Əsas Səhifə > Ana xəbər / Güney Press > SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki…

SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki…


Bu gün, 01:01

Musavat.com xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu – SEPAH yenidən Azərbaycana qarşı düşmənçilik ruhunda açıqlama ilə çıxış edib. Tehranın radikal hərbi strukturunun yaydığı son bəyanatda Azərbaycan “Netanyahunun imperiyasına Xəzər qazı və nefti ilə dəstək verməkdə” ittiham olunur.

SEPAH paylaşımında bildirilir ki, “Bakı rejimi, İran və Rusiya oyundankənar qaldığı bir dövrdə, Xəzər dənizinin əsas enerji istehsalçısına çevrilib. Günlük 650 min barel neft və illik 38 milyard kubmetr qaz hasil edən Azərbaycan, sionist rejimə enerji dəhlizi açıb, onu və müttəfiqlərini təmin etməyi planlaşdırır”.

Böhtan xarakterli bu cür iddialar isə əslində Tehran rejiminin son zamanlar yaşadığı daxili və xarici uğursuzluqların yeni bir “səbəbkar” üzərində yönləndirilməsi cəhdidir. SEPAH yenə özünün hərbi zəifliyini, hava hücumundan müdafiə sistemlərinin fəaliyyətsizliyini, İsrailin və ABŞ-ın zərbələri qarşısında acizliyini ört-basdır etmək üçün Azərbaycanı hədəf seçib.

Bundan əvvəl bu qurum Azərbaycanın İsrail dronlarının “qalxış nöqtəsi” olduğu barədə uydurmalar irəli sürdü. Həm də bunu prezident Məsud Pezeşkianın Laçın, Xankəndi və Şuşaya səfər etdiyi, Azərbaycan Prezidenti ilə dostcasına və mehriban müzakirələr apardığı bir dövrdə səsləndirdi. Həmin görüşlər zamanı İran prezidenti isə rəsmi şəkildə bildirdi ki, “Azərbaycan ərazisindən heç zaman İran əleyhinə fəaliyyətə icazə verilməyib və verilmir”.

Ancaq görünür, bu cür konstruktiv münasibətlər molla rejiminin fars-mərkəzçi SEPAH qanadına sərf etmir. Onlar Azərbaycanı İran ictimai rəyinə düşmən kimi təqdim etməyə, ölkəmizi “İsrailin maşası” kimi göstərməyə çalışır və bununla da həm daxili təzyiqləri yayındırır, həm də bölgədə sülhü pozmağa yönəlmiş fitnəkar fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan isə bütün bu təxribatlara rəğmən, qonşuluq prinsiplərinə sadiqdir. Rəsmi Bakı İran ərazisindən Azərbaycana dost münasibət gözləyir, özü də Tehran istiqamətində daim eyni dəyərlərlə hərəkət edir. Müharibə dövrlərində belə, Azərbaycan rəhbərliyi Güney Azərbaycanın Təbriz, Ərdəbil və digər şəhərlərinin mühafizəsini, mülki əhalinin təhlükəsizliyini nəzərə alıb və Azərbaycan Prezidenti iki dəfə İsrail rəhbərliyindən tələb edib ki, Azərbaycan şəhərləri vurulmasın. İsrailin bombardıman hərəkətləri isə açıq dillə pislənib.

SEPAH bu siyasətlə İranı bütün qonşularından təcrid edir. Necə ki, əslində İran özünü bütün dünyadan təcrid edib, ölkə əhalisini zülm və ehtiyac girdabına salıb; planetin ən qüdrətli gücləri ilə savaş halındadır və bütün bunlar teokratik rejimə yaxşı gələcək vəd etmir.

SEPAH isə ötən ay İsraillə baş verən toqquşmada ölkədə və dünyada biabır oldu. Bu zamanlar Azərbaycana bayraq silkələyən rəhbəri Səlami və bütün generalitet yatdıqları yerdə – çarpayılarında vuruldular. İranın hərbi elitası gizlənməyə siçan dəliyi axtarırdı. İndi müvəqqəti rahata çıxıblar və dərhal da Azərbaycanı hədəfə alıblar.

Lakin bu cür primitiv texnologiyalar, hədəf göstərmələr, şantaj və sabotajlarla Azərbaycana heç nə edə bilməyəcəklər. Bu cür gerizəkalı davranışla ən böyük pisliyi İrana edirlər. Nə qədər ki, SEPAH var və onun dostu düşmən eləmək siyasəti aktualdır, o qədər İran kiçiləcək və köməksiz qalacaq. İran üçün günah keçisi lazım idisə, göstərilə bilərik – SEPAH!


Geri qayıt