Əsas Səhifə > Ana xəbər / Güney Press > Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi?

Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi?


Dünən, 09:12

Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin ləğvi tendensiyaya çevrilməkdədir. Artıq ölkəboyu rayonlar bir-bir bu qərarı qəbul etməyə başlayıblar.

Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı deyilir.

Artıq çay süfrəsindən başqa ehsan verilməməsi tövsiyə olunur. Qeyd edək ki, ehsan verilməməsi barədə məsələ tövsiyə xarakterlidir və bəzi insanlar bu tövsiyələrə əməl etmir. Məsələ cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmasa da, əsas məqsəd israfçılığın qarşısını almaq və yas mərasimlərini daha sadə formada keçirməkdir.

Rayonlarda ehsan verilməməsi ilə bağlı tövsiyələr bu gedişatla ölkə üzrə vahid və rəsmi qərara çevrilə bilər. İndi əsas məsələ bu qadağanın paytaxt Bakıda da tətbiqinə nail olmaqdır. Modern.az-ın məlumatına görə, tezliklə bütün rayonlarda ehsan süfrələrinin verilməsinin dayandırılması gözlənilir. Artıq bu barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Qafqaz Müsəlmanları İdarəsi bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, iddia olunurdu ki, ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik edilməsi Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub. Bu baxımdan qərarın bu günədək icrasız qalmasında QMİ sədrini günahlandıranlar da var. Qeyd edək ki, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir. Sirr deyil ki, Bakıda ən dəbdəbəli yas mərasimləri QMİ-nin nəzarətində olan mərasim zallarında baş tutur. Əsasən də vəzifəli şəxslərin, onların yaxınlarının, imkanlı və nüfuzlu şəxslərin yas mərasimləri. Heç bir kasıb və imkansız adam bu məscidlərin mərasim zallarında yas mərasimi təşkil edə bilməz. Bildirilir ki, məhz paytaxtda bu qadağanın işləməsinin mühüm təsiri ola bilərdi. Dinimizdə yas məclisi anlayışı yoxdur və israfçılıq açıq şəkildə günah sayılır. İslama görə, insanların vəfatından sonra sadə və təvazökar mərasimlər keçirilməli, bu zaman yalnız yaxınların dəstəyi və dua ilə yetinilməlidir. Məclislərdə lüksə qaçmaq əslində dinin təlimlərinə ziddir. Çünki məqsəd mərhumun ailəsinə yardım etmək və mənəvi dəstək göstərməkdir.

Bəs bu minvalla bütün ölkə üzrə ehsan verilməsinin yığışdırılması mümkündürmü? Ehsanın tamamilə ləğvi yaxşı haldırmı? İslam dini “qızıl orta” olaraq hansı variantı tövsiyə edir?

Mövzu ilə bağlı dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, İslamda dünyadan köçən insan üçün ehsan süfrəsi ilə bağlı hökm və ya qadağa yoxdur: “Dünyadan köçən insan üçün bir neçə vacib iş var, onu da ilk gün edirlər. Bu, sadəcə, başsağlığı üçün gələnlərə ev sahibinin qonaqpərvərlik adətidir, hər ölkədə və bölgədə fərqlidir. Yəni bununla bağlı standart konsepsiya yoxdur. Sadəcə, bizim ölkədə yemək süfrələri açılması və bu məsələdə ifrata varılması insanlarda narahatlıq doğurub. Bununla bağlı çağırışlar edilib. Əslində problem elə Bakıdadır, çünki Bakıda yas mərasimləri bir mənada biznes sahəsinə çevrilib, bir də insanların mədəniyyət və mənəviyyat göstəricisi mühümdür. Yəni biri çox varlıdır, dünyadan köçən yaxını üçün ehsan süfrələri verə, yol çəkdirə, hətta daha bahalı xeyirxahlıq işi görə bilər. Bir başqası isə daha kasibdirsa, bunu etməyə məcbur deyil. Yəni bu bir mənada xalqın ənənələrindən qaynaqlanır. Əlbəttə, biz məsələn, yoldan gələn qonağa ilk növbədə çay təklif edirik, yemək zamanıdır və qonaq uzaqdan gəlib, ya da çox oturursa, ona yemək də təklif edilir. Bizim yas adətləri məhz bu mədəniyyətdən doğub, başsağlığına gələn insana çay, yemək, şirniyyat təklif olunub. Ancaq hər sahədə olduğu kimi burada da zamanla əndazə aşılıb, israfçılıq baş alıb gedir. Amma bu, dini məsələdən çox sosial və məişət məsələsidir. Tədricən aradan qalxmalıdır və qalxacaq da”.

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd edib ki, ehsan mərasimlərini inzibati resurslarla yox, şəxsi nümunə ilə dəyişmək olar: “Bu məsələ Azərbaycanda artıq uzun illərdir ki, müzakirə olunur. Hətta bir vaxtlar inzibati resurslar vasitəsilə ehsan mərasimlərinin məhdudlaşdırılmasına cəhd göstərildi. Bələdiyyələr, sahə müvəkkilləri və rayon icra hakimiyyətləri bu prosesə cəlb edildi, müxtəlif cərimələr tətbiq olunmağa çalışıldı. Məqsəd o idi ki, yalnız yüngül ehsanlar - yəni yas sahibini əziyyətə və xərcə salmayan çay süfrəsi, xurma, şirniyyat kimi təqdimatlar təşkil olunsun.

Lakin bu baş tutmadı. Çünki cəmiyyətimizdə uzun illərdir formalaşmış bir ənənə var: hər kəs öz cənazəsi üçün son borc olaraq yaxşı ehsan vermək istəyir və bunu özü üçün mənəvi bir öhdəlik kimi görür. Təəssüf ki, bu istək bəzən ifrat həddə çatır. Yas sahibi artıq hüzrdən çox, ət, kartof, yağ dalınca qaçmalı olur. Çay, qənd, çadır, qonaqların qarşılanması - bütün bunlar həm böyük maddi xərc, həm də ciddi enerji tələb edir.

Təcrübə göstərdi ki, inzibati resurslarla bu məsələni birdəfəlik həll etmək mümkün deyil. Bu dəyişiklik tədricən, mərhələli şəkildə həyata keçirilməlidir. Və ən əsası - şəxsi nümunələrlə.

Əgər bu prosesə imkanları nisbətən zəif olan insanlar başlasa və onlara “ehsan vermə” deyilsə, həmin adamlar psixoloji olaraq kompleksə düşür. Düşünürlər ki, yaxşı ehsan verməsələr, camaat deyəcək “atasına-anasına ehsan verə bilmədi”. Ona görə də bu məsələdə nümunə imkanlı şəxslər və məmurlar olmalıdır. Onlar göstərməlidirlər ki, bax, mənim imkanım var, amma dəbdəbəli ehsan vermirəm. Əgər bunu imkanlılar edərsə, imkanı zəif olanlar da bunu kompleks kimi qəbul etməz və onlara bənzəməyə çalışar. Cəmiyyətimizə baxanda görürük ki, bir çox tendensiyaları imkanlı şəxslər başlayır və sonra bu davranışlar adət-ənənəyə çevrilir".

Partiya sədrinin sözlərinə görə, digər bir məsələ də maarifləndirmə və təbliğatdır: “İnsanlara sosial şəbəkələr, mətbuat, televiziya və radio vasitəsilə bu məsələni doğru şəkildə izah etmək lazımdır. Nüfuzlu din xadimləri, hörmətli ağsaqqallar bu məsələdə danışmalıdır. Məsələ zorla deyil, əqlən və könüllü şəkildə izah olunaraq qəbul etdirilməlidir. Bir mühüm məqam da var: ehsan mərasimlərinin fəlsəfəsi və dindəki mahiyyəti insanlara düzgün başa salınmalıdır. Ehsanın fəlsəfəsi odur ki, sən imkansız insanlara qida verirsən, onları yedirdirsən və onlar da sənin rəhmətə gedənin üçün dua edirlər. Dində ehsanın mənası budur: "Bu insan məni yedizdirdi, doydurdu, bir gün aclığımı aradan qaldırdı, sən də onun ölüsünə rəhmət elə, onu bağışla, ya Rəbbim!"

Amma bizdə necədir? Ehsanlara gələnlərin əksəriyyəti imkanlı şəxslər olur. Evində hər şey olan, ehsana ehtiyacı olmayan insanlar.

Əgər kimsə doğrudan da ehsan vermək istəyirsə, bunu imkansızlara yönəltməlidir, məsələn, evində yeməyi olmayan insanlara, tələbələrə. Onlara ehsan vermək həm savab olar, həm də dua qazandırar.

Yəni ehsan əslində insanların duasını almaq üçündür. Və bu anlayışın fəlsəfəsini cəmiyyətə düzgün izah etmək vacibdir".


Geri qayıt