Əsas Səhifə > Ana xəbər / Güney Press > Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz
Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməzBu gün, 06:36 |
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasından danışıb. “Cebheinfo.az” xəbər verir ki, mətbuat konfransı keçirən N.Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-nin irəli sürdüyü təkliflərlə bağlı rəsmi İrəvanın mövqeyini açıqlayıb: “Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır, o cümlədən Ermənistandan Azərbaycan ərazisi ilə Ermənistana, Azərbaycandan isə Ermənistan ərazisi ilə Azərbaycana. “Biz bütün bu prosesləri ərazi bütövlüyü və suverenliyi çərçivəsində təqdim etmişik və təqdim etməkdə davam edirik”, - Ermənistanın Baş naziri belə deyib. Paşinyanın açıqlaması Ermənistan tərəfinin həm iyulun 10-da Əbu-Dabidə Azərbaycanla keçirilən görüşdə, həm də ABŞ və Türkiyə ilə aparılan gizli danışıqlarda nəqliyyat-kommunikasiya infrastrukturunun açılmasına razılıq verdiyini göstərir. Lakin Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması mexanizmi ilə bağlı fikir ayrılığı hələ qalmaqdadır. Rəsmi Bakı ilk növbədə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkətin təmin olunmasını tələb edir. Paşinyan isə Azərbaycandan Ermənistan vasitəsilə Azərbaycana keçidin əvəzində alternativ təklif irəli sürür. Ermənistandan Azərbaycan ərazisi ilə Ermənistana hərəkəti nəzərdə tutan bu layihə kifayət qədər mücərrəd və absudrddur. Qeyd edək ki, Nikol Paşinyan bu ideyanı hələ 2025-ci il martın 4-də “Armenpress” informasiya agentliyində dərc olunmuş “Ermənistanla Azərbaycan arasında əlaqə kanalları haqqında” adlı məqaləsində irəli sürüb. “Azərbaycan vətəndaşlarının Ermənistan Respublikasının sərhəd və gömrük nəzarətindən yayınacaqları barədə Azərbaycanın bəyanatını nəzərə alaraq, hazırkı mərhələdə Zəngilan-Mehri-Ordubad və əks istiqamətdə, eləcə də Yerasx (Arazdəyən)-Ordubad-Mehri və əks istiqamətdə dəmir yolu yükdaşımaları ilə əlaqənin açılmasını təklif etmişik. Eyni zamanda, biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik. Ermənistan Respublikası ərazisində Nrnadzor (Nüvədi)-Karçevan (Kərçivan) dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Yerasx (Arazdəyən)-Naxçıvan hissəsində də dəmir yolunun qısa hissəsi çəkilməlidir. Lakin bu, Ermənistandan-Ermənistana və Azərbaycan-Türkiyə dəmir yolu əlaqələri üçün lazımdır və bu işi qısa müddətdə başa çatdırmaq olar. Eyni prinsip əsasında biz Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırıq”,-deyə Paşinyan qeyd edib. Ancaq rəsmi Bakı Paşinyanın bu təklifini Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında hərəkətin maneəsiz və təhlükəsiz həyata keçirilməsi üçün lazım olan tələblərə cavab vermədiyinə görə qəbul etmir. İkincisi, Azərbaycan ərazisindən dəhlizin açılması üçün hər hansı zərurət yoxdur. Çünki 1920-ci ildə Azərbaycan ərazisi iki hissəyə bölünüb və Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi nəticəsində Naxçıvan MR blokadaya düşüb. Ermənistanın öz ərazisindəki nəqliyyat infrastrukturuna birbaşa çıxış imkanlarından istifadə etmək üçün qonşu ölkənin ərazisindən keçməsi qeyri-ciddi təsir bağışlayan siyasi avantüradır. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına razılıq verməyərək Paşinyanın qeyd edilən təklifini təkrarlamağa davam edərsə, danışıqlar nəticə verməyəcək. Müşfiq Abdulla Geri qayıt |