Əsas Səhifə > Ana xəbər / Güney Press > Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır
Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınırBu gün, 08:43 |
Musavat.com xəbər verir ki, Özbəkistanda “Sea Breeze” layihəsinin Çarvak bölgəsində həyata keçirilməsi ölkə ictimaiyyəti və iqtisadi ekspertlər arasında ciddi suallar doğurub. Məsələnin ictimaiyyətə çatdırılmasında iqtisadçı Otabek Bakirovun çıxışları və yarımmüxalif Anhor.uz platformasının yayımladığı videolar mühüm rol oynayıb. İddialara görə, layihənin reallaşması üçün Emin Ağalarova 5 milyard dollar dəyərində kredit verilməsi, 577 hektar torpaq sahəsinin ayrılması, yolların, körpülərin və digər infrastrukturun isə dövlət büdcəsi hesabına tikilməsi nəzərdə tutulub. Ən çox tənqidə səbəb olan məqam isə odur ki, gəlir müəyyən faizlə Ağalarovlara çatacaq, ancaq mümkün risk və zərərlərin yükünü Özbəkistan dövləti daşıyacaq. Özbəkistandakı bir sıra ictimai xadimlər və media təmsilçiləri bu müqavilə modelini ədalətsiz hesab edirlər. Musavat.com-a görə bu cür iddiaların qaldırılması və yönləndirilməsi ədalətsizdir. Böyük ehtimalla, bu ajiotajın arxasında Rusiya dayanır. Çünki hazırda Kreml Azərbaycanla qarşıdurma mərhələsində ölkəmizə yaxın hər kəsi hədəfə götürüb. O cümlədən də “Crocus” şirkətlərinin sahibləri Ağalarovlar ciddi şəkildə hədəfdədirlər. Emin Ağalarov və onun Özbəkistan layihəsinə gəldikdə isə… Onun bu tip iri miqyaslı layihələri həyata keçirməkdə böyük təcrübəsi olduğu danılmaz faktdır. O, artıq Azərbaycanın Abşeron yarımadasında, Nardaran kəndi ərazisində 1500 hektardan çox sahədə yerləşən “Sea Breeze” istirahət kompleksi layihəsini uğurla icra etməkdədir. Bu zona Bakı üçün yalnız turizm deyil, həm də urbanizasiya və sosial infrastruktur baxımından mühüm bir cazibə mərkəzinə çevrilib. Musavat.com-a görə, Ağalarovların “Sea Breeze” brendi artıq təkcə Azərbaycanla məhdudlaşmır – Özbəkistandakı layihənin ardınca Türkiyənin Bodrum şəhərində də analoji turizm və yaşayış kompleksi layihəsi layihələndirmə mərhələsinə qədəm qoyub. Bu fakt, Ağalarovun artıq beynəlxalq miqyasda tanınan və tətbiq edilə bilən bir layihə modelinə sahib olduğunu göstərir. Bu baxımdan, Emin Ağalarovun Özbəkistandakı “Sea Breeze” layihəsinin öhdəsindən gələcəyi qənaəti reallığa uyğundur. Çünki bu iş adamı artıq Azərbaycan təcrübəsində sübut edib ki, turizm infrastrukturu qurmaq, əraziləri cazibədar məkana çevirmək və böyük layihələri sıfırdan inşa edib uğurla idarə etmək bacarığına malikdir. Gözləntilər ondan ibarətdir ki, Özbəkistan hökuməti bu layihə ilə bağlı şəffaflığı təmin edəcək, həm ictimaiyyəti, həm də investisiya mühitini razı salacaq balanslı model təqdim edəcək. Eyni zamanda, Özbəkistan mediası da kənar təsirlərdən çıxaraq, Azərbaycan əsilli iş adamına və Abşeron markası olan “Sea Breeze” layihəsinə obyektiv yanaşacaq. Geri qayıt |