Əsas Səhifə > Ana xəbər / Güney Press > SEPAH-dan Qafqazda müharibə təhdidi

SEPAH-dan Qafqazda müharibə təhdidi


Bu gün, 09:10

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi kanallarında bu gecə Qafqazla bağlı açıq hərbi təhdid xarakterli iki paylaşım yayıb.

Musavat.com xəbər verir ki, paylaşımda İran və Rusiya əsgərlərinin təsviri fonunda Ermənistan xəritəsi, Zəngəzur dəhlizi və regiondakı strateji nəqliyyat xətləri əks olunub.

SEPAH-ın mesajı Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanan tarixi üçtərəfli Bəyanata birbaşa cavab kimi qiymətləndirilir. İran açıq şəkildə bəyan edir ki, Ermənistan–Azərbaycan sülh prosesinin irəliləməsi və “Tramp Yolu” layihəsinin reallaşması Tehranda ciddi narahatlıq doğurur.

Tehranın mesajında həmçinin Rusiya ilə birlikdə bölgəyə müdaxilə edəcəklərinə işarə var. SEPAH iddia edir ki, ABŞ və NATO-nun Cənubi Qafqazdakı təsiri təkcə İran üçün deyil, Moskva üçün də təhdiddir. Bu səbəbdən Kreml ehtimal ki, Ermənistanın tərəfində münaqişəyə qoşulacaq və Azərbaycan-Türkiyə tandemini hədəfə alacaq.

İran tərəfinin iddiasına görə, Ermənistan ABŞ-a ölkənin cənub hissəsindən – Zəngəzur bölgəsindən – 99 illik icarə müqaviləsi ilə torpaq verib və bununla NATO-nun Xəzər dənizinə keçid koridoru yaratmasına şərait yaradıb. SEPAH bunu İran-Ermənistan sərhədinin “pozulması” kimi təqdim edərək, hərbi ritorikanı daha da sərtləşdirib.

Regionda hərbi eskalasiya riskinin artdığı vurğulanır: Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik və Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyə ilə razılığa gəlməsi onun daxildə çevriliş və ya kütləvi iğtişaşlarla hakimiyyətdən uzaqlaşdırılması ehtimalını yüksəldir.

İran və Rusiya illərdir ki, Azərbaycan və Ermənistan arasında barışığın qarşısını almaq üçün bölgədə mövcud münaqişə ocağını qoruyub saxlamağa çalışır. Lakin Azərbaycanın 2020-ci ildən bəri qazandığı qəti qələbə Tehranın regiondakı təsir imkanlarını ciddi zəiflədib.

Hazırda həm Rusiya–Azərbaycan münasibətləri, həm də İran–Ermənistan–Azərbaycan üçbucağındakı gərginlik pik həddə çatıb. SEPAH-ın son təhdid xarakterli paylaşımları göstərir ki, Tehran “Tramp Yolu” layihəsini və Ağ Evdə imzalanan üçtərəfli Bəyanatı öz mövqelərinə ciddi zərbə kimi qəbul edir və buna qarşı sərt reaksiyaya hazırlaşır.

Musavat.com -un şərhi:

Aydındır ki, həm Prezident İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyan belə təhdidlərin olacağını, hətta müəyyən hərbi-siyasi fəaliyyətlərin reallaşacağını əvvəlcədən hesablayıblar və bu prosesdə İran faktorunu da Rusiya ilə birlikdə nəzərə alıblar. Bizim fikrimizcə bundan sonra əgər “qırmızı xətlər” mövzusunda hər hansı İran rəsmisi açıqlama verəcəksə, onun birbaşa ünvanı ABŞ Prezidenti Donald Tramp olacaq. Çünki Zəngəzur dəhlizi artıq “Trump yolu”dur. İstəsinlər, cəsarətləri çatırsa, Trampa qarşı çıxıb addım atsınlar və müharibəyə başlasınlar – bu halda qarşılarında və başlarının üstündə dərhal Trampın təyyarələrini və dronlarını görəcəklər.



Geri qayıt