzalanması üçün irəli sürülən şərtlərin yaratdığı risklərə qiymət verilməsi təklif olunmuşdu. İndi sənəd dərc olunandan sonra onlara səkkizinci maddəni də əlavə etmək olar: Hər iki cəmiyyətin bir-birinə olduqca həssas münasibətini nəzərə alsaq, bu ifadə geniş şərhlərə yol açır. Əgər tərəflər həmin müddəanın icrası ilə bağlı qarşılıqlı iddialara imkan versələr, onda 8-ci maddənin mahiyyətcə hədəf tutduğu “münaqişənin hərtərəfli həlli” arzuolunmaz xəyala çevriləcək. Hətta deyə bilərik ki, haqqında bəhs etdiyimiz maddənin ideyası sənədin başqa bir problemli bəndi –15-ci maddə ilə müəyyən ziddiyyət təşkil edir (“Təmas xətti”ndə bundan əvvəl qeyd etmişdik). Orada ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq üçün beynəlxalq məhkəmə instansiyalarına müraciətlərdən qarşılıqlı olaraq imtina etmək nəzərdə tutulur. Ancaq necə olursa olsun, Saziş və onun imzalanması ətrafında baş verən hadisələr istənilən halda regiondakı digər məsələlərin də həll üçün istinada çevriləcək. Buna görə, mövcud qüsurlara baxmayaraq, sənədin əhəmiyyətini kiçiltmək düzgün olmaz. Yeddincisi, Donald Tramp iddia edir ki, Ağ Evə ikinci gəlişindən sonra yeddi müharibəni dayandırıb. Lakin belə bir nailiyyətin sübutu kimi yalnız Ermənistan–Azərbaycan münaqişəsinin həlli haqında üç imza ilə təsdiqlənmiş sənəd təqdim edə bilər. ABŞ prezidenti yalnız 8 avqustda Əliyev və Paşinyanın dəstəyi ilə çoxdan arzuladığı Nobel mükafatına və xidmətlərinin beynəlxalq səviyyədə geniş tanınmasına doğru ilk real addımı atdı. Eyni zamanda, o, Amerika ictimaiyyətinə mürəkkəb məsələləri həll etmək bacarığını nümayiş etdirdi. Səkkizincisi, Trampın Ermənistan və Azərbaycan liderləri ilə əldə etdiyi ikitərəfli razılaşmalar təsdiqlədi ki, administrasiyanın bundan əvvəl Yerevanla imzaladığı Strateji tərəfdaşlıq Xartiyası qüvvədə qalır, həmçinin Vaşinqtonla Bakı arasında tərəfdaşlığın da eyni səviyyəyə qaldırılmasına yaxın perspektiv açılır. Müvafiq sənədlərin imzalanması ABŞ–Azərbaycan münasibətlərində soyuq dövrün başa çatdığını və ABŞ-ın Cənubi Qafqaza marağının sübutu oldu. Doqquzuncusu, Ağ Evdə əldə olunmuş razılaşma dünyanın müxtəlif bölgələrində yerləşən və geosiyasi qruplaşmalara daxil olan ölkələrin əksəriyyəti tərəfindən alqışlandı. Yalnız Rusiya və İran açıq istisna oldu. Onlar dar maraqlarını “regiondan kənar oyunçuların Cənubi Qafqaza dominant nüfuzunun yolverilməzliyi” barədə ifadələrlə ört-basdır etməyə çalışaraq, məğrurcasına təklikdə qaldılar. Bununla yanaşı, ABŞ prezidenti Trampı incitməmək üçün Moskva xüsusi ritorika seçmək məcburiyyətindədir. Çünki Kreml onunla təmaslara hələ də böyük əhəmiyyət verir. Onuncusu, Ağ Evdə 8 avqustda keçirilən təntənəli mərasimə baxmayaraq, sonrakı günlər göstərdi ki, bu hadisənin miqyası bir sıra digər qlobal proseslərlə müqayisədə xeyli kiçikdir. Söhbət ilk növbədə Ukraynada müharibəni dayandırmaq cəhdlərindən gedir. Əvvəllər də dəfələrlə olduğu kimi, Ermənistan və Azərbaycanla bağlı məsələlər ABŞ və digər oyunçular üçün ikinci plana keçə bilər. Buna görə də, münaqişənin həllində birbaşa maraqlı olan tərəflər layihənin gerçəkləşdirilməsi prosesi geridönüşü olmayan nöqtəyə çatana qədər imkan pəncərəsinin bağlanmasına yol verməməli, bu məqsədlə maksimum operativlik və təşəbbüskarlıq göstərməlidirlər. Burada əsasən Yerevandan söhbət gedir. Çünki Bakıdan fərqli olaraq, TRIPP və ona bağlı proqramlar Ermənistan üçün sıçrayışlı inkişafın yeganə imkanı ola bilər. Şübhəsiz ki, Ermənistanın perspektivləri yalnız o halda real şəkil alacaq ki, layihənin ölkə üçün əlverişli variantlarının irəli sürülməsi, resurslar uğrunda kəskin rəqabət şəraitində (bu rəqabət regionda kommunikasiyaların açılması və genişləndirilməsi prosesinin müxtəlif iştirakçıları arasında gedir) sərmayələrin cəlb olunması, həmçinin konkret işlərin icrası baxımından dəqiq və səriştəli yanaşma nümayiş etdiriləcək. “Şimal–Cənub” yolunun inşası zamanı müşahidə edilən lənglik və məsuliyyətsizlik (daha sərt ifadələr də işlətmək olardı) təkrarlanacaqsa, Vaşinqton görüşündən doğan bütün perspektivlər tamamilə puça çıxacaq. Ən vacib məsələ ABŞ-dan olan işçi qrupla Meğri dəmir yolu sahəsinin bərpası və istismarı detallarına dair danışıqlara hazırlıqdır. Bu məsələdə optimal həllərin tapılmasına kömək edə biləcək ilkin məsləhətləşmələr var. Lakin paralel olaraq ixtisaslaşmış Ermənistan-Azərbaycan formatının işə salınması son dərəcə arzuolunandır. Bu format həm Yerevan, Bakı və ABŞ-ın TRIPP-in fəaliyyətinə dair təsəvvürlərinin “uzlaşdırılmasını” təmin edə, həm də kommunikasiyaların blokadadan çıxarılması prosesinin gələcək mərhələsini planlaşdırmağa, o cümlədən daha səmərəli podratçıların tapılmasına imkan yarada bilər. Əlavə edək ki, ABŞ və Ermənistan arasında 8 avqustda razılaşdırılmış strateji tərəfdaşlığın digər iki istiqaməti (energetika və yüksək texnologiyalar) praktik reallaşdırma baxımından nəqliyyat kommunikasiyalarının işə salınmasından o qədər də uzaq deyil və onlara kompleks yanaşmaq məqsədəuyğundur. Türkiyə və Gürcüstanla niyyət və maraqların uyğunlaşdırılması, həmçinin Rusiya və İranın layihələrin həyata keçirilməsinə destruktiv təsirinin neytrallaşdırılması Ermənistan üçün ayrıca bir məsələdir. Perspektiv nə qədər real görünsə və onun əldə olunması istiqamətində atılan addımlar nə qədər ardıcıl olsa, Moskva və Tehran da layihənin həyata keçirilməsinə mane olmaq əvəzinə orada özlərinə yer tapmağa bir o qədər çox maraq göstərəcəklər. Burada səylərin həm Azərbaycan, həm də amerikalı tərəfdaşlarla koordinasiyasının zəruriliyi aydındır. Potensial investorların diqqətini yalnız dəqiq, tam və real mənzərə (sadəcə kağız üzərində şəkil formasında deyil) mövcud olandan, Yerevan öz “Sülh kəsişməsi” təşəbbüsünü necə həyata keçirməyi təsəvvür etdiyini göstərdikdən sonra cəlb etmək mümkündür. ABŞ-ın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılmasında iştirakı Yerevanın avropalı tərəfdaşları ilə əməkdaşlığının ikinci plana keçməsinə səbəb olmamalıdır. Avropa İttifaqı, eləcə də beynəlxalq maliyyə institutları regionda kommunikasiyaların açılmasının əsas potensial investorları, həm də siyasi himayədarları olaraq qalırlar. Onlarsız TRIPP layihəsinin reallaşdırılmasın və ümumilikdə kommunikasiyaların açılmasının mümkünlüyünü təsəvvür etmək çətindir. Bununla belə, Yerevan bu dəfə hər şeyin həqiqətən ciddi olduğunu, bir çox digər layihələr, o cümlədən CEPA (Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi) ilə bağlı bəzi islahatlar kimi “it-bata” salınmayacağını Avropa tərəfinə konkret, əməli addımlarla sübut etməlidir. Nəqliyyat əlaqələrinin bərpasına dair layihələrin regionun təhlükəsizliyinə töhfə verdiyi barədə danışırlar. Amma bu layihələrin özləri də təhlükəsiz mühitə ehtiyac duyur. Ermənistan dəmir yolu xətlərinin və onlara bağlı digər kommunikasiya vasitələrinin (boru kəmərləri, kabel xətləri və s.) bərpası ilə yanaşı, onlara güclü nəzarəti, o cümlədən sərhəd xidmətinin nəzarətini təmin edən sinxronlaşdırılmış “yol xəritəsi” hazırlamalıdır. Başqa sözlə, nəzərə alınmalıdır ki, keçmiş Meğri rayonunun şərq sərhədindən Gümrüyə qədər yolların böyük hissəsi Ermənistan Respublikasının dövlət sərhədi boyunca uzanır. Buna görə də yolların istismara verilməsi qrafiki rus sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsindən müəyyən qədər geridə qalmalıdır. Daha dəqiq desək, əvəzləmə prosesi kommunikasiya xətlərinin istismara verilməsini qabaqlamalıdır. Qeyd edilən bu məqam bir daha göstərir ki, qarşıya qoyulan vəzifələr kompleks xarakter daşıyır və onların həlli olmadan kommunikasiyaların açılması üzrə genişmiqyaslı proqram yalnız yaxşı niyyətlərin ifadəsi kimi görünə bilər. Yəni, proqramın məqsədi təkcə “Azərbaycanın materik hissəsi ilə Naxçıvan eksklavı arasında əlaqəni bərpa etmək” kimi dar çərçivədə qalmamalıdır. Nəhayət, bütün proqramın ardıcıl və hərtərəfli planlaşdırılmış şəkildə həyata keçirilməsi Ermənistanın özündə daxili siyasi sabitlik üçün zəruridir. Cəmiyyət baş verənləri aydın şəkildə dərk etməli və bunun ona gələcəyə daha böyük ümidlə baxmağa imkan verdiyini görməlidir. İstənilən əsassız gecikmələr, prioritetlərin ikinci dərəcəli məsələlərin xeyrinə dəyişdirilməsi, kadr səhvləri, işlərin keyfiyyətsiz icrası Vaşinqton razılaşmalarının imitasiya xarakteri daşıdığına, onların siyasi konyuktura tabe edildiyinə şübhə üçün zəmin yaradacaq. Bunun ölkədə ictimai əhval-ruhiyyəyə necə təsir edəcəyini təsəvvür etmək çətin deyil. Qərar qəbul edənlər anlamalıdırlar: tale Ermənistanı, bir dövlət kimi, ekstern qaydada daha yuxarı sinfə keçirib və artıq cari ilin sentyabrın 1-dən etibarən o, tənbəl, məsuliyyətsiz şagird kimi qala bilməz. Müəllif: Boris Navasardyan Pressklub.az Geri qayıt |