Əsas Səhifə > Ana xəbər / Güney Press > ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli

ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli


Bu gün, 11:05

2025-ci il iyunun 4-dən 6-dək Varşavada keçirilmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təşkilatçılığı ilə baş tutan 3-cü İnsan Ölçüsü Konfransında yenidən Ermənistan nümayəndə heyətinin humanitar gündəliyin siyasiləşdirilməsinə yönəlmiş bəyanatları səsləndi.

“İnklüzivlik: dözümlülüyün təşviqi və ayrı-seçkiliyə qarşı mübarizə vasitəsi kimi” mövzusuna həsr olunmuş bu konfransda inklüziv siyasətin inkişafı, mədəniyyətlərarası və dinlərarası dialoq, eləcə də ATƏT regionunda dözümsüzlüyün aradan qaldırılması məsələləri müzakirə olundu.

Fəqət bəyan edilən mövzu və formatdan asılı olmayaraq, bir sıra erməni qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarını Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün istifadə etdilər.

Onlar guya azərbaycanlıların törətdiyi “hərbi cinayətlər”, erməni qaçqınların aqibəti və erməni mədəni-mənəvi irsinin məhv edilməsi ilə bağlı iddiaları gündəmə gətirdilər. Bu iddialar guya “beynəlxalq reaksiya tələb edən” məsələlər kimi təqdim olundu, lakin nə hüquqi əsaslandırma, nə də etibarlı faktoloji sübutlarla müşayiət olunmadı.

Beləcə ATƏT/DTİHB Konfransı bir daha birtərəfli erməni təbliğatının səhnəsinə çevrildi. Dözümlülük və ayrı-seçkiliklə mübarizə əvəzinə Ermənistan təmsilçiləri bu forumu çoxdan köhnəlmiş “soyqırımı”, “etnik təmizləmə” və “dini təhlükə” şüarlarını təkrarlamaq üçün tribunaya çevirdilər.

Ermənistandan gəlmiş QHT nümayəndələrinin məqsədi problemin həlli yox, humanizm adı altında siyasi mesaj yaymaq idi. Bu kampaniyada ən fəal iştirakçı Qərb dairələri ilə sıx əlaqələri olan keçmiş deputat və hazırda Ermənistan hökumətinə xidmət edən saxta QHT-lərin - GONGO-ların şəbəkəsində fəaliyyət göstərən Qayane Abramyan oldu. O, Ermənistanın beynəlxalq məhkəmələrə iddialarını guya dürüstlük aktı kimi təqdim etməyə çalışaraq belə sual verdi: “Əgər Azərbaycan bizi günahkar hesab edirsə, niyə məhkəməyə müraciət etmir?”

Cavab sadədir: Bakı fərqli məntiqə əsaslanır. Azərbaycan nümayiş üçün deyil, beynəlxalq təcrübəyə əsaslanan sistemli hüquqi strategiya qurur.

Xatırlatmaq kifayətdir ki, qarşılıqlı məhkəmə iddialarından imtina bəndi Bakının istəyi yox, sülh danışıqları çərçivəsində Qərb vasitəçilərinin tövsiyəsidir və bu, münaqişənin hüquqi cəhətdən bitməsini və müharibədən sonrakı hüquqi rejimə keçidi ifadə edir.

Belə forumlarda Ermənistan nümayəndələri çoxdan əzbərlədikləri rolları oynayırlar: hüququ əlindən alınmış “qurban” obrazı. Amma bu görüntünün arxasında nə dayanır?

Ermənilərin səsləndirdiyi iddiaların heç biri müstəqil mənbələrlə təsdiqlənmir, təqdim edilən “hesabatlar” ya anonim ifadələrə, ya da özlərinin hazırladığı “nəticələrə” əsaslanır.

Ermənistan nümayəndələri dağıdılmış kilsələrdən danışır, amma onlarla məhv edilmiş məscidlərə susurlar. Onlar “mədəni soyqırımı” deyirlər, amma yandırılmış şəhərlər və talan olunmuş Azərbaycan kəndlərini görməzdən gəlirlər.

Bu saxta hüquq müdafiə kampaniyasının koordinasiyası ilə məşğul olan şəxs isə Qərb şəbəkə strukturlarında uzun illər fəaliyyət göstərmiş aktivist Daniel İonesyandır.

Onun məqsədi dialoq deyil, “təqib olunan millət” obrazı formalaşdırmaqdır. Bu obraz beynəlxalq platformalarda siyasi təzyiq vasitəsi kimi irəli sürülür və hüquqi iddialarla paralel olaraq Bakı üzərinə ideoloji basqı funksiyası daşıyır.

Beynəlxalq məhkəmələr ədaləti təmin etmir, əgər təbliğat alətinə çevriliblərsə. Ermənistan bu qurumları həqiqəti axtarmaq üçün yox, mifləri qanuniləşdirmək üçün istifadə etməyə çalışır. Bu, hibrid strategiyadır.

Avropa İnsan Hüquqları Məhkəməsinə, Beynəlxalq Cinayət Məhkəməsinə və digər instansiyalara təqdim olunan iddialar hüquqla bağlı deyil, hüquqi sistemin siyasi hücum meydanına çevrilməsi cəhdidir.

Halbuki AİHM-in dövlətlərarası ərazi mübahisələrinə dair mandatı yoxdur, Beynəlxalq Cinayət Məhkəməsi isə Roma Statutunu imzalamadığı üçün Azərbaycan üzərində yurisdiksiyaya malik deyil, Ermənistanın bütün ittihamları isə sübuta yetirilməmiş bəyanatlar və emosional ritorikaya əsaslanır.

Bakı isə, fərqli olaraq, emosional şantajla deyil, hüquqi əsaslarla hərəkət edir. Azərbaycanın təqdim etdiyi iddialar sübutlarla - peyk görüntüləri, ekspert rəyləri, dağıntı arxivləri və ekoloji cinayətlərin sənədləşdirilmiş faktları ilə müşayiət olunur. Bu - media üçün deyil, beynəlxalq presedent hüququnun gələcək əsasları üçün təqdim olunur. Bakı məhkəmələri şüarlar yox, faktlar qeydə alır.

Məhkəmə prosesi zamanı Ağdam, Füzuli, Kəlbəcər kimi şəhərlərdə törədilmiş dağıntılar, məscidlərə qarşı vandallıq aktları, deportasiya və yaşayış məntəqələrinin məhvi sənədləşdirilir. Bu - bir hüquqi xronikadır və illərlə işləyəcək.

Məhz bu səbəbdən Ermənistan tərəfi əsil panika içindədir. İrəvan ittihamlardan deyil, faktlardan qorxur. Çünki Bakıda keçirilən bir açıq məhkəmə prosesi, şahid ifadələri və ekspert rəyləri ilə birlikdə, ATƏT forumlarında deyilmiş onlarla boş bəyanatdan daha çox hüquqi çəkisi olan sübutlar təqdim edir. Buna görə də Ermənistan nümayəndə heyəti Azərbaycanın hər bir hüquqi arqumentinə əsəbi reaksiya verir. Ermənistan Konstitusiyasında “Qarabağın müstəqilliyinə dəstək vermək öhdəliyi” ifadəsi qaldıqca, heç bir sülh müqaviləsinin hüquqi qüvvəsi ola bilməz.

Bu, sadəcə siyasi anlaşılmazlıq deyil, gələcək iddiaların hüquqi əsasını qoruyan mina effekti daşıyır. Azərbaycan üzr yox, gələcək iddiaların hüquqi əsaslarının aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Ermənistanın canlandırmağa çalışdığı ATƏT-in Minsk qrupu isə artıq legitimliyini çoxdan itirib.

Onun reanimasiya cəhdləri yalnız prosesin ləngidilməsinə xidmət edir. Sülh - kağız üzərində yazılan formula deyil, münaqişəyə səbəb olan bütün hüquqi və siyasi amillərin aradan qaldırılmasıdır.

ATƏT/DTİHB konfranslarının moderatorları çox vaxt kənar müşahidəçilər kimi davranırlar. Onlar məsələlərin mahiyyətinə varmırlar, aydınlaşdırıcı suallar vermirlər, sübut tələb etmirlər. Ermənistan tərəfi mövzudan yayınanda - danışmağa davam etməyə icazə verilir. Azərbaycan nümayəndə heyəti təxribatlara diqqət çəkəndə isə reaksiya laqeyd olur.

Bu, neytrallıq yox, səssiz şəriklikdir. Əgər ATƏT qalan etimad qırıntılarını da itirmək istəmirsə, islahatlar aparmalıdır. Formada yox, məzmunda: hadisələri öz adı ilə adlandırmalı, hüquq müdafiəsi adı altında siyasi bəyanatlara yol verməməli və bütün tərəflərin bərabər təmsilçiliyini təmin etməlidir.

Erməni QHT-lərinin çıxışlarında “soyqırımı” anlayışının manipulyasiyası artıq norma halını alıb. Amma “100 000 zərərçəkən” iddiaları heç bir müstəqil mənbə ilə təsdiqlənməyib.

Beynəlxalq qurumlar, o cümlədən BQXK tərəfindən zorakı deportasiya halları qeydə alınmayıb. Əksinə, Azərbaycan dəfələrlə birgəyaşayış, vətəndaşlıq verilməsi və hüquqların qorunmasına hazır olduğunu bəyan edib. Ermənistanın taktikası “soyqırımı” anlayışını həddindən artıq şişirdilmiş formada istifadə edərək bu termini gözdən salmaqdan ibarətdir.

Bu, sadəcə yalan deyil, XX əsrin faciələrinin - Holokostun, Ruandanın, Srebrenitsanın - məqsədli şəkildə ucuzlaşdırılmasıdır. Hüquqi əsas olmadan bu termini işlətmək - müqəddəsə hörmətsizlikdir.

Azərbaycanın məntiqi - müqavimətdən quruculuğa keçiddir. Bakı təzminat tələb edir, ancaq qisas almır. Dağıtmır - bərpa edir.

Qəzəblə danışmır - sənədləşdirir. Azərbaycanın hərəkətləri münaqişənin təkrarlanmaması üçün sistemli şəkildə qurulub. Bu strategiya hər hansı emosional təbliğatdan daha güclüdür. Sülh müqaviləsi sadəcə xoş niyyət jesti deyil.

Bu, yeni tarixi mərhələnin hüquqi şəkildə təsdiqidir. Bu isə yalnız o halda mümkündür ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın, iddialardan imtina edilsin, “ikinci erməni dövləti” mifologiyası dağıdılsın və hüquqi münaqişəyə nöqtə qoyulsun.

Azərbaycan diplomatiyasına gur tribunalar lazım deyil. O, hüquq dilində danışır - və bu dili eşidirlər. ATƏT forumları isə sadəcə epizodlardır. Həqiqət isə məhkəmə qərarlarında, missiya hesabatlarında, peyk şəkillərində və arxivlərdə əksini tapır - və bu sənədlər bir gün beynəlxalq konsensusun əsasına çevriləcək. Ermənistan isə tamaşa oynamaqda davam edə bilər. Amma tarix teatr deyil. Tarix - protokoldur.

Erməni qurumlarının beynəlxalq arenada istifadə etdiyi əsas texnologiyalardan biri - əzabın simulyasiyasıdır. Yəni real əzab faktı deyil, sənədləşdirilmiş zorakılıq deyil - sadəcə simulyasiya.

Məsələn, birinci Qarabağ müharibəsi dövrünə aid fotoşəkillərdən istifadə olunaraq 2023-cü ilə aid olduğu iddia edilən saxta “hesabatlar” hazırlanır. Yaxud yalnız erməni mediasında danışan, heç vaxt başqa yerə müsahibə verməyən “güya şahidlərin” sitatları yayılır. Bu yanaşma Avropa auditoriyasında guya faciə təəssüratı yaradır. Amma bu, müstəqil faktlarla təsdiqlənməmiş illüziyadır. Eyni zamanda, Azərbaycan xalqının real faciəsi - Xocalı, deportasiya, dağıdılmış şəhərlər - hüquq müdafiə müzakirələrində demək olar ki, yer almır. Çünki bu faciə “Ermənistan - qurban, Azərbaycan - təcavüzkar” sxeminə uyğun gəlmir.

Simulyasiya teatrında xüsusi rolu “vətəndaş cəmiyyəti” adı ilə çıxış edən, amma faktiki olaraq dövlət siyasətinin uzantısı olan saxta QHT-lər oynayır. Onlar hüquq müdafiəçisi deyil, bir tamaşanın aktyorlarıdır. Hər hesabat, hər “panel” - bu böyük teatrın bir aktyor səhnəsidir.

Erməni fəallar tez-tez Avropa institutlarının dəstəyinə istinad edirlər. Amma bu dəstəyin arxasında nə dayanır? Əslində isə - soyuq geosiyasi hesablamalar. Türkiyənin qarşısını almaqda və Azərbaycanın regiondakı təsirini məhdudlaşdırmaqda maraqlı olan dövlətlər Ermənistanı vasitəçi kimi istifadə edirlər.

Fransa bu məsələdə ən bariz nümunədir. “Humanitar missiya” pərdəsi altında Paris Cənubi Qafqazda qeyri-sabitlik strategiyasını reallaşdırmağa çalışır və postsovet məkanına geri dönmək istəyir. Ermənistan bu oyunlar üçün ideal tərəfdaşdır: zəifdir, asılıdır və daxili hakimiyyətin legitimləşdirilməsi üçün xarici dəstək axtarır. Buna görə də onun QHT-ləri qrantlarla təmin olunur, nümayəndələrinə isə tənzimləməni pozsalar belə, söz verilir.

Azərbaycan isə fərqli obrazdadır: güclü, suveren, tabe olmayan. Məhz buna görə onun nümayəndələri çox zaman görməzdən gəlinir, hüquqi arqumentləri emosiyalara söykənən hay-küylü ittihamların kölgəsində qalır. Amma hüquq son nəticədə emosiyanı üstələyəcək. Azərbaycanın səsi - sənədlərdə, faktlarda və tarixdə qalacaq.

ATƏT/DTİHB böhranı təkcə siyasi deyil, həm də institusional xarakter daşıyır. Sülhü və insan hüquqlarını möhkəmləndirmək məqsədilə yaradılmış bu qurum getdikcə ayrı-ayrı aqressiv narrativlərin ruporuna çevrilir, xüsusilə də postsovet məkanına dair məsələlərdə.

Forumlar dialoq yox, ard-arda səslənən monoloqlara çevrilir, moderatorlar isə sadəcə statist funksiyasını yerinə yetirir, yekun sənədlər isə formal xarakter daşıyır. Əgər bu təşkilat islahat aparmasa, mənasını itirəcək. Konfranslarda iştirak sadəcə mənasız bir mərasimə çevriləcək. Bu isə bir şeyi göstərir: ATƏT regionda sülh faktoru olmaq qabiliyyətini itirəcək. Onun yerini artıq indi belə Bakının daha inamla çıxış etdiyi türk dövlətləri birliyi və İslam əməkdaşlığı formatları kimi yeni platformalar tutacaq.

Hər keçən gün bir həqiqət daha da aydın görünür: Qarabağ məsələsi mübahisə mövzusu deyil, siyasi keçmişin bir hissəsidir.

Mövcud reallıq bunu göstərir: Qarabağdakı erməni əhali regionu könüllü şəkildə və beynəlxalq humanitar missiyaların müşayiəti ilə tərk edib. Azərbaycan öz ərazisinə nəzarəti bərpa edib, bu zaman heç bir etnik təmizləmə baş verməyib. Ərazi demilitarizasiya olunub, infrastruktur bərpa olunur, dini abidələr isə restavrasiya edilir. “Qarabağda ermənilərin hüquqları” mövzusu reallıqda heç bir fakta əsaslanmayan bir simulyakrdır.

Amma bu mövzu İrəvan və onun himayədarları üçün konflikti davam etdirmək üçün bir bəhanədir. Bu mövzu yaşadıqca “qurban” obrazını saxlamaq mümkündür. Ancaq bu ritorika artıq keçmişin qalığıdır. Tarix irəliləyib. Ermənistan isə müasir dövlət olaraq yaşamaq istəyirsə, bunu dərk etməlidir.

Azərbaycan revanş yox, qayda təklif edir. Bu onun bütün strategiyasından görünür: ekspansiyadan imtina, beynəlxalq hüquqa istinad, bütün tələblərin hüquqi əsaslarla müşayiət olunması və dialoqa açıq mövqe - lakin illüziyalarsız. Tək şərt dürüstlükdür. Ermənistan sülh istəyirsə, konflikti yalnız ərazidə deyil, eyni zamanda şüurda, sənədlərdə və ritorikada da bitirməlidir. Sülh mümkün deyil, əgər İrəvanda hələ də “müstəqil Artsax” haqqında danışırlarsa. Sülh mümkün deyil, əgər məhkəmələr siyasi iddialarla doludursa. Sülh mümkün deyil, əgər ATƏT özünü ideoloji şantaj üçün platformaya çevrilməyə imkan verirsə.

Ermənistan özünü əzabkeş millət kimi təqdim edir. Azərbaycan isə qurur. Ermənistan ittiham edir. Azərbaycan isə sənədləşdirir.

Ermənistan xüsusi hüquqlar tələb edir. Azərbaycan isə beynəlxalq normalara riayət olunmasını tələb edir. Məhz bu səbəbdən gələcək baxımından Azərbaycan qalib gələcək. Çünki onun tərəfində tarix, hüquq və faktlar var.

Çünki gələcək çıxışlarda yox, qərarlarda qurulur. Əgər ATƏT/DTİHB bu həqiqəti anlamasa, o da mənasını itirmiş, ölü strukturlar sırasına qoşulacaq. Azərbaycan isə yoluna faktlarla davam edəcək.

Elçin Alıoğlu - Trend

Geri qayıt