Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq?

Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq?


Bu gün, 09:17

Bakıda Qarabağdakı qanunsuz və separatçı rejimin əsas simaları üzərində “Nürnberq prosesi” davam edir. Artıq çox sayda şahid dindirilib. Proses zamanı erməni vəhşiliklərini və vandallığını sübut edən çox sayda sübut, o sırada video-dəlillər nümayiş etdirilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 19-da davam etdirilib.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Azərbaycanın vaxtilə işğaldakı ərazilərində keçmiş qondarma rejimin “ordusu”nda (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsində - red.) “komandanın birinci müavini” olmuş Ermənistan vətəndaşı David Manukyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb. O, Birinci Qarabağ müharibəsində mina basdırılması və təmizlənməsi ilə məşğul olmadığını bildirib. Təqsirləndirilən şəxs daha sonra deyib: “Şərti dinc dövrlərdə hərbi hissədə komandiri olduğum zaman o qədər də çox olmasa da, minalarla bağlı hadisələr (mina basdırılmasını nəzərdə tutur - red.) baş verib. Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilirdi”.

Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb. D.Manukyan daha sonra bildirib: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu prosesi Azərbaycan xalqı və dövlətinə qarşı ağır, dəhşətli cinayətlər törədən şəxslərə qarşı münasibətdə “Bakı prosesi” adlandırıb. “Yeni Müsavat”a açıqlamasında siyasi şərhçi qeyd etdi ki, bunu əsrin ən ədalətli və ən səs-küylü prosesi hesab etmək olar: “Söhbət 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqı və dövlətinə qarşı törədilən qandonduran cinayətlərdən gedir. Təəssüf ki, cinayətkarların bir qismi hələ də istintaqa cəlb edilməyib, Ermənistanda yaxud dünyanın ayrı-yarı yerlərində azad gəzirlər. Onların azadlıqda olması, cinayət məsuliyyətinə cəlb edilməməsi bəşəriyyətə, hüquqa, ədalətə, beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Hər bir halda Azərbaycan dövləti öz ərazisində suverenliyi təmin etmək üçün antiterror əməliyyatı keçirdikdən sonra proseslərdə aktiv şəkildə iştirak edən bəzi şəxslərin saxlanıb məsuliyyətə cəlb edilməsi istiqamətindəki prosesi ədalətli, şəffaf çəkişmə prinsiplərinə uyğun olaraq, eyni zamanda beynəlxalq ictimaiyyəti məlumatlandırmaqla həyata keçirir. Təqsirləndirilən şəxslər hüquqi cəhətdən ağır cinayətlərdə ittiham olunurlar. Onların cinayət məsuliyyətinə cəlb olunması gözləniləndir”.

X.Bəşirov diqqətə çatdırdı ki, prosesdə 500 mindən artıq zərərçəkmiş şəxs var: “Yarım milyon insan heç vaxt yadlarından çıxmayacaq və sağalmayacaq ağır xəsarətlər alıblar, bir çoxu yurdlarını, evlərini, ailə üzvlərini itirib. Törədilən cinayətlərin miqyasını təsəvvür etmək insanı dəhşətə gətirir. Təqsirləndirilən şəxslər 20-dən artıq maddə ilə ittiham olunurlar. Bu maddələrin bir çoxunda ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, 1998-ci ildən ən ağır cəza kimi ölüm hökmü Cinayət Məcəlləsindən çıxarılıb. Hərçənd, Azərbaycan Respublikasının Konstitusiyasında ölüm hökmü istisna olunmur. Odur ki, gələcəkdə bu müddəa yenidən Cinayət Məcəlləsinə daxil edilə bilər. Hazırkı qanunvericilikdə ən ağır cəza növü ömürlük azadlıqdan məhrumetmədir. Hesab edirəm ki, təqsirləndirilən şəxslər məhz bu cəzaya layiqdirlər. Azərbaycan xalqına qarşı ağır, dəhşətli cinayətlərin törədilməsində ittiham olunan bu şəxslərin ədalət məhkəməsi ilə bağlı Azərbaycanın nümunə olacağını düşünürəm”.

Qeyd edək ki, iyunun 20-də hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutub. Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “prezidentlik etmiş” Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədovanın suallarını cavablandırıb. B.Sahakyan ifadəsində 2016-cı ildə baş vermiş, şərti olaraq Aprel döyüşləri adlandırılan hadisələr barədə suallara cavabında həmin vaxt əməliyyatlara kimlərin rəhbərlik etdiyini açıqlayıb. Məlum olub ki, həmin vaxt Ermənistan tərəfdən əməliyyatlara Ermənistanın müdafiə naziri general-polkovnik Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturov və Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun komandanı” general-leytenant Levon Mnatsakanyan rəhbərlik edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

“Yeni Müsavat”


Geri qayıt