Əsas Səhifə > Ana xəbər / Güney Press > Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu!

Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu!


Bu gün, 12:48

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən elan edilmiş tender ləğv olunub.

FED.az xəbər verir ki, “İnfluenserlərlə əməkdaşlıq xidmətinin satın alınması” üzrə tender proseduru yetərsayda iştirakçı olmadığı üçün rəsmi şəkildə ləğv olunub. Bu barədə məlumat dövlət satınalmalarının vahid portalında yayımlanıb.

Tenderin ehtimal olunan ümumi dəyəri 302.027,49 manat təşkil edirdi. Layihə çərçivəsində sosial şəbəkələrdə geniş auditoriyaya malik influenserlər vasitəsilə rəqəmsal kommunikasiyanın gücləndirilməsi, kampaniyaların effektiv çatdırılması və ictimaiyyətlə daha interaktiv əlaqə qurulması planlaşdırılırdı.

Lakin gözləntilərin əksinə olaraq, satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim edən, həmçinin tələb olunduğu halda lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən etibarsız hesab edilərək ləğv edilib.

Tender 14 may 2025-ci il tarixində saat 12:51-də elan olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı isə 5 iyun 2025-ci il saat 14:00-a təyin edilmişdi.

Maraqlı məqam odur ki, rəqəmsallaşma və sosial media trendlərinin yüksək sürətlə inkişaf etdiyi dövrdə belə bir tenderə yetərli sayda təklifin olmaması, bazarda bu tip xidmətlərin ya məhdud təkliflə çıxış etdiyini, ya da potensial təchizatçıların bu sahədə dövlətlə əməkdaşlığa ehtiyatla yanaşdığını ortaya qoyur.

Hazırda tenderin təkrar elan ediləcəyi və ya başqa satınalma metodları ilə həyata keçiriləcəyi barədə əlavə məlumat verilməyib.


Geri qayıt