Əsas Səhifə > Ana xəbər / Güney Press > Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vururBu gün, 10:56 |
Musavat.com xəbər verir ki, Rusiya dövlət təbliğat maşını Azərbaycanı hədəfə alan yeni bir informasiya hücum mərhələsinə keçib. Bu dəfə Moskva açıq şəkildə Azərbaycan diasporunu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb etməkdə ittiham edir. Rusiyanın ultra-millətçi və Kremlin nəzarətində olan “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia edilir ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı əməliyyatı — yəni Rusiya ərazisində yerləşən strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya – guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə baş tutub. Bu iddialar ilk baxışdan absurddur, lakin məqsəd açıqdır: Rusiyada yaşayan milyonlarla azərbaycanlını, xüsusilə də ictimai fəallığı olan diaspora liderlərini ləkələmək, hədəfə qoymaq, hüquqi və ya fiziki təzyiqlərlə üz-üzə buraxmaq. Daha öncə də Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı aktivistlər saxlanılıb, onların evlərində axtarışlar aparılıb, hətta bəzi hallarda qətllər baş verib. Lakin ilk dəfədir ki, Kreml təbliğatçıları bu qədər irəli gedərək Azərbaycanı birbaşa Ukraynanın kəşfiyyat əməliyyatına ortaq kimi göstərirlər. Bu böhtanlar həm də Azərbaycan dövlətinə qarşı daha genişmiqyaslı informasiya savaşı üçün ideoloji zəmin hazırlamaq məqsədi daşıyır. Məqsəd yalnız diasporaya qarşı deyil, eyni zamanda Azərbaycan dövlətinin Ukrayna ilə yaxınlaşmasına, anti-Rusiya mövqeli beynəlxalq tədbirlər keçirməsinə cavab verməkdir. Bununla paralel, diqqətçəkən digər detal da odur ki, bu kampaniya Azərbaycanın Şuşa şəhərində keçirdiyi 3-cü Qlobal Media Forumun dərhal ardından aktivləşib. Forumun ən çox diqqət çəkən qonaqlarından biri Ukraynanın tanınmış jurnalisti, anti-Putin mövqeyi ilə tanınan Dmitri Qordon idi. Qordon Rusiyanın informasiya və hərbi təcavüzünə qarşı Ukrayna xalqının ən ön cəbhə simalarındandır. O, illərdir Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, Putin rejimini ifşa edən jurnalistik fəaliyyəti ilə tanınır. Qordon Forumda iştirak etməklə, Azərbaycanın informasiya müstəvisində suveren addımlar atdığına simvolik dəstək verdi. Qordon Azərbaycanı sevdiyini, Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi siyasi xətti dəstəklədiyini dəfələrlə bildirib. Onun çoxmilyonlu auditoriyası qarşısında Azərbaycanı müdafiə etməsi Rusiyanı qıcıqlandırmaya bilməzdi. Azərbaycan isə Qordonla yanaşı Rusiya dövlət xəbər agentliyi TASS-ın rəhbər şəxslərindən biri – Mixail Qusmanı da Şuşaya dəvət etməklə balanslı mövqeyini qorudu. Hətta Putinçi analitik Sergey Markov da forumda iştirak edir. Lakin buna baxmayaraq, Kreml informasiya cəbhəsində əsassız və təhlükəli hücuma başladı. Bu da göstərir ki, Moskva diplomatik etikaya deyil, təhdid və şantaja əsaslanan strategiyasına sadiqdir. Prezident İlham Əliyev 19 iyulda Xankəndidə Forumun açılışında çıxışı zamanı Rusiya ilə münasibətlərə, xüsusilə də ötən ilin dekabr ayında Rusiya hərbi hava qüvvələrinə məxsus strateji təyyarənin Azərbaycanın raketləri ilə vurulmasına dair məsələyə də toxundu. Dövlət başçısı bu hadisənin qəza olmadığını, rəsmi Bakının Rusiyadan izahat, üzr və kompensasiya gözlədiyini, lakin bunların heç birinin baş vermədiyini bildirdi. Əliyev çıxışında Rusiyanın cavablarını “uşaqcasına bəhanələr” adlandıraraq, Moskvanın məsuliyyətdən yayınmağa çalışdığını açıq şəkildə ifadə etdi. Bu, bir tərəfdən Azərbaycanın öz suverenliyini müdafiə etməyə hazır olduğunu, digər tərəfdən isə Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olan səbəblərin məhz Kremlin səhv hesablamalarından qaynaqlandığını göstərir. Musavay.com -un baxışına görə, Rusiya tərəfi Azərbaycanla münasibətləri düzəltmək, gərginliyi azaltmaq əvəzinə, informasiya cəbhəsində yeni kampaniyaya start verib. “Pautina əməliyyatı” ilə Azərbaycan diasporasının adının hallandırılması, guya Ukrayna ilə birgə Rusiya hərbi obyektlərini hədəfə almaqda iştirak etməsi iddiası ağlasığmazdır və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir. Bu həm də Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlıya qarşı mənəvi basqı, təqib və təcrid siyasətinin ideoloji əsaslandırmasıdır. Kremlin mediası bu saxta ittihamlarla hüquqi təqiblərə zəmin yaratmaq, həmçinin Azərbaycanın beynəlxalq mövqeyini sarsıtmaq istəyir. Azərbaycan dövləti prinsipial mövqeyindən dönmür: nə diasporasına qarşı təzyiqlərə susur, nə də dostlarını seçməkdə başqasının göstərişini gözləyir. Ukrayna ilə münasibətlərin inkişafı, ədalətli və hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemi üçün Azərbaycanın apardığı mübarizə Rusiya kimi imperiya iddiaları olan bir ölkəni narahat edir. Qordonun Şuşada iştirakına Kreml təbliğatının bu “çevik”, hətta “xəstə” reaksiyası isə onu göstərir ki, Azərbaycan informasiya cəbhəsində doğru yoldadır. Bu yol isə asan olmayacaq. Geri qayıt |