Əsas Səhifə > Ana xəbər / Güney Press > Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə...

Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə...


Bu gün, 12:10

2020-2021-ci illərdə Lazurit dəhlizi barədə çeşidli məqalələr yazmışam. İndi həmin məqalələrdən birini nəzərdən keçirəndə gördüm ki, həmin dövrdə hələ tamamlanmayan layihələr nəticəsində bəzi mülahizə xətalarına da yol vermişəm. Məsələn, bu dəhlizin "Bir kəmər, bir yol" marşrutunun bir hissəsi olduğunu vurğulamışam. Halbuki indi məlum olur ki, heç də belə deyilmiş. ABŞ-ın nəzərində bu dəhlizlər Çində tamamlanmalı deyillər.
Buna baxmayaraq, Lazurit dəhlizinin mahiyyəti barədə az-çox məlumat verə bilmişəm. Ümid edirəm ki, bu natamam mülahizələrdən nələrsə öyrənə bilərsiniz. Bunu nəzərə alaraq, Lazurit dəhlizi barədə 5 illik mülahizələrimi nəzərinizə çatdırmağı məsləhət bilirəm.
İran rəsmilərinin İrəvan səfərləri başlayandan sonra Ermənistanın da ritorikası dəyişilməyə başladı. Əvvəl “Zəngəzur dəhlizi”nin Ermənistanın da işinə yaradığını bəyan edən Nikol Paşinyan birdən-birə imzaladığı müqavilənin tələblərini danmaq yolunu tutdu. Sözsüz ki, bütün bunlar səbəbsiz deyildi və aydın sezilirdi ki, İrəvanın mövqe dəyişməsinin arxasında Tehranın da barmağı var.
Bəs, İran nədən narahatdır?
Fikrimizcə, bu suala ən yaxşı cavabı İranın mühafizəkar veb saytı “Məşrək” verib. Sayt 10 noyabr Bəyanatının tələblərinin həyata keçirilməsi nəticəsində İrana dəyə biləcəyin zərərləri 6 başlıq altında belə sıralayıb:
1. Azərbaycan bu vaxta qədər İran vasitəsilə Naxçıvana göndərdiyi qazın 15 faizini İrana komissiya haqqı olaraq verirdi. Zəngəzur dəhlizi açıldıqdan sonra qaz birbaşa Naxçıvana göndəriləcək və İran öz qazancından məhrum olacaq.
2. İran 1996 -cı ildə Türkiyə ilə qaz satışı müqaviləsi imzalayıb. Bu razılaşmaya görə, Türkiyə illərdir İrandan bahalı qaz alır. Türkiyə İrana min kubmetr üçün 490 dollar ödədiyi halda, Azərbaycan qazını 335 dollara ala bilər. Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə, İranın qaz ixracatı zərəri böyük olar.
3.Türkmənistandan başlayaraq İran üzərindən Türkiyəyə keçməsi planlaşdırılan boru kəməri layihəsi 2017 -ci ildə maliyyə mübahisələri səbəbindən dondurulmuşdu. Türkmənistan artıq bu qazı Azərbaycan üzərindən Türkiyəyə çatdıra bilər.
4. İranın Ermənistana boru kəmərinin əhəmiyyəti də azaldı.
5.ABŞ-ın dəstəklədiyi Transxəzər boru kəməri layihəsi yenidən gündəmə gələ bilər. Türkmənistanın liman şəhəri Türkmənbaşıdan Azərbaycana nəql olunan karbohidrogen məhsulları Avropaya Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud boru xətləri ilə nəql edilə bilər.
6. İrandan Avropaya qaz nəqli planlaşdırılan boru kəməri layihəsinin qarşısında daha çox maneələr yaranacaq.
Göründüyü kimi, İran ekspertləri də Azərbaycanın torpaq bütünlüyünün təmin olunmasını özləri üçün böyük təhlükə hesab edir və bu təhlükəni əsasən iki hissəyə ayırır. Bunlardan biri enerji ixracatı, digəri isə tranzit xətləri ilə əlaqədardır. Zənnimizcə, İran üçün əsas problem də ikincidir. Zira bu ölkə Türkiyə-Orta Asiya tranzit xəttindən Naxçıvana verilən qazın 15% komissiya haqqından müqayisə olunmayacaq qədər çox pul qazanır. İran Yollar və Nəqliyyat Nazirliyinin 2020-ci il məlumatlarına görə, koronavirusun ticarətə təsirinə baxmayaraq, həmin il hər ay 12 minə yaxın Türkiyə yük maşını İran-Türkiyə sərhədini keçir və bunun böyük hissəsi türk respublikalarına və Əfqanıstana yük daşıyır. Türkiyəyə daxil olan və Türkmənistan sərhədindən çıxan hər yük maşını isə İrana 1800 kilometrlik yol üçün 700-800 dollar ödəniş edir. Ermənistandan açılacaq dəhliz bu trafiki də xeyli azaldacaq.
Bundan əlavə, Zəngəzur dəhlizinin açılması İranı beynəlxalq nəqliyyat xətlərindən də məhrum edə bilər. Tehranı qıcıqlandıran əsas səbəb də elə budur. Məlum olduğu kimi, Çinin “«Bir Kəmər, Bir Yol»” proyektində əsas yerlərdən birini Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi tutur. 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə ilə rəsmiyyət qazanan proje Əfqanıstan - Türkmənistan – Xəzər dənizi üzərindən Azərbaycan – Gürcüstan – Türkiyə - Avropa arasında nəqliyyat marşrutunun qurulmasını planlaşdırır. Həm vaxta qənaət, həm də xərc baxımından sərfəli olan bu marşrutu ucuzluğuna görə bəzən dəniz yolu ilə müqayisə edənlər də tapılır. Bu mülahizəyə görə, 2020 -ci ilin dekabr ayında Çin ilə Avropa Birliyi arasında dəniz nəqliyyatının dəyəri dəmir yoluna nisbətən 50% artıb. Ötən mart ayında dünyanın ən böyük yük gəmilərindən sayılan "Evengreen"in Süveyş kanalında dibə oturması da bu nəqliyyat marşrutunun çox da təhlükəsiz olmadığı həqiqətini ortaya çıxartdı. Məhz bu hadisələrdən sonra bir çox tədarükçülər və böyük şirkətlər dəmir yoluna üstünlük verməyə başladılar. Beləcə Qərblə Şərq arasında ən qısa və sərfəli nəqliyyat xətti sayılan və bir çox Avropa dövlətləri tərəfindən də dəstəklənən “Lazurit yolu”nun əhəmiyyəti artdı.
Düzdür, “Lazurit yolu” planlaşdırılarkən layihənin əsas qayəsi olaraq Əfqanıstanın təbii sərvətlərinin, o cümlədən dünyaca məşhur Bədəxşan ləlinin (Layihənin adı da burdan gəlir. Lazurit - ləl deməkdir) Avropaya daşınması göstərilirdi. Fəqət milyardlarla dollara başa gələcəyi şübhə doğurmayan bu marşrutun sadəcə Əfqanıstanla kifayətlənməyəcəyi də bəllidir. Çindən Pakistan üzərindən Əfqanıstana keçməklə Türkmənistana açılacaq yeni yolların salınması “Lazurit yolunun” «Bir Kəmər, Bir Yol» layihəsinə birləşdirilməsini də şərtləndirə bilər. İndiyədək Çinin bu layihəyə şübhə ilə yanaşmasının yeganə səbəbi Əfqanıstanın ABŞ tərəfindən işğalı idi. İşğalın bitməsindən sonra bu problem də qalmadı.
Bəlkə də ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsinin başlıca səbəblərindən biri də bu idi: “Bir Kəmər, Bir Yol” projesinin əsas keçid güzargahını nəzarətə götürmək və Çinin iqtisadi cəhətdən dünyaya açılmasının qarşısını almaq. ABŞ-ın bölgədən çəkilməsi ilə bu təhlükəyə də son qoyuldu. İşğaldan sonra Əfqanıstan iqtisadiyyatının qurulmasına, ən əsası, təbii sərvətlərinin istismarına ən böyük yatırımların Çin şirkətləri tərəfindən qoyulacağı gözlənilir. Əfqan iqtisadiyyatı inkişaf etdikcə, Çin iş adamlarının “Lazurit yolu” ilə Avropaya məhsullarını daşıyacağı şübhə doğurmur.
Yeri gəlmişkən, “Taliban”ın 20 il ərzində özünü qorumasında və işğala qarşı mübarizəsində Pakistanla Çinin maraqlı olduğunu, hətta gizli dəstək verdiyini hesaba qatsaq, 44 günlük savaş müddətində İslamabadın Azərbaycanı açıq şəkildə müdafiə etməsinin bir başqa səbəbi də ortaya çıxır. Belə nəticə hasil olur ki, Asiya nəhəngləri 4 tərəfdən əhatəyə alınan iqtisadiyyatlarını və nəqliyyat xətlərini maneələrdən təmizləmək üçün əl-ələ veriblər. Bu da Azərbaycanın milli maraqlarına uyğun olduğundan rəsmi Bakı fürsətdən faydalanaraq, çoxdan gözlədiyi hərbi əməliyyatlara başladı və qələbə çaldı. Bu arada, bizə ən böyük dəstəyi verən qardaş Türkiyənin də “Lazurit yolu” üzərində yerləşdiyini gözdən qaçırmaq olmaz.
“Lazurit yolu”na alternativ layihələrdən biri isə Pakistan üzərindən Oman dənizinə qaçılan qapıdır. “Çin-Pakistan İqtisadi Dəhlizi” (ÇPİD) adlanan bu xətt Çinlə sərhəddən başlayıb Pakistanın Qvadar limanına qədər uzanır. Dəhliz Qvadar limanından sonra iki marşruta haçalanır. Bunlardan biri su yolu ilə Qırmızı dənizə və Süveyş kanalına, digəri isə quru yolu ilə İran üzərindən Ermənistana, ordan isə Gürcüstana çıxmağı hədəfləyir. Marşrut bu gün Azərbaycan ordusunun fəaliyyətini dayandırdığı Qafan-Gorus yolundan keçir.
Həmin yolun tranzit üçün əlverişli hala gəlməsinin qarşısında başqa problemlər də var. Bunlardan ən mühümü oradan dəmir yolunun çəkilməməsidir. Çünki avtomobillərlə yüklərin daşınması böyük xərc istəyir və iqtisadi rəqabətdə uduzur. Təbii ki, Azərbaycan öz ərazisindən Ermənistanın dəmir yolu çəkməsinə də razı olmaz. Hətta Zəngəzur dəhlizi açılmayana qədər avtomobil yolunun belə açılmasına razılıq verməməlidir. Zəngəzur dəhlizi açılarsa İranın Ermənistan-Gürcüstan-Qara dəniz layihəsinin mənası qalmır.
İranın bu layihəsinin həyata keçirilməsi alternativləri də yox səviyyəsindədir. Bunlardan biri Sisyan üzərindən dolanbac yollardan keçir. Oradan hətta yük maşınlarının keçməsi belə böyük təhlükələr yaradır. Dəmir yolunun inşası üçün isə Kiçik Qafqaz dağlarının bu başından o başına qədər tunellər açılmalıdır. Sözsüz ki, İranın xərci borcundan çox olan bu layihəyə kapital yatırmağa nə pulu var, nə də həvəsi. Ən azı ona görə ki, Azərbaycan beynəlxalq tərəfdaşlarına qat-qat ucuz və təhlükəsiz marşrut təqdim edir və bu nəqliyyat xəttinin taleyi Zəngəzur dəhlizindən asılı deyil. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə faktiki “Lazurit yolu” fəaliyyətdədir. Zəngəzur dəhlizi isə Ermənistanı və İranı da bu layihəyə daxil edə bilər və nəticədə ikisi də qazanar. Əlbəttə, bir-birindən ayrı və müstəqil şəkildə. Azərbaycanın da milli maraqlarına uyğun olaraq...
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt