Əsas Səhifə > Ana xəbər / Güney Press > "Xaric oxuyan" diplomat
"Xaric oxuyan" diplomatBu gün, 06:36 |
İranın Ali Dini Liderinin beynəlxalq məsələlər üzrə müşaviri (vəzifəyə baxın da, siz Allah) Əli Əkbər Vilayəti deyib, biz ölməmişik ki, Tramp gəlib, burda dəhlizə nəzarət eləsin.Düz deyirsiniz, ağaye Vilayəti. Şükür Allaha, ölməmisiniz; Siz də, Ali Dini Lider də iyun bombardmanından salamat çıxmısınız. Növbətisinə Allah kərimdir. Allaha min şükür, ananız namaz üstündəymiş, veriləcək sədəqəniz varmış. Sizin və dini liderinizin saqqalından bir tük belə əskik olmadı, yoxsa əminəm, İsraili Yer üzündən silərdiniz. Sığındığınız zirzəmidən sağ-salim çıxıb, öz evlərinizə qayıtmısınız. Bu, böyük nailiyyətdir. B-2 bombardmançılarından vaxtında qaçıb xəlvətdə gizlənə bilmək axı hər Ayətullahın işi deyil. Bunkeriniz dərin olsun deyim, nə deyim?! Deyirsiniz, İran "Rusiya ilə birlikdə və ya təkbaşına" Zəngəzur dəhlizinin açılmasına mane olacaq. Hə, hə, təbii, təbii... Gördük, İran iki ay bundan əvvəl "Rusiya ilə birlikdə və ya təkbaşına" özünü bombalardan necə qorudu! Hamı görüdü. Zəngəzurda dəhlizi Amerikadan qorumazdan qabaq, heç olmasa, öz generallarınızın mənzillərini İsrailin raketlərindən qoruyun. Bir az zəhmət olacaq amma... Keçmişdə xarici işlər naziri olmuş ağaye Vilayəti, yenə "xaric" oxuyursunuz. Zəngəzur dəhlizinin açılmasını "Cənubi Qafqazın təhlükəsizliyinə təhdid" adlandırırsınız. Mən isə deyirəm: "Cənubi Qafqazı siz - İran "Rusiya ilə birlikdə və ya təkbaşına" təhdid etməyin, lütfən, narahat olnayın, hər şey yaxşı olacaq. Siz özünüz İranı təhdidlərdən qoruya bilmirsiniz, nə Rusiya ilə birlikdə, nə də təkbaşına. Bir də ki oxumuş, diplomatiyada saç ağardıb, saqqal uzatmış təcrübəli adamsınız, bu nə vəzifədir belə, oturmusunuz?! "Ali Dini Liderin beynəlxalq məsələlər üzrə müşaviri". Yox, bir dəvə! A kişi, yekə mollasınız, gedin özünüzə iş-peşə tapın. İrana Ali Dini Lider yox e, Ali Baş Komandan lazımdır. Dini lider hara, Silahlı Qüvvələrə əmr vermək hara?! Bu, nə sistem(sizlik)dir belə, qurub üstündə oturmusunuz və göydə bir yad raket görən kimi də, o saat qaçıb həmin "sistem"in altında gizlənirsiniz. Xalqı açıqda - nişangahda qoyub bunkerdə gizlənəndən komandan olar?! Azərbaycan 44 gün Qarabağda işğalçıya qarşı müharibə apardı, rus-erməni raketləri ölkə boyu göydə uçuşdu, bir kimsə qaçıb bunkerə, zirzəmiyə qapanmadı. Cəbrayılda, Hadrutda, Füzulidə, Şuşada... döyüşlər gedəndə, Azərbaycanın Ali Baş Komandanı öz rezidensiyasının bağçasında - açıq havada oturub, xarici jurnalistlərə müsahibəni müsahibə üstündən verirdi. Heç bir sığınacaq axtarmırdı. Dünyanın gözü önündə oturub, dünyanın müxtəlif dillərində vəziyyəti həmin o dünyaya izah edirdi. Amma sizinki... Nə isə. Dərinə getməyək. Müqayisənin özü ayıbdır. Gərək insan öz ayıbına kor olsun. Ağaye Vilayəti, Sizə bir təklifim var: yaxşı olar, üzü sulu ikən hakimiyyəti Məsud Przeşkiana təhvil verin, liderinizi də götürün, gedin, oturub çayınızı için, qəlyanınızı tüstülədin. Ya da nəvələrinizlə oynayın. Qazaxın keçmiş icra başçısı demişkən: "Camaatın ... ilə oynamayın". Əsəbləri ilə. Onsuz da nə dediyinizi edə bilirsiniz, nə etdiyinizi deyə bilirsiniz. Kor atı minib köndələn çapmaq İran siyasətçilərinin çoxdankı şakəridir. "Kor" dedim, "at" dedim. Bizdə bir məsəl var: "Axsaq atın kor nalbəndi". İranın Ali Dini Liderinin müşavirindən danışdığımız yerdə, bilmirəm, bu məsəl hardan gəlib yadıma düşdü! Heç hənanın yeridir?! Siz Allah, heç dəxli var?! Yəni dəxli var?! Qara Şəhərli, Bizimyol.info Geri qayıt |