Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampın Əliyevin çıxışını paylaşması...

Trampın Əliyevin çıxışını paylaşması...


Dünən, 05:09

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib. Bu barədə dövlətimizin başçısı “X” hesabında bildirib:

 “Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”. Ekspertlərin fikrincə, hər hansı bir Prezidentin digərinə yanaşmada belə bir jest etməsi beynəlxalq təcrübədə həddən artıq az rast gəlinən haldır. 

Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verəcək. Deputatın sözlərinə görə, dünyanın aparıcı iqtisadi və siyasi güc dövlətinin Azərbaycan rəhbərinin çıxışını paylaşması qürurverici olmaqla yanaşı, digər tərəfdən bu heç də beynəlxalq münasibətlərdə mütəmadi müşahidə edilən hal deyil: 


"ABŞ prezidentləri çox az hallarda digər dövlət rəhbərlərinin çıxışlarını paylaşırlar. Bu, həmçinin cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmalıdır. 

Ermənistan işğalı zamanı baxımsız şəhərə çevrilən və son 2 ildə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Xankəndi şəhərində keçirilən forum ilə bağlı belə bir paylaşımın olması həm də geosiyasi əhəmiyyət daşıyır. Xankəndidə verilən mesajlar paylaşılır və qlobal olaraq yüksək səviyyədə müzakirə edilir.


Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamikası ticarət və qarşılıqlı sərmayə qoyuluşları sahəsində daha geniş imkanlar yaradacaq".


Hüquq müdafiəçisi Əliməmməd Nuriyev də "Şərq"ə deyib ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını paylaşması təsadüfi və sadə jest deyil. Bu, post-münaqişə dövründə Azərbaycanın regional liderliyinə və balanslı xarici siyasət kursuna verilmiş şəxsi etimad siqnalıdır:


 "Tramp administrasiyasının “yalnız milli maraqlar naminə diplomatiya” xətti Azərbaycan kimi müstəqil qərar verən dövlətlərlə əməkdaşlıq üçün əlverişli platforma yaradır. İlham Əliyevin çıxışında Trampı “müharibə başlatmayan yeganə prezident” kimi təqdim etməsi bu gün dünyada sülhə susamış siyasi mərkəzlərdə rezonans doğurur. ABŞ-Azərbaycan münasibətləri bu platforma üzərində formalaşarsa, bu, Cənubi Qafqazda yeni güc balansının və strateji diaqnozun konturlarını müəyyən edə bilər. Xüsusilə enerji təhlükəsizliyi, informasiya suverenliyi və sülh təşəbbüsləri sahəsində əməkdaşlıq spektri genişlənə bilər. Bununla yanaşı, Trampın ritorikası ilə müşayiət olunan siyasi qərarların davamlılığı Azərbaycanın informasiya diplomatiyasına və yumşaq güc siyasətinə xüsusi məsuliyyət yükləyir".


Geri qayıt