Əsas Səhifə > Ana xəbər / Güney Press > Türk düşməni yenə Azərbaycanı hədəf aldı
Türk düşməni yenə Azərbaycanı hədəf aldıBu gün, 06:01 |
İrandan növbəti dəfə Azərbaycan əleyhinə ittihamlar səslənməyə başlayıb. Bu dəfə ölkənin ali dini lideri Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycanı tənqid edib. O, Pakistanın daxili işlər naziri Səid Möhsin Nəqvi ilə görüşündə sərsəm fikirlər səsləndirib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır”. Üstəlik, Vilayəti rəsmi Bakını Suriya lideri Əhməd Əl Şaara ilə İsrail arasında vasitəçilik etməkdə, habelə İsrailə neft ixrac etməkdə ittiham edib. Görünən odur ki, İran anti-Azərbaycan siyasətini davam etməkdə israr edir. Bu səbəbdən də molla rejiminin nümayəndələri vaxtaşırı ölkəmiz əleyhinə cəfəng ittihamlar səsləndirirlər... “Cümhuriyət”-ə açıqlamasında politoloq Natiq Miri bildirib ki, Əli Əkbər Vilayəti hər zaman türk düşməni kimi siyasət yürüdüb: “Onun bütün türk dünyasına münasibəti eynidir. Ona görə də Vilayətinin açıqlamalarında təəccüblü heç nə yoxdur. Onun Azərbaycana qarşı ittihamları əsassızdır. Azərbaycanı ittiham etmək düşmənçilikdən əlavə, həm də dərin düşünə bilməməkdir. Bu sözlər həm Vilayətinin, həm də molla rejiminin iç üzünü açıb göstərir”. Ekspert qeyd edib ki, əslində İslam ölkələri içində birləşməyə əngəl olan və dağıdıcılıq fəaliyyəti yürüdən məhz İrandır: “Bunu kimsə təkzib etmir. Üstəlik, İran nə zamandan bəri İslam birliyi ideyasına xidmət edib ki, indi də digərlərini ittiham edir? Məsud Pezeşkian Prezident seçilənə qədər İran ətrafında olan bütün müsəlman ölkələri ilə düşmənçilik səviyyəsində, hətta müharibə şəraitində yaşayırdı. Bunu hər zaman müşahidə etmişik”. Politoloq diqqətə çatdırıb ki, bu gün İran hakimiyyətində müsəlman dünyasına münasibət nisbətən dəyişsə də, hələ də Xameneyi və onun ətrafının İslam ölkələrinə qarşı ritorikası dəyişməyib: “Onu da nəzərə almaq lazımdır ki, 12 günlük İsrail-İran müharibəsində heç bir müsəlman ölkəsi Tehranı müdafiə etmədi. Hətta onun əsas müttəfiqləri olan Rusiya və Çin belə İranı dəstəkləmədi. Belə olan halda Vilayəti hansı birlikdən danışır? Hesab edirəm ki, Suriya ilə İsrail arasında Bakıda danışıqlar aparıldığı iddiasının doğru olması belə Azərbaycanı zirvələrə qaldırar. Üstəlik, bu, islam təfəkkürünə zərrə qədər də zərər vurmur. Çünki belə bir görüşdə Suriyanın təhlükəsizliyi müzakirə olunur. Bu, bölgəyə sülhün gəlməsi üçün ortaya çıxan təşəbbüsdür. Ona görə də bunu sadəcə təqdir etmək lazımdır”. Geri qayıt |