Əsas Səhifə > Ana xəbər / Güney Press > Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü
Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdüBu gün, 10:05 |
Babək prospektində yerləşən “Şassi” avtomobil ehtiyat hissələri mağazasının qarşısında avtomobillərin parklanmasına nəzarət edən gənc iş yoldaşından xahiş edib ki, onun mobil telefonuna sosial şəbəkədən mahnılar yükləsin. Nəticədə iş yoldaşı onun maaş kartında olan 1000 manat pulu oğurlayıb.Bizimyol.info xəbər verir ki, oğurluqda təqsirləndirilən şəxs əməlini etiraf edir. O bildirib ki, avtomobil ehtiyat hissələri mağazasında mühafizəçi işləyib. Günün birində zərərçəkən iş yoldaşı ona yaxınlaşıb xahiş edib ki, sosial şəbəkədən mahnılar yükləməyə kömək eləsin. Mahnılar yukləyəndə telefonda onun adına olan “PaşaBank”a aid kart şəklini görüb. Telefonun sahibi kənarda olduğuna görə fürsətdən istifadə eləyib, kartın üstündəki 16 rəqəmi öz mobil telefonundan “misli.az”da “Cavid Abdullayev” adı ilə qeydiyyatdan keçdiyi hesaba daxil olub, orada mərc oyununa 1000 manat pul köçürüb. Daha sonra telefonu sahibinə qaytarıb. Zərərçəkmiş isə bir müddət sonra terminalda kartından 20 manat pul çıxarmaq istəyəndə görüb ki, kartında o qədər vəsait yoxdur. Bu zaman hesabını yoxlayıb, mobil tətbiqdən yoxlayanda görüb ki, onun pulu “misli.az”da mərc oyununa köçürülüb. Bundan sonra məsələnin araşdırılması üçün polis idarəsinə şikayət edib. Onun sözlərinə görə, telefonunu mahnı yükləməyə verəndə kart hesabında 1019 manat pul var idi. Zərərçəkmişə dəymiş ziyan sonradan tam ödənilib. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən bunu, həmçinin təqsirləndirilən şəxsin 2020-ci ildə Vətən müharibəsində iştirakını və “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Geri qayıt |