Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan və Türkiyənin güclənən hərbi sənayesi türk dünyasının təhlkəsizliyinə nə vəd edir?
Azərbaycan və Türkiyənin güclənən hərbi sənayesi türk dünyasının təhlkəsizliyinə nə vəd edir?Bu gün, 10:15 |
Türkiyə IDEF 2025 sərgisində yerli istehsal nümunəsi olan yeni silah-sursat və hərbi texnalogiyalar təqdim edib. Qardaş Türkiyənin nümayiş etdirdiyi “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4” ballistik raketi və “HAYALET-2” bunker bombası bütün dünyada böyük marağa səbəb olub. Ümumiyyətlə, son illər həm Türkiyə, həm də Azərbaycan öz hərbi sənayesini gücləndirməkdə və daha da şaxələndirməkdədir ki, bu da hər iki türk dövlətinin artan müdafiə gücündən xəbər verir. Türkiyə və Azərbaycanın müdafiə sənayesinin sürətli inkişafı onların hərbi təchizat baxımından xarici dövlətlərdən asılılığını kəskin azaldır, onlara öz müdafiələrini daxili resursları hesabına formalaşdırmağa imkan verir. Azərbaycan və Türkiyənin hərbi məhsullar idxal edən ölkədən bu məhsulların ixracatçısına çevrilməsi hər iki ölkəyə əlavə valyuta axınını da təmin etməkdədir. Bu isə artan iqtisadi güc, etibarlı maliyyə qalxanı deməkdir. Azərbaycan və Türkiyənin hərbi sənaye imkanlarını genişləndirməsini önəmli edən amil bu tendensiyanın yalnız adıçəkilən ölklərin müdafiə və təhlükəsizlik qabiliyyətini artırması ilə bağlı deyil. Bu tendensiyanı əhəmiyyətli edən digər bir amil baş verənlərin ümumilikdə bütün türk dünyasının gücünə güc qatması, digər türk respublikalarının da müdafiə və təhlükəsizliyini dolayısı ilə gücləndirməsidir. Bu prosesin necə baş verdiyini anlamaq üçün sadəcə iki məqama diqqət yetirmək kifayətdir. Milli hərbi sənayenin inkişafında tərəqqi dövrünü yaşayan Azərbaycan və Türkiyənin digər türk dövlətləri ilə bütün ahələr kimi hərbi sahədə də əməkdaşlıq əlaqələri mövcuddur. Bu isə o deməkdir ki, digər türk ölkələri də Azərbaycan və Türkiyənin genişlənməkdə olan hərbi sənayesindən, müdafiə imkanlarından yararlanmaq, öz hərbi sənayelərini inkişaf etdirmək imkanı qazanır. Bundan başqa, həm Azərbaycan, həm də Türkiyə daim türk dünyasının təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşıb, öz xalqlarının dincliyini, əmin-amanlığını digər türk xalqlarının dinclik və rifahı ilə birlikdə təsəvvür edib, prosesləri məhz bu kontekdə dəyərləndirib. Odur ki, Azərbaycan və Türkiyənin artan hərbi qüdrəti, həm də bütün türk dünyasının artan qüdrəti, çoxalan gücü deməkdir. Azərbaycan və Türkiyənin hərbi sənayesində baş verən sürətli inkişaf onu deməyə əsas verir ki, yaxın illərdə nəinki hər iki ölkə özünün hərbi məhsullara olan tələbatını demək olar ki, tamamilə ödəyəcək, eyni zamanda bütün dünyanın ən böyük silah ixracatçılarından birinə çevriləcək. Bu isə daha böyük güc, daha çox maliyyə, daha təhlükəsiz həyat deməkdir. Seymur ƏLİYEV - moderator.az Geri qayıt |