Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyandan gözlənilməz addım:

Paşinyandan gözlənilməz addım:


Dünən, 12:13

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik edib. O, bu barədə “X” hesabında paylaşım edib:

“Azərbaycan Respublikasını və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram”, – Paşinyan bildirib.

Ekspertlər düşünür ki, əslində bu, mühüm bir prosesin işartısıdır. Paşinyanın həm sülh sazişi, həm də Zəngəzur dəhlizi ilə bağlı bənzər mövqe sərgiləməsi gözləntiləri artırıb.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsi sıradan diplomatik protokol deyil:

“Paşinyan bu təbriki ilə həm erməni cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, Bakı ilə münasibətlərin normallaşması istiqamətində real iradə mövcuddur. Bu addım, xüsusilə son aylarda Ermənistan–Azərbaycan münasibətlərində müşahidə edilən nisbi konstruktiv dinamika fonunda diqqət çəkir.

Delimitasiya prosesi çərçivəsində Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması, Ermənistanın ərazi iddialarından rəsmi şəkildə imtina etməsi və regionda kommunikasiyaların açılması məsələsində səsləndirilən razılaşdırılmış ritorika onu göstərir ki, Paşinyan rəhbərliyi artıq sülh sazişinin labüdlüyünü qəbul edir. Bu təbrik, əslində İrəvanın Bakıya və beynəlxalq ictimaiyyətə mesajıdır: Ermənistan Cənubi Qafqazda müharibə yox, əməkdaşlıq istəyir.

qabil huseynli esas
Qabil Hüseynli

Paşinyanın bu niyyətinin səmimi olması təbii ki, sual altındadır. Hər şeydən öncə ona görə ki, Paşinyanın daxili siyasi mövqeyi hələ də zəifdir, müxalifət və revanşist dairələr onun sülh gündəmini sabotaj etməyə çalışır. Amma Azərbaycan üçün əsas məsələ konkret nəticələrdir. Əgər bu cür təbriklər real siyasi iradə ilə müşayiət olunacaqsa, bu, Bakı üçün məqbuldur. Hətta 2025-ci il regionda sülh sazişinin imzalanması üçün tarixi fürsətə çevrilə bilər.

Təbii ki, tək bir təbriklə geosiyasi kurs dəyişməz. Amma bu jest, danışıqlar masasında səmimi və konstruktiv bir atmosferin yaranmasına xidmət edə bilər. Azərbaycanın isə əsas tələbi sadədir: bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yeni mərhələyə keçid”.

Politoloq Oqtay Qasımov deyib ki, Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsi, əlbəttə ki, çox ciddi bir hadisədir:

“Hətta deyərdim, bu, Ermənistan tarixinə düşəcək bir hadisədir. Paşinyan sələflərindən fərqli olaraq bu məsələdə daha konstruktiv və cəsarətli addım atır. Bu, onu göstərir ki, Ermənistan daxilində ona qarşı müqavimətin olmasına baxmayaraq, münasibətləri normallaşdırmaqda qərarlıdır.

oqtay qasimov 5
Oqtay Qasımov

Bir müddət öncə Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı apardı. Həmin telefon danışığında da Ərdoğanı təbrik etdi. Bu, sülhə töhfə verəcək müsbət haldır, lakin daha ciddi addımların ardınca gəlməsi real deyil. Söhbət Zəngəzur dəhlizi və sülh sazişindən gedir. Hesab edirəm, bu məsələlərdə daha geniş bir zaman tələb olunur.

Bu gün Ermənistan daxilində çox ciddi proseslər gedir. Rusiya və onun dəstəklədiyi qüvvələr xüsusilə aktivləşib. Bu isə Paşinyana ciddi maneə törədə bilər. Bunun o da fərqindədir. Ona görə də daha ehtiyatlı davranmalı olacaq”.

Politoloq Kazım Kazımlı isə bildirib ki, Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsi ilk baxışdan müsbət jest kimi görünür:

“Bu, bir faktı yadıma saldı. Tarixdə bu tip jestlərin ən məşhur nümunələrindən biri 1986-cı ildə baş vermişdi. ABŞ Prezidenti Reyqan və SSRİ rəhbəri Qorbaçov qarşılıqlı olaraq bir-birlərinin xalqlarını Yeni il münasibətilə təbrik etmişdi. Soyuq müharibənin son raundunda bu qarşılıqlı jestlər yumşalmanın ilk addımları olmuşdu.

6704efb21ad3e 1
Kazım Kazımlı

Ümumiyyətlə, bu tipli mesajlar əsasən yumşalmaya işarədir. Paşinyan həqiqətən qərəzli fikirlərini bir kənara qoyub “yumşalma” xəttini izləyəcəkmi? Qafqazda sülhün bərqərar olması üçün çalışacaqmı? Yoxsa bu jest də ənənəvi avantürist davranışın qurbanına çevriləcək və yaddaşlarda impulsiv bir addım kimi qalacaq? Bunların hamısını zaman göstərəcək. Ümid edirəm, davamlı olsun”.


Geri qayıt