Əsas Səhifə > Ana xəbər / Güney Press > Devalvasiyanın qarşısını belə almaq olar

Devalvasiyanın qarşısını belə almaq olar


Bu gün, 09:39

Son günlər devalvasiya ilə bağlı yayılan xəbərlər və iqtisadi dairələrdəki narahatlıq cəmiyyət arasında ciddi suallar doğurub. Valyuta bazarındakı dalğalanmalar fonunda hökumətin mövqeyi və mümkün addımları gündəmdədir.

Gerçək vəziyyət nədən ibarətdir? Üzən məzənnəyə keçilə bilərmi? Həqiqətən devalvasiya gözlənir, yoxsa bu, real deyil?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, neft gəlirləri ilbəil azalır və yaxın zamanlarda artacağı gözlənilmir:

“Artıq post-neft dövrünə yaxınlaşırıq, buna hazırlaşmalıyıq. Digər tərəfdən, yanlış iqtisadi siyasət nəticəsində ölkəmiz “Holland” xəstəliyinə tutulub. Əsas əlamət odur ki, neftdən kənar digər sektorlar batır. Hazırda qeyri-neft sahəsi qonşu ölkələrlə müqayisədə pis vəziyyətdədir. Həmçinin, iqtisadiyyata daxil olmayan gəlirlər Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən yaxşı idarə olunmur. Gəlirlilik qoyulan investisiyalar üzrə çox aşağıdır. Məsələn, SMP (Single-Minded Proposition – hədəflənmiş təklif) qiymətli indeksli kağızlara qoyulsaydı, gəlirlilik 10 dəfə yüksək olardı. Paralel olaraq, ölkə iqtisadiyyatına daxil olan neft gəlirləri də səmərəli şəkildə istifadə olunmayıb, kənd təsərrüfatını subsidiya ilə boğublar, fermerlər gübrə almaq əvəzinə, hətta onu nağd pula çevirirlər, bu sahədə məhsuldarlıq digər sektorlardan 10 dəfə azdır. Eyni zamanda, digər qabaqcıl sahələr yüksək vergiyə məruz qalır. Ona görə də ölkəmiz istər neft, istərsə də kənd təsərrüfatı sahəsində xammal istehsalçısıdır”.

İqtisadçı bildirib ki, Azərbaycanda 8 ildir, dolların qiyməti sabit saxlanılır:

“Bu da ölkədə qeyri-neft sektorunun formalaşmasının qarşısını alan amillərdən biridir. Biz üzən məzənnə rejiminə keçməliyik, bu, devalvasiyanın qarşısını alar. Eyni zamanda ölkəyə makroiqtisadi sabitlik gətirər. Bilirsiniz, inflyasiya ölkədə real sektorun rəqabət qabiliyyətini, onun ixrac potensialını aşağı salır. Dolların məzənnəsinin sabit saxlanması imkan vermir ki, inflyasiya təzyiqi məzənnəyə ötürülsün və yenidən qeyri-neft sektorunun rəqabət qabiliyyətini bərpa etsin. Dolların qiymətinin sabit saxlanılması ağrıkəsicidir və problemin həlli deyil”.


Geri qayıt