Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək…
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək…Bu gün, 09:13 |
![]() Məktəblərdə dərs yükünün həddindən artıq çox olması və dərslərin məzmun baxımından ağır, bəzi hallarda isə ali təhsil səviyyəsinə yaxın tədris olunması hazırda təhsil sistemində ən çox tənqid edilən məsələlərdəndir. Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. “Məktəblərdə dərs yükünün çox olması pedaqoji nəticə doğurmur. Əksinə, çox vaxt tədris yalnız çatdırmağa yönəlir, izah və mənalandırma isə ikinci plana keçir. Digər tərəfdən, dərs saatının çoxluğu şagirdin məktəbdənkənar inkişafına – musiqi, idman, sənət, kitab oxuma, ailə ilə vaxt keçirmə kimi vacib sosial komponentlərə imkan vermir. Bu yüklənmə yalnız şagirdləri fiziki və psixoloji baxımdan yormur, həm də ailələrin və müəllimlərin gündəlik həyatına birbaşa təsir göstərir. Ən ciddi narahatlıq isə ondan ibarətdir ki, bu cür intensiv, lakin səmərəsiz yüklənmə sonda nə düşünə bilən şagird, nə də real həyatda tətbiq edə biləcəyi bacarıqlara sahib fərd formalaşdırır. Hazırda ümumi təhsil məktəblərində, xüsusən V-XI siniflərdə orta hesabla həftədə 32-35 dərs saatı tədris olunur. Bu, beynəlxalq göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusilə də fənlər üzrə proqramların ağırlaşdırılması – məsələn, riyaziyyatda ali riyaziyyata yaxın anlayışların (determinant, limit, tənlik sistemlərinin həndəsi interpretasiyası), biologiyada isə ali tibbi səviyyədə molekulyar mexanizmlərin izahı məktəb təhsilini məqsədindən uzaqlaşdırır. Azərbaycanın təhsil sistemi bu yükləmə modelindən imtina etməli, az dərs saatı ilə çox bacarıq prinsipinə keçməlidir. Bunun üçün ilk növbədə fənlərin sayında islahat aparılmalı, dərsliklərin məzmunu yüngülləşdirilməli və pedaqoji yanaşma şagirdin iştirakına əsaslanmalıdır. Həmçinin müəllimlərin dərs yükü də bu sistemə uyğunlaşdırılmalı, onların hər dərsi layihə və fəal metodla təşkil etməsi üçün vaxt və metodoloji resurs təmin olunmalıdır. Əgər biz dəyişiklik istəmiriksə, şagirdlərin yalnız test həll edən, amma həyatın içində qərar verə bilməyən, özünü ifadə etməkdə çətinlik çəkən fərdlərə çevrilməsinə susmaq məcburiyyətində qalacağıq. Ancaq bu dəyişiklik baş verərsə, biz təkcə daha az yüklü deyil, daha ağıllı və bacarıqlı cəmiyyətə doğru irəliləyəcəyik. Bizə dərs yükü deyil, mənalı və öyrədən təhsil lazımdır. Əgər qərarlar statistikaya yox, insana əsaslanarsa, bu mümkün ola bilər”, – ekspert bildirib. Geri qayıt |