Əsas Səhifə > Ana xəbər / Güney Press > Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdüBu gün, 09:36 |
Türkiyənin sabiq xarici işlər naziri, hazırda müxalif cəbhədə dayanan Əhməd Davudoğlu deyib ki, Azərbaycan müharibədən dərhal sonra Türkiyənin Ermənistanla sərhədləri açmasına, diplomatik əlaqələr qurmasına razılıq versəydi, bu gün sülh sənədi Ankarada paraflanardı və Zəngəzur dəhlizi “Tramp yolu” yox, “Ərdoğan yolu” adlanardı. Əhməd Davudoğlu 2008-2009-cu illərdə Azərbaycana və türk dünyasına xəyanətə bərabər sayılan ideyanın – “Sürix protokolları” prosesinin həmmüəlliflərindən biridir. Onun da yaxından iştirakı və təşəbbüsü ilə həmin dövrdə Türkiyə Ermənistanla sərhədləri açmağa hazırlaşırdı. Lakin rəsmi Bakının, Prezident İlham Əliyevin güzəştsiz mövqeyi və sərt iradəsi bu prosesin qarşısını aldı. Onun yenidən bu mövzuda fəallaşması təsadüfdür, yoxsa Türkiyədə hələ də müəyyən formalarda qalan FETÖ qanadının sistemli hərəkətidir? Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Türkiyənin öz sərhədlərini Ermənistanın üzünə bağlaması Azərbaycan üçün böyük siyasi və mənəvi əhəmiyyət kəsb edib: “Ermənilər hər zaman Türkiyənin təzyiqini və Azərbaycana dəstəyini hiss ediblər. Bu da onları daim ruhdan salıb, özlərinə inamı zəiflədib. Qarabağın azad edilməsində də Türkiyənin siyasi və mənəvi dəstəyini hər zaman hiss etmişik. Artıq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi gedir. Sülh müqaviləsinin mətni razılaşdırılıb və onun yaxın zamanlarda imzalanması gözlənilir. Belə bir dönəmdə Türkiyənin də Ermənistana münasibətində müəyyən yumşalma müşahidə olunur. Proses davam edir və nəticələrin yaxşı olması Ermənistanın bundan sonrakı davranışlarından və öhdəliklərini yerinə yetirməsindən asılıdır”. Ekspert deyib ki, Türkiyə sülhdən əvvəl Ermənistanla sərhədləri açsaydı, bu gün İrəvan özünü daha azğın aparardı: “Regionda maraqları olan müttəfiqləri ilə birləşərək yeni bir destabilliyə rəvac verərdi. Ermənistanın 10 noyabr 2020-ci il razılaşmasını icra etmək istəməməsi və uzun müddət sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışması da bunu sübut edir. Ona görə də Davudoğlunun fikirləri cazibədar görünsə də, reallığa uyğun deyil. Əgər Türkiyə Ermənistanla sərhədlərini açsaydı, Davudoğlunun dediyi kimi, nəinki paraflanma Ankarada olardı, əksinə, Ermənistan sülh müqaviləsi imzalamağa, dövlət rəmzlərində ərazi iddiaları ilə bağlı müddəaları dəyişməyə ehtiyac duymayacaqdı. Hətta bu prosesə daha çox xarici oyunçu cəlb etməyə çalışaraq gedişatı öz xeyrinə dəyişməyə səy göstərərdi”. Geri qayıt |