Əsas Səhifə > Ana xəbər / Güney Press > Kremlin şantajları nə qədər davam edəcək?
Kremlin şantajları nə qədər davam edəcək?Bu gün, 08:46 |
Rusiyada bir sıra rəsmi şəxslər də daxil, ən müxtəlif səviyyədə Azərbaycana qarşı düşmənçilik ritorikası davam edir. Son vaxtlar ölkəmiz əleyhinə həm də yeni-yeni ittihamlar və hədələr səslənməkdədir. “Azərbaycanda Rusiya şəhərlərinin "adının dəyişdirilməsi" praktikası geniş yayılarsa, Rusiya Azərbaycandan gələn təyyarə və qatarları qəbul etməkdən imtina edə bilər". Artıq xəbər verdiyimiz kimi, bu təhdidi Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin səsləndirib. “Azərbaycanın qisas kimi həyata keçirmək qərarına gəldiyi Rusiya şəhərlərinin və coğrafi konsepsiyalarının adlarının dəyişdirilməsi ilə bağlı onlara uğurlar arzulayıram. Yeganə məsələ odur ki, bu vəziyyətdə onların indi qərar verdiyi kimi ora təyinat yeri yazılsa, Azərbaycandan qatar və təyyarələri çətin ki qəbul edə bilək”, - erməni yanlısı sərsəmləyib. Ardınca o iddia edib ki, guya “Rusiya indiki Azərbaycandan daha böyük tarixi köklərə və daha yetkin cəmiyyətə malik dövlət” olduğu üçün Azərbaycan mətbuatında Rusiya şəhərlərinin adlarının dəyişdirilməsinə Moskvanın “güzgü prinsipi” ilə cavab verməyəcəyinə ümid edir. Onun sözlərinə görə, “Stepanakert” həmişə “Stepanakert” olub: “Sovet dövründə 20-ci, 30-cu, 40-cı, 50-ci, 70-ci illərdə, Sovetlər İttifaqı dağılana qədər Stepanakert olub”. Zatulinin üzümüzə hava yolunu bağlamaq hədələrini necə qiymətləndirmək olar? Bu, rəsmi Moskvanın Bakıya mesajıdır, yoxsa zatıqırıq ermənipərəst deputatın boşboğazlığı? Xatırladaq ki, Bakı Rusiyanın rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılmasını ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirib. Bəyanatda deyilir: “Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılması Azərbaycana qarşı həqarət idi". Bu arada Rusiyanın əsas təbliğat ruporlarından olan “Moskovskiy Komsomolets” (MK) qəzeti daha irəli gedərək, Azərbaycanı nasist Almaniyası ilə müqayisə edib. Azərbaycanın hüquqi ərazisində sökülmüş qanunsuz Ayvazovski heykəli bəhanəsilə ölkəmizi heyrətamiz həyasızcasına Üçüncü Reyxlə eyni sıraya qoyub. Onu da qeyd edək ki, son baş verənlərin və hədələrin fonunda Rusiyada azərbaycanlı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb. Az öncə onun oğlu tutulmuşdu. Bəs bu təhdid və şantajlar daha nə qədər davam edəcək? Konkret olaraq, hava yolunun bağlanması diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxarmazmı? Rusiya bizdən nə istəyir? Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Rusiya şizofrenik hərəkətlərə yol verir. Onun fikrincə, son aylarda atılan addımlar Moskvanın əsl simasını yenidən üzə çıxardı: “Rusiya siyasətçiləri, Kremlə bağlı media resursları maskanı yırtıb atdılar və müttəfiqlik haqda nağılları kənara qoyub özləri olmağa başladılar. Rusiya bir daha göstərdi ki, onun dostu və müttəfiqi olmur, ya sözünə baxan olur, yəni vassalına çevrilir, ya da qarşısındakı ilə terror, təhdid dilində danışır. Çünki Rusiyanın yeganə müttəfiqi onun işğalçı ordusudur. Bu mənada Azərbaycanla imzalanmış Moskva sənədinə hörmət qoymadılar”. Politoloq hesab edir ki, əgər Rusiya imzasına hörmət etsəydi və müttəfiqliyi dəyərli saysaydı, Azərbaycanla düşmən kimi danışmazdılar: “Axı müttəfiqin təyyarəsini vurmazlar, olsa belə üzr istəyərlər, təzminat verərlər. Müttəfiqin şəhərinin adını ermənicə adlandırmazlar, deputatını deportasiya etməzlər, hava yolunu bağlamağa çağırışlar səsləndirməzlər, diaspor rəhbərlərini həbs etməzlər, işgəncə ilə adamları öldürməzlər. Bunların hamısını bizə qarşı ediblər və Rusiya bu gün də dayanmır, gərginliyi getdikcə artırır”. Q.Hüseynlinin sözlərinə görə, Zatulinin çağırışı məsuliyyətsizlikdir və hava yolunun bağlanacağı inandırıcı deyil: “Onsuz da hər həftə dron hücumlarına görə Rusiya aeroportları bağlanır. Bu ölkə artıq təhlükəsiz yer deyil. Bununla belə, uçuşlar var və düşünmürəm ki, belə bir qərar veriləcək. O halda, açıq bir diplomatik savaş başlana bilər. Sadəcə, belə bəyanatlar qeyri-ciddiliyin əlamətidir. Rusiya Azərbaycana təzyiq yolu ilə nələrisə diktə etməyi hesablayıbsa, yanlış yanaşmadır. Ona görə də münasibətlərin əvvəlki dövrünə qayıdışı üçün addımlar atılmalıdır və Bakının gözləntiləri var. Bunu etmədikdə gərginlik qalacaq”. Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya imperiyasının mövcud olduğu illərdə yaşamış erməniəsilli rəssam İvan Ayvazovskinin Qarabağa aidiyyəti yoxdur: “Ayvazovski Krımda anadan olub, orada da vəfat edib. Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən bir il sonra, yəni 2021-ci ildə işğal altındakı Xocalının ərazisində tələm-tələsik "Rusiya Şöhrət xiyabanı" yaratdılar və orada Azərbaycana aidiyyəti olmayan şəxslərin heykəllərini qoydular. Rusiya hərbçilərinə kim səlahiyyət vermişdi ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoysunlar? Bu, Kremlin təxribatı idi, bununla Bakıya dolayı mesaj vermişdilər ki, bölgədən çıxmayacaqlar. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra vəziyyət dəyişdi, bölgədə nə rus hərbçiləri, nə də onların büstləri qaldı, yerdə qalanlar da təmizlənmək üzrədir". Onun fikrincə, Azərbaycana qarşı qara təbliğatın başında yenə rusiyalı deputat Zatulin dayanıb, ümumi xora digərləri də qoşulub: “Azərbaycan əleyhinə yayımladıqları xəbərlərdə Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələrin həvalə olunması barədə imzaladığı fərmana da "ilişiblər". Rusiyadakı şovinistlər bu fərmana da siyasi don geyindirməyə çalışıblar. Hər bir dövlətin öz dilini təkmillləşdirmək hüququ var. Rusiyanın imperiya siyasəti bunu qəbul etmək istəmir. Hazırda rus şovinizmi ilə mübarizədəyik, geriyə yol yoxdur, Azərbaycan dilinin ölkə ərazisinin hər yerində tətbiqinə nail olmalıyıq". Geri qayıt |