Əsas Səhifə > Ana xəbər / Güney Press > Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı

Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı


Dünən, 09:26

“Azərbaycan Avropada məhbus sayına görə ikinci yerdədir. Şərqi Avropa ölkələrində məhbusların sıxlığına görə birinci yeri Türkiyə tutur”. BBC-nin Azərbaycan xidmətinin məlumatına görə, Avropa Şurasının həbsxanalarla bağlı hesabatında belə deyilir.

Qeyd edək ki, Avropa Şurasının illik kriminal statistikası Avropa Həbsxana Statistikaları hesabatında dərc olunur. Bu hesabat digər məsələlərlə yanaşı, Avropa Şurasına üzv dövlətlərdə məhbusların sayı, habelə həbsxanalarda ölüm halları və həbsxana sistemlərinin digər aspektləri haqqında məlumat verir.

Avropa Şurasının İllik Cəza Statistikası - SPACE I adlı hesabatda deyilir ki, Azərbaycan əhalisinin təxminən 27 min nəfəri həbsdədir, onlardan 45 faizi narkotiklə əlaqədar həbs olunub. “Azərbaycan həbsxanalarındakı məhbusların az qala yarısı narkotik ittihamı ilə həbs olunub”- hesabatda deyilir.

Yada salaq ki, Azərbaycan ötən ilin yanvarından, yəni təxminən 20 aya yaxındır Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırıb. Buna səbəb AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi olub. Rəsmi Bakı bunu AŞPA-nın “qırmızı xətti keçməsi” kimi qiymətləndirib və bir neçə ay sonra Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən 76 deputatı “arzuolunmaz şəxs” elan edilib.

Rəsmi Bakı bu qurumla əlaqələri bərpa etməyi düşünmür, “hələ də Azərbaycana qarşı tamamilə obyektivlikdən uzaq olan mövqe sərgiləməkdə” ittiham edir. “Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcək”. Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bunun səbəbini Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə izah edib.

“Nümayəndə heyəti assambleyanın iclaslarında iştirak etməsə və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hakimlərinin seçilməsinə səs verə bilməsə, bu məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarlar etibarsız sayılacaq. Biz səsvermə hüququndan məhrumuq. Biz bu hakimlərə səs verməmişik və onların kim olduğunu da bilmirik”, - İ. Əliyev qeyd edib.

Qeyd edək ki, Prezident bundan əvvəl də ölkəmizin Avropa Şurasından tamamilə çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi.

Göründüyü kimi, Avropa Şurası ilə bağlı məsələ hələ müəmmalı qalır. Azərbaycanın adının bu cür hesabatlarda mənfi kontekstdə hallandırmaqla, ümumiyyətlə,quruma qayıtmamasına şərait yaradırlar.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu, təkcə rəqəmlər toplusu deyil, həm hüquq-mühafizə siyasəti, həm də məhkəmə təcrübəsi üçün ciddi xəbərdarlıqdır: “Biz son illərdə ölkədə məhkəmə-hüquq islahatlarının elan olunduğunu, Prezidentin bu istiqamətdə mühüm fərman və sərəncamlar imzaladığını gördük. Xüsusilə 2019-cu ildə ”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman, eləcə də alternativ cəza tədbirlərinin genişləndirilməsi ilə bağlı qərarlar ölkənin hüquq siyasətində humanist yanaşmanın güclənməsini nəzərdə tuturdu. Məqsəd həm məhkəmə yükünü azaltmaq, həm də azadlıqdan məhrumetmə tədbirinin həddən artıq tətbiqinin qarşısını almaq idi. Amma reallıqda qətimkan tədbirlərinin seçilməsində hələ də həbsə üstünlük verildiyini görürük. Bu, xüsusilə narkotik ittihamlarında daha qabarıqdır. Təcrübədə istintaq orqanları alternativ təminat tədbirlərindən ev dustaqlığı, girov, zaminlik daha az istifadə edir. Bu yanaşma bəzən həbsin özünü məqsəd kimi formalaşdırır, halbuki qanunvericilikdə “son çarə” prinsipi açıq şəkildə təsbit olunub".

Natiq Ələsgərov deyib ki, əgər islahatların elanında göstərilən məqsədlərə çatmaq istəyiriksə, məhkəmələr həqiqətən də həbsə alternativ tədbirlərin tətbiqinə üstünlük verməlidir: “Xüsusilə narkotik ittihamları üzrə işlərdə bu tendensiya daha qabarıqdır. İstintaq orqanları bəzən həbsin zəruriliyini əsaslandırmadan, alternativ təminat vasitələrini araşdırmadan məhkəmələrdən həbs qərarı çıxarılmasını tələb edir. Məhkəmələr isə istisna olmaqla, bu tələbləri avtomatik təsdiqləyir. Avropa Şurası hesabatında həbsxanalardakı sıxlıq bölümündə Azərbaycanın adının ön sıralarda yer almasının birbaşa səbəbi budur. Ölkədə günahsızlıq prezumpsiyası formal xarakter daşıyır, çünki uzunmüddətli istintaq zamanı həbsin özü cəza funksiyası daşımağa başlayır. İmzalanan fərmanların məqsədi kağız üzərində qalır, icra mexanizmləri real dəyişiklik yaratmır. Üstəlik, Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin ən gərgin dövründə bu cür statistikanın açıqlanması, beynəlxalq aləmdə ölkə haqqında formalaşan mənfi təsviri gücləndirir. Əgər həqiqətən də Avropa Şurası hesabatlarının siyasi məqsədlər üçün istifadə olunduğunu düşünürüksə, buna cavab yalnız ritorika ilə deyil, daxili hüquq sistemində real dəyişikliklərlə verilməlidir. Narkotiklə bağlı həbs siyasətinin yenidən nəzərdən keçirilməsi, alternativ qəti-imkan tədbirlərinin tətbiqinin məhkəmələr üçün real prioritetə çevrilməsi, istintaqın şəffaflığı və müdafiə hüququnun tam təminatı baş vermədən, biz hər il eyni siyahılarda eyni mövqedə qalacağıq. Bu, yalnız həbsxanalardakı sıxlığı azaltmaqla bitmir, həm də insan hüquqlarına hörməti artırır, beynəlxalq hesabatlarda ölkəmizin mövqeyini yaxşılaşdırır. Hazırkı vəziyyət, xüsusilə Avropa Şurası ilə münasibətlərin gərgin fonunda, ölkəmizi həm hüquqi, həm də siyasi müstəvidə çətin vəziyyətə salır. Narkotik ittihamlarının çoxluğu, qəti-imkan tədbirlərində balansın pozulması və islahatların praktik nəticələrinin zəifliyi, bütün bunlar islahatların davamlılığına mane olan əsas problemlərdir. Bu istiqamətdə real dəyişiklik baş verməsə, biz bu tip hesabatlarda yenə də ön sıralarda yer alacağıq. Bu isə nə hüquqi dövlət prinsiplərinə, nə də ölkənin beynəlxalq imicinə uyğundur.


Geri qayıt