Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır
Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdırDünən, 10:24 |
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. "DİA-AZ" müsahibəni təqdim edir: - Qüdrət bəy, Rusiyada azərbaycanlıların qətlə yetirilməsi əhali arasında böyük hiddətə səbəb olub. Azərbacan Xarici İşlər Nazirliyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib. Sizin münasibətinizi bilmək istərdik, Rusiya niyə belə davranır? - Açıq-aşkar görsənir ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb. Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır. Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var. Həmin dairələr Azərbaycanın Rusiya ilə dostluq münasibətlərinə, rus dilinə böyük önəm verməsini düzgün qiymətləndirə bilmirlər, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Bölgədə öz varlıqlarını yalnız hərbi iştirakda görən bu qaba güc tərəfdarları bizim Ermənistanla sülh sazişi imzalamağımızı da istəmirlər. Zatulin kimilər açıq formada bəyan edirlər ki, münaqişənin sülh müqaviləsi ilə başa çatması Rusiyanın tərəflərə təsir imkanlarını itirməsinə səbəb ola bilər. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarıc göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Həm də zorakılığa məruz qalanların ifadələri ilə təsdiq olunur ki, bu yolla azərbaycanlıları qorxudub sındırmaqla, onları müharibəyə aparmaq istəyirlər. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya, onları mənən sındırıb müharibəyə göndərir. Mən iqtidarı növbəti dəfə vətəndaşlarımızın ölkəyə girişini məhdudlaşdırmamağa çağırıram. - 44 günlük savaşdan sonra Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edirdi, nə baş verdi ki, Rusiyanın mövqeyi bu formada dəyişdi? - Görünür Rusiya ya Azərbaycanı hansısa qərarların qəbulundan çəkindirmək, yaxud hansısa qərarlar qəbul etməyə məcbur etmək və ya qəbul olunmuş hansısa qərara görə cəzalandırmaq istəyir. - Azərbaycan hakimiyyətinə hansısa qərarları qəbul etdirmək üçün işgəncələr verməklə azərbaycanlıların qətlə yetirilməsi terror aktı deyilmi? - Ona görə DTX və ya Baş Prokurorluq Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə cinayət işi başlamalı və təqsirli şəxsləri beynəlxalq axtarışa verməlidir. Eynilə Qroznı üzərində sərnişin təyyarəsini vuranları da. - Daha çox ağlabatan hansı fərziyyələr ola bilər? - Azərbaycanı Rusiyanın liderliyi ilə yaradılmış qurumlara üzv olmağa məcbur etmək, yaxud Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyən Türkiyəyə bu istiqamətdə mane olmamağımız. Təzyiqlər həm də Azərbaycanın xarici siyasəti ilə əlaqədar ola bilər. Məsələn, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimiz və həmin ölkəyə humanitar yardım etdiyimiz üçün bizi “cəzalandırmaq” məqsədilə də bu edilə bilər və s. - İranın İsrail dronlarının Azərbaycan üzərindən İrana zərbələr endirməsinə dair “məlumatların” Azərbaycan tərəfindən araşdırılmasının zəruriliyi barədə açıqlamasını necə qarşıladınız? - Bu absurd bir açıqlamadır. Azərbaycan dəfələrlə bəyan edib ki, bizm hər hansı dövlətlə əməkdaşlığımız üçüncü dövlətə qarşı yönəlməyib və Azərbaycan heç vaxt imkan verməz ki, azərbaycanlıların da vətəni olan İrana bizim ərazimizdən kimsə istifadə edərək zərbə endirsin. Biz, İsrailin hücumlarını pislədik, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladıq. İsrail bizim dostumuz olsa da, biz, dostlarımızı onlar haqlı olanda müdafiə edirik. İran yaxşı olar ki, bir daha İsraili məhv edəcəyini söyləməsin, İsrail və ABŞ ilə barış üçün səy göstərsin, təcili ölkə daxilində islahatlara başlasın. Həmişə deyirəm ki, Pezeşkian İranın dinc inkişafı üçün bəlkə də son şansdır. İran özü araşdırmalıdır ki, niyə onun vətəndaşları bu qədər geniş formada İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib? İranın hərbi obyektlərinə zərbələr endirən dronların çoxu İran ərazisində yığılıb və İran ərazisindən də zərbələr endirilib. Axı, İran islam dövlətidir və dinimizə görə vətəni qorumaq imandandır. Bunun sadə cavabı bu atalar misalındadır-“acın imanı, toxun amanı olmaz” Geri qayıt |