Əsas Səhifə > Ana xəbər / Güney Press > Dolların kursu dəyişəcək?

Dolların kursu dəyişəcək?


Dünən, 18:02

Bu ilin fevral ayında olduğu kimi ölkədə əhali arasında yenidən dolların bahalaşacağı ilə bağlı ajiotaj hökm sürür.

Belə ki, valyutadəyişmə məntəqələrinin qarşısından keçənlər, ya da onlayn bank tətbiqində kursu yoxlayanlar eyni narahatlığı hiss edir: yaxın vaxtlarda dolların qiyməti qalxa bilərmi?

Son məlumatlara görə, dolların beynəlxalq indeksində zəifləmə müşahidə olunur. Eyni zamanda, neftin dünya bazarındakı qiymətində də nisbi artım müşahidə edilir ki, bu da Azərbaycan üçün strateji əhəmiyyətə malikdir.

Bəs bu vəziyyət ölkəmizdə manatın məzənnəsinə necə təsir edə bilər? Hazırkı qlobal trendləri, dollar indeksinin enməsi və neftin qiymətindəki artımı nəzərə alsaq, yaxın dövrdə Azərbaycanda manatın dollara nisbətdə məzənnəsində hər hansı dəyişiklik gözlənilirmi?

Mövzu ilə əlaqədar "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırda ABŞ Prezidenti Donald Trampın düşünülməmiş şəkildə həyata keçirdiyi bəzi iqtisadi addımlar, xüsusilə də tarif siyasəti dolların digər aparıcı valyutalara nisbətdə ucuzlaşmasına səbəb olub.

Onun sözlərinə görə, lakin bu prosesin Azərbaycana birbaşa təsiri yoxdur:

"Çünki ölkəmizdə dollar-manat məzənnəsi bir neçə ildir 1.70 AZN səviyyəsində saxlanılır. Mərkəzi Bank 2017-ci ilin əvvəlindən bu sabit məzənnə siyasətini davam etdirir. İctimaiyyətdə bəzən “dollar bahalaşacaq” fikri səslənsə də, bu, əslində dolların əvvəlki mövqeyinə qayıtması ilə bağlı gözləntilərlə əlaqəlidir. Çünki son aylarda dollar avro da daxil olmaqla bir sıra əsas valyutalara nisbətdə nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Lakin Tramp administrasiyası bəzi tədbirlərdən geri çəkildikcə, dolların yenidən mövqeyini bərpa etməsi mümkündür".

Ekspert qeyd edib ki, bu qlobal tendensiyaların Azərbaycana dolayı təsiri də var:

"Belə ki, dolların ucuzlaşdığı dövrdə avro bahalaşır və manat dollara bağlı olduğu üçün nəticədə avronun məzənnəsi ölkəmizdə də yüksəlir. Bu isə avrozonadan idxal olunan məhsulların qiymətinə təsir edir.Əgər yaxın zamanda dollar yenidən bahalaşmağa başlasa, bu, Azərbaycan manatı ilə olan məzənnəyə ciddi təsir göstərməyəcək. Əvəzində, avro ucuzlaşa bilər ki, bu da xüsusilə idxal baxımından ölkə üçün müsbət hal kimi qiymətləndirilə bilər".


Geri qayıt