Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyirBu gün, 08:48 |
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu Yorkda jurnalistlərə açıqlamasında ölkəsinin Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, hazırda Zəngəzur dəhlizi ilə bağlı baş verənlər məsələnin həllinin yeganə mümkün variantı kimi görünür: “Uzun illərdir ki, Azərbaycan burada xüsusi ekskluzivlik – maneəsiz hərəkət istəyirdi. Ermənistan isə öz ərazi bütövlüyünü əsas götürərək burada sadəcə Ermənistan üçün yol ola biləcəyini bildirmişdi. Rusiya burada hər hansı yol olarsa onun sərhəd qoşunlarının nəzarəti altında olacağını bildirmişdi. Ona görə üçtərəfli bəyanata istinad edirdi. Azərbaycan da uzun müddət bu bəyanata istinad etdi. Ancaq Ermənistan öz ərazisinə Rusiyanın nəzarət etməsini istəmirsə, Azərbaycan Ermənistanı Rusiyanın maraqlarını hansısa şəkildə qorumağa məcbur edə bilməz. Burada ən ideal versiya kimi ABŞ şirkətinin və ya hansısa xarici şirkətin yüz il ərzində dəhlizə nəzarət etməsi məsələsi ortaya çıxdı. Bildiyim qədər, bu təklifi Türkiyə irəli sürüb və Tramp administrasiyası bunu məqbul görüb. Əgər yüz il ABŞ şirkəti nəzarət edəcəksə aydın məsələdir ki, bu dəhliz artıq rahat şəkildə istifadə oluna bilər və gələcəkdə Ermənistan və ya hər hansı ölkə bunu poza bilməz”. Politoloqun sözlərinə görə, hazırda burada əsas problem ondan ibarətdir ki, Rusiya və İran bunu qəbul etməyəcək: “Rusiya və İran özlərinin dəhlizdən tamamilə kənarlaşdırılmasını istəməyəcəklər. Bu, İranın faktiki olaraq birbaşa olaraq Avropaya və Ermənistana çıxışının itirilməsi, eyni zamanda Rusiyanın da Cənubi Qafqazda müəyyən əsas kommmunikasiya xətlərini ABŞ-a uduzması deməkdir. ABŞ bununla Rusiyanın Qafqazdan qovulması siyasətini həyata keçirəcək. Rusiya buna sərt reaksiya verəcək və böyük ehtimalla bununla razılaşmayacaq”. Ekspert qeyd edib ki, Ermənistan rəhbəri Paşinyan istəyir ki, buna qarşı Azərbaycan da Naxçıvandan keçən hansısa kommunikasiya xətlərini yenə bu şirkətin nəzarətinə versin: “Azərbaycan isə bunu öz daxili işlərinə qarışmaq kimi qiymətləndirir və bununla heç vaxt razılaşmayacağını, Ermənistanın bu istəyinin ümumi mövzudan kənar olduğunu bildirir. Ona görə mümkündür ki, burada da iki tərəf arasında müəyyən fikir ayrılıqları olsun. Amma mümkündür ki, tezliklə sülh sazişi imzalansın və sonra məhz Zəngəzur dəhlizi ilə bağlı ortaq qərarın açıqlanması prosesi yekunlaşsın”. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı isə bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra həm cəbhədə, həm diplomatik uğurları və Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi ilə qətiyyətli mövqe ortaya qoydu: “Ona görə sülhlə bağlı gözləntilər hər zaman Ermənistanla müharibənin yenidən başlaması ehtimalından daha yüksək səviyyədə oldu. Bəziləri hesab edir ki, müəyyən prinsiplər üzrə razılaşma əldə edib sülh müqaviləsi imzalamaq olar və razılaşılmayan məsələləri növbəti mərhələyə saxlayıb sonra həll etmək olar. Amma Azərbaycan tərəfinin məqsədi ən tez vaxtda hər hansı bir sülh sazişini imzalamaq deyil, çünki bu elə bir sülh sazişi olmalıdır ki, regionda yeni müharibə ehtimalını ortadan qaldırsın”. Politoloq bildirib ki, Zəngəzur dəhlizi regionun gələcəyinin mütləq reallığıdır: “Söhbət dayanıqlı sülhdən gedirsə, burada iki amil çox vacibdir: Birincisi, Qərbi azərbaycanlıların zorla çıxarıldıqları tarixi ərazilərə geri qayıtması; İkincisi, Zəngəzur dəhlizinin qeyd-şərtsiz beynəlxalq hüquqa uyğun keçid haqqını tənzimləyəcək şəkildə açılması. Bu onu göstərəcək ki, tərəflər sülhə inanır və regionun gələcəyini əməkdaşlıqda görür”. A.Aslanlı qeyd edib ki, Ermənistan özündə iradə tapmalı və Cənubi Qafqazda qonşu dövlətlərdən Türkiyə, Rusiya və İrandan ən azı ikisi bu prosesə tam dəstək verməlidir ki, layihə reallaşsın: “Azərbaycan və Ermənistan bu layihəni hər hansı kənar gücə ehtiyac olmadan reallaşdırmalıdırlar. Amma təəssüf ki, Ermənistanın reallıqları buna imkan vermir. Ona görə yəqin ki, hansısa kənar gücün bu prosesdə iştirakı olacaq. Zəngəzur dəhlizi bütün region dövlətlərinin hamısının istifadə edə biləcəyi layihədir. Ona görə hansısa dövlətin bu layihədən kənarlaşdırıldığını demək doğru olmaz”. Geri qayıt |