Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə...

ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə...


Bu gün, 06:43

“Cənubi Qafqazdakı münasibətlərin sülhlə yekunlaşması ilə bağlı bizə bir neçə platformada - Amerika Birləşmiş Ştatları platformasında, Avropa İttifaqı platformasında və Rusiya platformasında uzun müddət müzakirələr aparıldı. Azərbaycanın mövqeyi ondan ibarət idi ki, bu platformaların hansısa birində bu məsələ həll olunsun. Ən yaxşı variant problemin vasitəçilərə ehtiyac duyulmadan həll olunması idi. Azərbaycanın üstünlük verdiyi mövqe bu idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, Rusiya öz platformasında açıq-aydın maraqlarını yeritmək istəyirdi, həmçinin Avropa İttifaqında da Fransanın və digər Avropa ölkələrinin maraqları var idi, bu prizmadan məsələyə yanaşılırdı.

“Amerika Birləşmiş Ştatları platformasında zaman-zaman ermənipərəst mövqelərin sərgiləndiyinə şahid olmuşuq. Bu vəziyyət Tramp hakimiyyətinə qədər belə olub. Üç həmsədr - Fransa, Rusiya, ABŞ həmsədrləri ATƏT-in Minsk qrupu tərəfində durublar. Ona görə bizim mövqe, vasitəçilərə ehtiyac duyulmadan problemin həll olunması idi və Azərbaycan Ermənistanı sülhə məcburetmə siyasəti çərçivəsində təzyiq prosesini davam etdirdi. Qazax rayonunun dörd kəndi işğaldan azad olundu. Digər məsələlər də həll olundu. İndi işlər yavaş-yavaş yekunlaşmağa doğru gedir”-deyən Elşad Musayev bildirib.

“Rusiyanın mövcud mövqeyi təxribatçı mövqedir. Rusiya bütün vasitələrlə bu bölgədə öz mövcudluğunu qoruyub saxlamaq istəyir. Bu səbəbdən də bu platforma Azərbaycana sərf etmirdi. Amerika Birləşmiş Ştatları ilə bağlı onu demək olar ki, Amerika Birləşmiş Ştatlarının Türkiyədə səfirinin bir mövqeyi vardı ki, “bu ərazi 100 illik Amerikaya verilsin”. Bu mövqe də bizə qane etmir. Amma əks mövqe varsa və Amerika Birləşmiş Ştatları bu bölgədə sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə, Ermənistana daha çox təzyiq etməlidir. Azərbaycan təkliflərini verib və Azərbaycan bu bölgədə sülhün olmasında maraqlıdır. Rusiya bu bölgədə öz hegemonluğunu qoruyub saxlamaqda maraqlıdır”-deyən deputat hesab edir ki, Amerika Birləşmiş Ştatlarının da, digərlərinin də öz maraqları var və bizim də öz maraqlarımız var.

Elşad Musayevin fikrincə, biz bölgədə qardaş Türkiyə ilə bir yerdə hərəkət etməliyik, çünki strateji müttəfiqimiz odur və bizim ailəmiz Türk dünyasıdır, Zəngəzur dəhlizinin açılması və digər məsələlər də ümumi işimizin lehinədir.


Geri qayıt