Əsas Səhifə > Ana xəbər / Güney Press > Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund…

Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund…


Bu gün, 10:20

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verən və son günlər cəmiyyətin diqqət mərkəzində olan qalmaqallı hadisə ictimai narahatlığa səbəb olub. Bildirilir ki, həmin qəsəbədəki məscidin axundu Turab Tahirov Quran dərslərinə gələn 16 yaşlı qızı qaçırıb. Qızın könüllü şəkildə axundla getdiyini deməsi isə birmənalı qarşılanmayıb.

Dini vəzifə daşıyan bir şəxsin azyaşlı ilə belə münasibət qurması hansı hüquqi nəticələri doğurmalıdır?

Globalinfo.az-a danışan hüquqşünas Əliməmməd Nuriyev deyib ki, bu, hüquqi normaların və mənəvi dəyərlərin pozulması baxımından çox ciddi məsələdir:

“İlk sual budur: Azyaşlı qızla dini nikah bağlanması və bu prosesdə axundun iştirakı qanun qarşısında məsuliyyət doğururmu? Hüquqi çərçivədən məsələyə baxsaq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, rəsmi nikah yaşı 18-dir. Bəzi hallarda məhkəmə qərarı ilə bu yaş 17-yə endirilə bilər, lakin bu, istisnadır və geniş tətbiq edilə bilməz. Əgər rəsmi nikah olmadan yalnız dini nikah bağlanıbsa və tərəflərdən biri (xüsusilə qız) 16 yaşından aşağıdırsa, bu artıq cinayət məsuliyyəti doğurur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1-ci maddəsinə əsasən:

Dini ayin adı altında nikah bağlama və ya qadını nikaha məcbur etmə – cinayət məsuliyyəti yaradır. Əgər bu əməllər nikah yaşına çatmayan şəxsə qarşı törədilirsə, cəza daha da ağırlaşdırılır.

Qızın yaşı və razılığı məsələsinə gəlincə, əgər qız 16 yaşdan aşağıdırsa, onun “razılığı” hüquqi baxımdan etibarsızdır. Yəni o, öz hüquqi iradəsini ifadə etmək imkanına malik hesab olunmur və bu halda belə bir nikah qanunsuz və cinayət xarakterli hesab olunur.

Əgər qızın 17 yaşı tamam olmayıbsa, hüquq-mühafizə orqanları onun yaşı ilə bağlı ekspertiza keçirməli, psixoloji vəziyyəti qiymətləndirilməlidir. Əgər müəyyən olunarsa ki, o, iradəsini sərbəst ifadə edə bilmir, bu da məsuliyyət doğura bilər.

Əgər yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibət qurulubsa, bu halda Cinayət Məcəlləsinin 152-ci maddəsi (azyaşlı ilə cinsi əlaqə) tətbiq olunur. Bu maddəyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqə, hətta razılıqla olsa belə, cinayət sayılır.

Əgər həmin şəxs zorla, iradəsinə zidd şəkildə nikaha və ya münasibətə məcbur edilibsə, bu halda artıq adam oğurluğu (CM 144-cü maddə) və məcburi nikah kimi digər ağır cinayətlər gündəmə gəlir”.

Hüquqşünasın sözlərinə görə, bu məsələdə dini nüfuz sahiblərinin rolu ayrıca qeyd olunmalıdır:

“Din cəmiyyətin mənəvi dayağıdır. Azyaşlı bir qızın ailədən çıxarılaraq dini nikah adı altında cəmiyyətə təqdim olunması, dini dəyərlərin istismarı kimi qiymətləndirilə bilər. Din uşaqların həyatını və psixoloji bütövlüyünü risk altına qoymaq üçün alət olmamalıdır.

Bu hadisə, təkcə hüquqi deyil, həm də mənəvi və sosial məsuliyyət məsələsidir. Dini icmalar, aidiyyəti qurumlar bu kimi hallarda məsuliyyətli davranmalı, ictimai narahatlıq doğuran hərəkətlərin qarşısını almalıdırlar.

Hadisənin bütün hüquqi və faktiki tərəfləri aydınlaşdırılmalıdır. Qızın yaşı və razılığı müstəqil ekspertiza ilə dəqiq müəyyən edilməlidir. Əgər cinayət tərkibi varsa, məsul şəxslər qanun qarşısında cavab verməlidir. Dini qurumlar və ictimai nüfuz sahibləri məsuliyyətli bəyanatlar verməli və cəmiyyətə yanlış mesajların ötürülməsinin qarşısını almalıdırlar”.


Geri qayıt