Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar"
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar"Bu gün, 06:55 |
Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökulməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırış edib.Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ən yaxın hərbi siyasi tariximizdə biz bir neçə ibrətamiz hadisələrə şahidlik etdik. “Onlardan biri Azərbaycan torpaqlarında zorakılıqla gəlib məskunlaşmış bir erməninin torpaqlarımızı qorxaqcasına tərk edərkən özüylə unitaz aparmaq hadisəsi idi. Digəri Azərbaycana gələn Rusiya sülhməramlılarının özləri ilə heykəl gətirməsi… Belə ki, biri məişət səviyyəsində olduqca eybəcər bir təzahürü idi, digəri isə hərbi siyasi səviyyədə tarixin ən eybəcər təzahürlərindən biri idi. Heç bir sülhməramlı başqa ölkəyə gedərkən özündən heykəl aparmır və sonra da bu heykəlin nədən götürüldüyünün davasını eləmir. Çox təəssüf ki, bu eybəcər təzahürlərə Rusiya kimi böyük dövlətin rəsmi dövlət agentliyi də reaksiya verir. Rusiya prezidentinin köməkçiləri reaksiya verir və guya mədəniyyət hadisəsi kimi qəbul edilməli olan bir məsələnin arxasında gizlənərək Azərbaycanı ittiham edirlər. Ancaq nə unitaza aparmağın, nə də qoltuğunda heykəl gətirməyin mədəniyyətlə heç bir əlaqəsi yoxdur”-deyən deputat hesab edir ki, doğrudanda Rusiyada belə mədəniyyət təəssübkeşləri varsa, o zaman onlar güllələnmiş Azərbaycan heykəllərinə reaksiya bildirsinlər. “Öz vətənində, öz torpağında böyük mədəniyyət yaradan, böyük bir musiqi yaradan, Natəvanın, Üzeyir Hacıbəyovun heykəllərinin ermənilər tərəfindən güllələnməsinə reaksiya versinlər. Əgər mədəniyyət axtarmaq istəyirlərsə, Bakıda gəlib görsünlər ki, Puşkin, Lermantov, Tolstoy və digər həqiqətən mədəniyyət yaratmış və rus mədəniyyətinə xidmət etmiş böyük şəxsiyyətlərin adına necə küçələr var, necə prospektlər var. Mixail Şvıdkoyun Ayvazovskinin heykəlinin isə Azərbaycana heç bir aidiyyatı yoxdur. Ona görə də görünür əvvəllər Azərbaycana gətirilərkən Rusiyanın hərbi siyasi dairələri bir növ dırnaq arası uzaqgörənlik ediblərmiş ki, sabah bu heykəl mütləq götürüləcək. Və bunun ətrafında son ümidlə yenidən Azərbaycanı ittiham etmək üçün bir əsas yaranacaq. Məsələ bu qədər sadə; şüşə qapısı olan, evdə oturan, heç vaxt dəmir qapısı olan evə daş atmamalıdır. Çünki dəmir qapılı evdə oturan da çıxar, bir gün şüşə qapıya daş atar, bu qapı sınar. Türk mədəniyyəti və türk torpaqları üzərində bərqərar olmuş Rusiya Federasiyasının bu cür davranışları təhlükəlidir. Çünki hələ də bu federasiyanın qapısı şüşədir. Bizim mədəniyyətimizin və tariximizin qapısı isə dəmir qapı Dərbənddir. Bir gün dəmir qapı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar. Ona görə yaxşı olar ki, ruslar bu cür əsassız itihamlardan əl çəksinlər”-deyə deputat bildirib. Geri qayıt |