Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır
Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salırBu gün, 08:54 |
Bir müddətdir ki, Azərbaycanın “İbrahim sazişi” çərçivəsinə qoşulacağı müzakirə edilir. “İbrahim sazişi” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Sənədin adı da ona görə İbrahim seçilib ki, həzrət İbrahim (ə) ərəb və yəhudilərin atası hesab olunur. İslam dininə görə, ərəblər Həzrət İbrahimin oğlu İsmailin, yəhudilər isə İshaqın soyundan gələnlərdir. Yəni “İbrahim sazişi” ərəb və yəhudiləri barışdırmağa hesablanıb. 2020-ci il sentyabrın 15-də bu sazişin ilk uğuru olub, BƏƏ, Bəhreyn və İsrail arasında barışıq və əlaqələrin qurulması sənədi imzalanıb. Bununla da Misir və İordaniyadan sonra daha iki ərəb dövləti, sonrakı dövrdə isə Mərakeş və Sudan da bu sazişə qoşulub. Ancaq 2023-cü ilin oktyabrında İsrail-HƏMAS müharibəsi bu prosesi pozdu. Azərbaycanın bu sazişə qoşulacağı barədə iddialar təsadüfi deyil. Bakı ilə Tel-Əviv arasında uzun illərdir enerji, hərbi və texnoloji sahələrdə sıx əməkdaşlıq mövcuddur. Ona görə də İsraillə diplomatik münasibətlərin rəsmi şəkildə tam tanınması əslində artıq mövcud reallığın hüquqi çərçivəyə salınması ola bilər. Sazişə qoşulacağı təqdirdə 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən və Birləşmiş Ştatların Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin aradan qaldırılmasının mümkünlüyü haqda da danışılırdı. Lakin bu məsələ təkcə Azərbaycan-İsrail münasibətləri ilə yekunlaşmır. Burada bir sıra regional amillər də var idi ki, İsrail və İran arasında davam edən dramatik hadisələr fonunda “İbrahim sazişləri”nin bəlkə də uzun müddət gündəmdən çıxacağını da söyləmək olar. Siyasi təhlilçi Sona Əliyeva Bakı ilə Tel-Əviv arasında “İbrahim sazişləri”ni imzalamaq məsələsinin hələ bir müddət alınmayacağını düşünür. O, bununla əlaqədar “Yeni Müsavat”a bir sıra səbəblər açıqladı: “Azərbaycanla İsrail arasında "İbrahim sazişləri" indiki mərhələdə aktual deyil. Bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycanın qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur. Hazırda Tel-Əvivlə Ankara arasındakı münasibətlər soyuqdur. Hətta iki ölkə arasındakı əlaqələrdə müəyyən kəskin ritorika, söz döyüşü bir-birini əvəzləyir. İsrail-Fələstin savaşı da Türkiyənin İsraillə əlaqələrini laxlatmış oldu. İranla müharibə prosesində Türkiyə-İsrail əlaqələri demək olar ki, donmuş vəziyyətdədir. Hətta iş o yerə gəlib ki, Ankara bölgədəki ən amansız rəqibi Tehrana yəhudilərlə savaşda dəstək verir. Belə bir vəziyyətdə Bakı Ankaraya arxa çevirərək “İbrahim sazişləri”nə “hə” deyə bilməz. Məsələnin ikinci ayağı isə İrandır. İran bizim cənub qonşumuzdur və 4-5 gündür ki, İsraillə amansız hava döyüşü aparır. Belə bir vəziyyətdə Azərbaycan İranı öz qarşısına almaq istəməz. Üçüncü amil Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin açılmasından sonra Azərbaycan dünyanın aparıcı investorlarını bölgəyə gətirməkdə niyyətlidir. Onların arasında ərəb kökənli biznes şəbəkələri var. Üstəlik, Zəngəzur dəhlizinin açılmasına ən böyük maneələrdən biri də məhz İrandır. İsraillə savaş öz həllini tapmadan, tərəflərdən birinin aqibəti bəlli olmadan Bakı hər hansı bir kritik qərar qəbul etməyə tələsmir. Sonuncu nüans kimi, bədnam “907-ci düzəliş”i göstərmək olar. ABŞ-dakı İsrail lobbisi hələ ki, öz nüfuzundan istifadə edərək bu məsələni bizim xeyrimizə həll edə bilməyib. Düşünürəm ki, bütün bu amilləri nəzərə aldıqda Bakı ilə Tel-Əviv arasında “İbrahim sazişləri”ni imzalamaq məsələsi hələ uzun müddət gözləyəcək". AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə hesab edir ki, Azərbaycanın “İbrahim sazişi”nə qoşulması milli maraqlarımıza tam şəkildə cavab verərdi: “Bakı ilə Təl-Əviv arasında bütün sahələrdə, xüsusən də təhlükəsizlik, müdafiə, enerji, beynəlxalq plaformalarda əməkdaşlıq mövcuddur və bu əlaqələr də yüksək səviyyədə inkişaf etməkdədir. İsrail İkinci Qarabağ müharibəsində də Azərbaycanın yanında olub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycana qarşı beynəlxalq erməni lobbisinin və diaspora təşkilatlarının təsirinin azaldılmasında da yəhudi lobbisi xeyli işlər görməkdədir. Azərbaycan Təl-Əvivdə öz səfirliyini açmaqla əslində "İbrahim sazişi"nin bəzi şərtlərini faktiki həyata keçirib. HƏMAS-ın İsrailə 2023-cü ilin sonlarına yaxın etdiyi hücumdan sonra böyük bir coğrafiyada müharibə ocağının alovlanması və gərginliyin artması “İbrahim sazişi” ilə bağlı fəaliyyəti tormozladı. Hətta həmin sazişə qoşulan 6 ərəb ölkəsi bu prosesi dayandırmağa, işləksiz hala gətirilməsinə məcbur qaldı. İran-İsrail müharibəsi və qardaş Türkiyənin, həmçinin ən yaxın müttəfiqimiz olan Pakistanın İsrailə qarşı sərt ritorikası Azərbaycanı bu məsələdə bir qədər ehtiyatlı və həssas davranmağa sövq etməkdədir. Fikrimcə, Azərbaycanın “İbrahim sazişi”nə qoşulması ölkənin iqtisadiyyatı, ticari və texnoloji inkişafına da müsbət təsirini göstərə bilər. İsrail texnoloji, müdafiə qabiliyyəti və sənayesinə, innovativ tətbiqlərə görə dünyanın ən irəlidə gedən ölkələrindən biridir. Eyni zamanda Birləşmiş Ştatlar kimi supergücün ən yaxın dostu və müttəfiqidir. Azərbaycanın suveren haqqıdır ki, öz milli maraqlarının hansı şəkildə və hansı formatda, necə qorumasını özü müəyyənləşdirsin. Müttəfiqlərini özü seçsin. “İbrahim sazişi”ni imzalamaq təkcə Azərbaycan üçün deyil, İsrail və Birləşmiş Ştatlar üçün də yüksək dividentlər gətirir. Cənubi Qafqazda mövqeyi güclənir və bu strateji bölgədə Azərbaycan kimi tərəfdaş qazanırlar. Demək, bundan hər iki tərəf fayda götürür və regionun inkişafı, sabitliyi və təhlükəsizliyi üçün rol oynayar". Geri qayıt |