Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan və Avropa İttifaqı: diplomatik illüziyadan strateji realizmə doğru

Azərbaycan və Avropa İttifaqı: diplomatik illüziyadan strateji realizmə doğru


Bu gün, 10:18

XXI əsrin xarici siyasət arxitekturasında Azərbaycan artıq geosiyasi proseslərin obyekti yox, subyektidir. Son altı ay bunun aydın sübutudur. 2025-ci ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 24,2 faiz artıb. Bu təkcə iqtisadi göstərici yox, həm də Avropa İttifaqının fakt qarşısında qaldığını təsdiqləyən siyasi reallıqdır. Azərbaycanla strateji tərəfdaşlıq olmadan Aİ-nin enerji, infrastruktur və geosiyasi dayanıqlılıq sahəsindəki ambisiyaları təhlükə altındadır.

Uzun illər Aİ-nin Bakıya münasibəti ideoloji çərçivədə qurulurdu: əvvəl “dəyərlərə” uyğunluq, sonra əməkdaşlıq. Lakin 2022-ci ildə Rusiyadan qaz asılılığının kəsilməsi fonunda yaranan enerji böhranı Brüsseli kursunu dəyişməyə vadar etdi. 2024-cü ilə gəldikdə isə Azərbaycan Aİ-yə OPEK-ə daxil olmayan ölkələr arasında Norveçdən sonra ikinci ən iri qaz təchizatçısına çevrildi. 2023-cü ildə Avropaya 13 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da əvvəlki illə müqayisədə 9,5 faiz artım deməkdir. Hədəf dəyişməyib - 2027-ci ilə qədər bu rəqəm 20 milyard kubmetrə çatdırılmalıdır.

2025-ci ilin martında Brüsseldə keçirilən nazirlər forumunda çıxış edən Aİ-nin energetika üzrə komissarı Kadri Simson açıq şəkildə bildirdi: “Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Biz Cənub Qaz Dəhlizi vasitəsilə təchizatın diversifikasiyasına ümid edirik”. Bu bəyanat artıq diplomatik jest deyil, Avropanın Cənubi Qafqaza enerji asılılığının rəsmi etirafı idi.

Aİ-nin xarici siyasət xidməti rəhbəri Kaya Kallasın 2025-ci ilin aprelində Azərbaycana səfəri siyasi dönüş nöqtəsi oldu. Onun “Azərbaycanın Cənubi Qafqazda açar rol oynaması” ilə bağlı bəyanatı sammit zalında yox, Avropa parlamentarilərinin bir neçə ay əvvəl “avtoritarizm” və “azlıqların hüquqlarının pozulması” ilə ittiham etdiyi ölkənin paytaxtında səsləndi.

Ən önəmlisi isə odur ki, bu səfər zamanı nə Kallas, nə də nümayəndə heyətinin digər üzvləri Azərbaycanın ünvanına tənqidi açıqlamalar vermədi - nə Qarabağ mövzusunda, nə də daxili siyasətlə bağlı. Bu, misilsiz hadisədir. Xüsusilə də 2024-cü ilin oktyabrında Avropa Parlamentinin “müxalifətin təqibi” və “QHT-lərin hüquqlarının pozulması” kimi marazmatik suçlamaların yer aldığı sərt qətnaməni nəzərə alsaq. Kontrast açıqdır: Brüssel ritorikadan imtina etmir, lakin bu ritorikanı əməli addımlarla müşayiət etməyi dayandırır.

Bəs yaxşı, nə dəyişdi? Azərbaycan heç bir güzəştə getmədi. Əksinə, 2023-cü ildə, bütün təzyiqlərə baxmayaraq, ölkənin bütün ərazisi, o cümlədən Qarabağ üzərində suveren nəzarətini bərpa etdi. 2024-cü ildə isə Bakı, Aİ tərəfindən təklif olunan və suverenlik məhdudiyyətləri yaradan bir neçə hüquqi sənədin ratifikasiyasından imtina etdi.

Bununla yanaşı, Azərbaycan regional inteqrasiyanı gücləndirdi: Gürcüstan, Qazaxıstan və Özbəkistanla nəqliyyat-loqistika sahəsində əməkdaşlıq dərinləşdirildi, Türkiyə ilə yeni sazişlər imzalandı, İƏT, Ərəb Dövlətləri Liqası və hətta BRİKS ölkələri ilə diplomatik təmaslar aktivləşdirildi. Bütün bunlar Bakıya beynəlxalq danışıqlarda yeni çəkidə mövqe qazandırdı.

Suverenlik müzakirə mövzusu deyil. Biz əməkdaşlığa açığıq, lakin yalnız qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında.

Cəmi bir həftə sonra Avropa Şurasının rəhbəri Antoniu Koşta AİP 2028 sammitinin Bakıda keçiriləcəyini elan etdi. Bu artıq diplomatiya yox, geosiyasi reallıqdır.

Avropa İttifaqı öz passivliyinin qurbanına çevrildi. Enerji keçidi davam edir, lakin təchizat marşrutlarının etibarlılığı əsas məsələ olaraq qalır - qaz, hidrogen və nadir torpaq elementləri üçün. 2024-cü ildə Qırmızı dənizdə böhran və husilərin tankerlərə hücumu göstərdi ki, ən təhlükəsiz marşrut Xəzər və Cənubi Qafqaz üzərindən keçir. Lakin Aİ bu reallığa cavab verə bilmir.

Azərbaycan Bakı limanının modernizasiyasına, TANAP-ın genişləndirilməsinə və yeni logistika qovşaqlarının qurulmasına 2 milyard dollardan çox sərmayə yatırıb. Amma Avropa tərəfi hələ də addım atmır. Avropa İnvestisiya Bankı 2022-ci ildən imzalanan sazişlərə baxmayaraq, TAP-ın genişləndirilməsi və Bolqarıstanda enerji şəbəkələrinin modernizasiyasını maliyyələşdirməyib.

Aİ hələ də uzunmüddətli qaz müqavilələrinin 2049-cu ildən sonra qüvvədə qalmasına etiraz edir - Bakı isə bu şərti qeyri-real hesab edir. Prezident İlham Əliyev 2025-ci ilin aprelində açıq xəbərdarlıq etdi: “Əgər Brüssel baryerləri aradan qaldırmasa, biz digər bazarlara yönələcəyik. Şərq gözləyir”.

Hazırda müzakirə olunan ən mühüm geo-iqtisadi layihələrdən biri Transxəzər qaz kəmərinin yenidən gündəmə gəlməsidir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfərində Aşqabadın Cənub Qaz Dəhlizinə qoşulması məsələsi müzakirə olunub. Bu, Aİ-yə Rusiya və İranı keçmədən türkmən qazına çıxış imkanı verəcək. Amma bu layihə Aİ-dən siyasi iradə tələb edir.

Türkmənistan artıq siqnal verib - Aşqabad hazırdır. Sual Avropanın nə qədər hazır olmasındadır. Hələlik isə Brüsseldə strateji apatiya hökm sürür: prioritet Qətər və ABŞ-dən mayeləşdirilmiş qazın alınmasına verilir, baxmayaraq ki, bu, həm bahalı, həm də risklidir.

Əgər 2025-ci ilin sonuna qədər Brüssel Transxəzər layihəsinin maliyyələşdirilməsi ilə bağlı qərar verməzsə, bu layihə Çin və ya Türkiyənin iştirakı ilə, lakin Avropasız reallaşdırıla bilər. Və o zaman Aİ Mərkəzi Asiyada təsir imkanlarını tamamilə itirəcək.

Baş verənlərin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan Avropa geosiyasi sisteminə xahiş edən yox, bərabərhüquqlu tərəfdaş kimi daxil olur. O, Aİ-yə üzvlük tələb etmir, heç bir formata daxil olmağa çalışmır - gündəmi özü diktə edir: enerji, logistika və regional sabitlik üzərində nəzarət vasitəsilə.

Yeni dövrün əsas qaydası budur: ölkənin geosiyasi çəkisi onun “Brüssel resepti” ilə neçə islahat keçirməsinə görə deyil, Avropa üçün nə qədər əvəzolunmaz olduğuna görə ölçülür. Azərbaycan bunu sübut etdi.

Cavab sadədir: hər il Avropa İttifaqının manevr imkanları azalır. 2022-ci ildən bu yana Rusiya qazının idxalı 80 faiz azaldığı üçün Aİ adi diversifikasiya imkanlarını itirib. Norveç maksimal rejimdə işləyir, Əlcəzairin imkanları məhduddur, Liviya qeyri-sabitdir, ABŞ-dən gələn qaz rekord dərəcədə bahadır, Qətərdən gələn qaz isə Fars körfəzi və Süveyş kanalı kimi riskli zonalardan keçir.

Beynəlxalq Enerji Agentliyinin 2025-ci ilin martında yaydığı hesabatda bildirilir ki, 2030-cu ilə qədər Avropada təbii qaz tələbatı illik 380 milyard kubmetr səviyyəsində qalacaq. Bu tələbatın yalnız 40 faizi daxili və stabil mənbələr hesabına ödənilə bilər. Qalan hissə - problemdir. Və bu problemin həlli getdikcə bir sözlə ifadə olunur: Azərbaycan.

Cənub Qaz Dəhlizi (CQD), TANAP və TAP layihələrindən ibarət olmaqla, Avropanın enerji təhlükəsizliyinin təməl daşı kimi çıxış edir. Ümumi uzunluğu 3 500 kilometri keçən bu sistem Xəzər dənizini Cənubi və Mərkəzi Avropa ilə birləşdirir. TANAP-ın (Türkiyə ərazisində) uzunluğu 1 850 km, TAP-ın (Yunanıstan, Albaniya, İtaliya üzrə) isə 878 km-dir. Bu boru kəmərləri artıq İtaliya, Bolqarıstan, Yunanıstan və Albaniyaya qaz nəqlini təmin edir. 2024-cü ildən etibarən Macarıstana və Slovakiyaya da sınaq məqsədli tədarüklərə start verilib.

SOCAR-ın 2024-cü il üzrə açıqladığı rəqəmlərə əsasən İtaliyaya 8,6 milyard kubmetr, Yunanıstana 1,5 milyard kubmetr, Bolqarıstana 1,3 milyard kubmetr qaz ixrac olunub.

2025-ci il üçün TANAP-ın illik ötürücülük gücünün 24 milyard kubmetrə çatdırılması planlaşdırılıb. Fəqət TAP-ın genişləndirilməsi Avropa İttifaqının birgə maliyyələşdirməsini tələb edir - əks halda İtaliya istiqamətindəki “boğaz effekti” bütün sistemin effektivliyini azaldacaq.

Bu gün Azərbaycan elə bir siyasi rasionalizm nümayiş etdirir ki, bu, Aİ daxilində bir çox qurumlarda çatışmır. Avropa Parlamentində hüquq müdafiə təşkilatlarının növbəti hesabatı müzakirə olunduğu vaxtda, real siyasətdə əsas prioritet - sağ qalmaq və sabitlikdir. Bu sahədə isə Bakının konkret strategiyası var.

Birincisi, Azərbaycan çoxşaxəli siyasətə üstünlük verir. Nə Şərqdə, nə də Qərbdə qapanmayan Bakı Türkiyə, Mərkəzi Asiya, ərəb dünyası, İƏT və türk dövlətləri ilə üfüqi əlaqələr qurur.

İkincisi, ölkə siyasi tərəfdaşlıq ilə ideoloji təzyiq arasında aydın sərhəd çəkir. Bu baxımdan Bakı, hətta özündən daha böyük dövlətlərə belə diplomatik dərs verir.

Azərbaycan postsovet məkanında nə Avrasiya İqtisadi İttifaqına, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulan yeganə dövlətdir ki, eyni zamanda Rusiya ilə normal münasibətləri qoruyub saxlayır. NATO-ya üzv deyil, amma “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edir. Aİ-yə daxil olmaq niyyətində deyil, lakin Avropa Siyasi İcmasının sammitinə ev sahibliyi edir. Bu balans təsadüfi deyil - bu, məqsədyönlü və düşünülmüş geosiyasi kursun nəticəsidir.

Bütün bu reallıqlar fonunda Aİ-nin mövqeyi ziddiyyətli görünür. Bir tərəfdən, avropalı diplomatlar və texnokratlar açıq etiraf edirlər ki, Azərbaycan kritik əhəmiyyətli tərəfdaşdır. Digər tərəfdən isə, xüsusən Fransa və Benilüks ölkələrindən olan bəzi siyasətçilər və bürokratlar anti-Azərbaycan ritorikasını davam etdirirlər.

Məhz buna görə Avropa Parlamentində tez-tez Azərbaycanın “avtoritarizm”, “media azadlığının boğulması” və “vətəndaş cəmiyyətinə təzyiq”lə ittiham olunduğu qətnamələr qəbul edilir. Bu sənədlər hüquqi gücə malik olmasa da, Aİ Şurası və Avropa Komissiyasının qərarlarına təsir göstərir, ümumi siyasi fonu zəhərləyir və infrastruktur layihələrinin inkişafına mane olur.

Ən parlaq nümunə - Fransadır. Prezident Emmanuel Makron 2022–2024-cü illərdə Avropa Siyasi İcması təşəbbüsünün müəllifi olsa da, ardıcıl şəkildə Ermənistanı dəstəkləyib və Bakıya qarşı açıq siyasi hücumlar həyata keçirib. Lakin indi o belə başa düşür ki, Azərbaycan olmadan onun təşəbbüsü sadəcə formal akt olacaq. 2028-ci il Avropa Siyasi İcması sammitinin Bakıda keçirilməsi qərarı da bu reallığın açıq etirafıdır.

2025–2028-ci illər üçün mümkün ssenarilərə nəzər salaq:

1. TANAP və TAP layihələrinin Avropa İttifaqı və Avropa İnvestisiya Bankının texniki dəstəyi ilə genişləndirilməsi.

2. Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması - bunun üçün Transxəzər boru kəmərinin inşası.

3. “Yaşıl enerji dəhlizi”nin inkişafı - Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan xətti ilə Avropaya Azərbaycan elektrik enerjisinin ixracı (Green Energy Corridor layihəsi).

4. Orta Dəhliz çərçivəsində loqistik əlaqələrin dərinləşdirilməsi - Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin iştirakı ilə.

5. Aİ ilə koordinasiyada Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında enerji və nəqliyyat alyansının təşəkkül tapması.

Bu gün Azərbaycan Avrasiyanın yeni siyasi-iqtisadi arxitekturasının konturlarını formalaşdırır. Artıq “bölgələr arasında yerləşən ölkə” yox, Avropa İttifaqı, Mərkəzi Asiya və Yaxın Şərq arasında mərkəzi qovşağa çevrilir.

Bəhs etdiyimiz uğur xarici rəğbətin deyil, strateji uzaqgörənliyin və ustalığın nəticəsidir. Azərbaycan coğrafiyasını geosiyasətə, enerji resurslarını siyasi təsirə, müstəqilliyini isə hörmətə çevirə bildi.

Köhnə geosiyasi paradiqmalar dağıldığı bir dövrdə gələcək dünya nizamının məntiqini məhz Azərbaycan kimi dövlətlər müəyyən edəcək - çoxqütblü, praqmatik və maraqlara əsaslanan bir düzən. Avropa artıq bunu anlayıb. Qalanlara isə bu reallığı dərk etmək hələ qarşıdadır.

Elçin Alıoğlu - Trend

Geri qayıt