Əsas Səhifə > Ana xəbər / Güney Press > "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar"
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar"Bu gün, 09:19 |
İran Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. O bildirib ki, Cənubi Qafqaz siyasi, iqtisadi və geosiyasi baxımdan İran, regional dövlətlər, xüsusilə də Rusiya üçün mühüm əhəmiyyət daşıyır:
"Biz bölgədəki hadisələri diqqətlə müşahidə edirik, məsələlərə nə sadəlövh yanaşırıq, nə də kiçik hesab edirik. Əsas narahatlıq yaradan məsələ xarici qüvvələrin bölgəyə müdaxiləsidir. Regiondankənar qüvvələrin müdaxiləsi və hərbi iştirakı bizim üçün qırmızı xətdir. Belə bir prosesin faydalı olmadığını düşünürük və bunun bölgədə geosiyasi çətinlikləri artırdığı qənaətindəyik". Qeyd edək ki, İran mediasında və qeyri-rəsmi dairələrdə hələ də "Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyik" kimi fikirlər səsləndirilir.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli Sherg.az-a açıqlamasında deyib ki, İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar. Ekspert bildirib ki, İran rəsmiləri, deputatlar və digərləri Zəngəzur dəhlizinin qarşısını alacaqlarını iddia edirlər:
"ABŞ-yə məxsus şirkət gəlib oturacaq Zəngəzur dəhlizində. İran bunun qarşısını necə alacaq?! Deyirdilər ki, "Zəngəzur dəhlizini məzara çevirəcəklər". İranın hədə-qorxu gələn rəsmilərinə sual edirəm. Dəhlizi amerikalılara necə "məzar" edəcəklər? ABŞ-yə məxsus şirkətə hücum birbaşa ABŞ-yə hücum deməkdir. İran bunu gözə ala bilərmi? İran Amerikaya məxsus bazalara raket atanda belə əvvəlcədən xəbər verir ki, "biz həmin yeri vuracağıq, məlumatınız olsun". Əslində, İran guya bizi və erməniləri hədələyir. İranın hədə-qorxudan o yana getmək imkanı yoxdur. Bəlkə, əllərində güc olsaydı, nəsə edərdilər, amma gücləri yoxdur. Rusiya da çox zaman belə məsələlərdə İranı qabağa atır, özü arxada dayanır. İran-Rusiya tandemi Suriyada, Cənubi Qafqazda öz mövqeyini itirməkdədir. Düzdür, Rusiya hələ Ermənistanda qalmaqdadır. Amma 2020-ci illə müqayisədə Moskva indi çox geri düşüb. 5 il öncəyə kimi Cənubi Qafqaz Rusiyanın "arxa bağçası" sayılırdı. İran isə daha çox itirib, çünki ağıllı siyasət aparmır. Zəngəzur dəhlizində Azərbaycanın olmasını qəbul etmədilər. Hətta müttəfiqləri rusları da görmək istəmədilər ki, ora "qırmızı xətt"dir. İndi ABŞ-yə desinlər ki, ora İranın "qırmızı cizgisi"dir. İranın başı çox divara dəyib və bundan sonra dəyəcək".
Geri qayıt |