Əsas Səhifə > Ana xəbər / Güney Press > Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır

Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır


13-06-2025, 17:29

Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası davamlı peşəkar inkişaflarının (DPİ) qiymətləndirilməsi ilə də həyata keçiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
 
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, Beynəlxalq praktikada təsdiqini tapmamış, effektivliyi sübuta yetirilməmiş və tətbiq olunmayan metodların Azərbaycanda icrasını məqsədəuyğun hesab etmir:
Bu cür yanaşmalar həm vaxt itkisinə, həm də eksperimental xarakter daşıyan fəaliyyətə bərabərdir və onların digər sistemlərlə müqayisəsi də qeyri-məntiqidir. Bu kontekstdə hesab edirəm ki, mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır. Bu, artıq zəruri və gecikmiş bir addımdır. Xüsusilə də davamlı peşəkar inkişafın qiymətləndirilməsi akkreditasiya sistemi çərçivəsində həyata keçirilməlidir. Bu sistem beynəlxalq praktikaya uyğun şəkildə qurulmalı və əsas diqqət səhiyyə işçilərinin, xüsusən də həkimlərin təcrübə proqramlarında, o cümlədən xaricdə təşkil olunan təlim və konfranslarda iştirakına yönəldilməlidir. Həkimlər yeni metod və yanaşmaları mənimsəməli, beynəlxalq klinik protokollarla işləmə bacarıqlarını inkişaf etdirməli və Qərb təbabətinin standartlarına uyğunlaşmağa imkan verən biliklər əldə etməlidirlər. Bu istiqamət Azərbaycanın tibbi sisteminin inkişafı üçün yeganə məqsədəuyğun yoldur. Bu baxımdan, sertifikasiya imtahanını akkreditasiya sistemi ilə müqayisə etmək doğru deyil. Çünki sertifikasiya imtahanı sistemi hazırda dünyanın heç bir inkişaf etmiş ölkəsində tətbiq olunmur”.

Geri qayıt