Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal

Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal


Bu gün, 06:21

Məşhur el məsəli var: “Dişin ağrıyırsa, çək qurtar, qonşun pisdirsə, köç qurtar”.

Azərbaycan olaraq ağrıyan (çürük) dişimizdən – separatizmdən 2023-cü ildə canımızı qurtardıq. Bu proses ağrılı olsa da, yekunda sağlamlığımıza qovuşduq.

Ancaq nə qədər sağlam olursan ol, ətrafında cüzamlılar varsa, əvvəl-axır səni də yoluxdururlar. Təəssüf ki, bəzən o cüzamlılardan uzaqlaşmaq mümkün olmur. Bu mənada “qonşun pisdirsə, köç qurtar” tezisi dövlətlərarası münasibətlərdə işləmir.

“Pis qonşu” deyəndə ağlımıza Ermənistan gəlir. Ancaq təəccüblüdür ki, son vaxtlar Ermənistanın bizə münasibəti digər iki qonşumuzdan – Rusiya və İranın yanaşmasından qat-qat loyal olub.

Məlumunuzdur ki, İsrail-İran müharibəsinin gedişində Azərbaycan bir neçə dəfə əsassız yerə ittiham edildi.

Guya ki, Təbrizi vuran dronlar Zəngilandan qalxırmışmış… Nə bilim, Azərbaycan İsrail dronları üçün hava məkanından istifadəyə icazə verirmişmiş… Dron-Camış ferması varmışmış…

Bir sürü absurd, gülünc, ədalətsiz, məntiqəziddi iddia.

Zatən, sonra məlum oldu ki, İsrail İrana hücum edən dronları paytaxt Tehrandan qaldırırmışmış.

Nəsə, Bakıya qarşı iddiaların absurd olduğunu İranın Azərbaycandakı səfiri də etiraf etdi. Ki, Tehran Bakının belə bir şeyə icazə verməyəcəyinə əmindir.

Burası, yəqin, İrandakı bəzi ermənibaşlara aydındır.

İndi məsələ başqadır.

Məlumumuzdur ki, İsrail-İran müharibəsi zamanı Azərbaycan onlarla, bəlkə də yüzlərlə rusu müharibənin – dronun, raketin, bombanın altından xilas etdi. Onların təhlükəsiz təxliyəsinə imkan yaratdı.

Xilas edilənlər arasında Rusiyanın məşhur simaları da var idi.

Azərbaycan Rusiyanın təkcə insanının yox, mədəniyyətinin də əlindən tutdu.

Rusiya dövlətinin prosesə müdaxilə edə bilmədiyi bir məqamda Azərbaycan növbəti dəfə regionun “təhlükəsizlik dəhlizi” rolunu oynadı. Sonra həmin ruslar təhlükəsiz şəkildə öz vətənlərinə – Rusiyaya yola salındı.

Azərbaycanın bu sülhməramlı addımında 1 həftə keçməmiş Rusiyadan şok xəbərlər gəldi.

Məlum oldu ki, Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların yaşadıqları müxtəlif ünvanlara basqınlar edib. Əməliyyat zamanı Səfərovlar ailəsinin iki üzvü öldürülüb, 50-dən çox azərbaycanlı həbs edilib. Detalları Globalinfo.az-da yazmışıq.

Təbii, hələ məsələnin təfərrüatını bilmirik, ancaq deyilənə görə, mərhumlar döyülərək öldürülüblər. Yəni (hələ ki) silahlı müqavimətdən söhbət getmir.

İstənilən halda, keçirilən əməliyyatın xarakteri faciəvi məzmun daşıyır. Azərbaycanlılar ailərinin gözü qarşısında öldürülüb, işgəncə görüb, həbs edilib.

Faciəvi ölümdür.

Eynilə bir müddət əvvəl AZAL-ın təyyarəsinin qəzaya uğramasında (oxu: vurulmasında) olduğu kimi.

Cəmi 1 həftə əvvəl Azərbaycan rusları müharibənin, fəlakətin cəngindən çıxarıb sağ-salamat evinə çatdırdı.

Ötən gün isə Rusiya azərbaycanlıları evdən çıxarıb, faciənin cənginə atdı.

Məncə, mənzərə hər kəsə aydındır.

Tahir Turan
Globalinfo.az


Geri qayıt