Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da...
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da...Bu gün, 08:43 |
![]() ABŞ-da erməni lobbisinin təhriki ilə türkofob və islamafob qüvvələrin anti-Azərbaycan demarşları səngimir. Məlum olub ki, indi də ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək və bu dinləmələrdə “erməni mədəni irsinin məhv edilməsi” məsələsinə də baxılacaq. “Azərbaycan hakimiyyəti erməni mədəni irsini məhv edir, Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altındadır”, - deyə açıqlamada utanmazcasına iddia olunur. Ardınca bildirilir ki, Azərbaycanda, ümumiyyətlə, dini etiqad azadlığı ilə bağlı vəziyyət guya narahatedicidir. Həmçinin bəzi şəxslərin Azərbaycan dövləti əleyhinə İrana casusluq etdikləri üçün həbs cəzaları alması dini etiqad azadlığının pozulması kimi təqdim olunur. Sitat: “Fevral ayında USCIRF ölkədə dini etiqad azadlığının vəziyyətini araşdırmaq və dini icma nümayəndələri, hüquq müdafiəçiləri və hökumət rəsmiləri ilə görüşmək üçün Azərbaycana səfər edib. USCIRF 2025-ci il üçün illik hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına görə Xüsusi Nəzarət Siyahısına daxil etməyi tövsiyə edib”. Xatırladaq ki, USCIRF Dövlət Departamentindən ayrı, Birləşmiş Ştatlar hökumətinin guya müstəqil və məsləhətçi orqanı sayılır. Göründüyü kimi, bəyanatda yenə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya-unitar quruluşuna hörmətsizlik edilərək, “Dağlıq Qarabağ” ifadəsi işlədilir. Amma erməni işğalı dövründə məhz Azərbaycanın dini-mədəni abidələrinin vandallığa məruz qalması, Qarabağda 67 məsciddən 65-nin dağıdılması, quru divarları qalan “Allah evlərində” isə donuz, inək saxlanılması barədə bir kəlmə də deyilmir. Hansı faktları ki, rəsmi Bakının çoxsaylı müraciətlərinə rəğmən, rəhbəri fransız və qatı türkofob olan YUNESKO bu günədək qeydiyyata almayıb. Bakı bu qəbil demarşlara qarşı nə etməlidir? Hansı ön tədbirlər görmək olar? Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bölüşüb: "Erməni lobisi nəinki Amerika Birləşmiş Ştatlarında, eləcə də Fransa, Kanada və digər ölkələrdə olduqca aktivdir və onların fəaliyyəti yalnız və yalnız anti-Azərbaycan, türkofobiya və islamofobiya üzərində qurulan bir siyasətdir. Burada mütəşəkkil, birləşmiş bir lobbidən söhbət gedir, mafiyadırlar. Onların yeganə marağı dünyada müxtəlif istiqamətlər üzrə Azərbaycanı gözdən salmaq, Azərbaycana qara yaxmaq, ermənilərin və Ermənistanın çirkin hərəkətlərini və siyasətlərini malalamaq və Azərbaycana qarşı ciddi təzyiqlərə nail olmaqdır. Təəssüf doğurur, amma biz artıq buna alışmışıq. Çünki bu xəstə təxəyyüllü insanlar yalnız və yalnız islamofobiya və türkofobiya üzərində Azərbaycan xalqına, türklərə qarşı düşmənçilik hissi yaradan, kin-nifrət aşılayan bir plan üzərində çalışırlar. İndi də ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası adlı bir qurum Azərbaycanda erməni mədəni irsinin məhv edilməsi məsələsi ilə bağlı bir müzakirə keçirmək istəyir. Bu qurum virtual dinləmələr təşkil edərək dünyada və müxtəlif ölkələrdə olan anti-Azərbaycan, antitürk və islamofob təxəyyüllü şəxslərin dinləmələrini həyata keçirdikdən sonra qərar qəbul etməyə çalışacaq və Azərbaycan hakimiyyətini tənqid edən, eyni zamanda ABŞ-ın hakimiyyət orqanlarına tövsiyə xarakterli bir sənəd hazırlayıb təqdim edəcək. Hazırda onların qısa zaman ərzində planlaşdırdığı bu görüşdə guya Azərbaycan hakimiyyəti erməni mədəniyyətini məhv edir və Dağlıq Qarabağda olmayan bir təhdiddən istifadə etməklə dini abidələri təhlükə altına salır. Halbuki hətta 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları dövründə, Bakıda yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən qorunub saxlanılıb. Amma işğal altındakı ərazilərdə yerləşən 67 məsciddən 65-i ermənilər tərəfindən məhv edilib və bu məscidlərdə donuz, heyvan saxlanılıb. Bu barədə nə UNESCO, nə də bu adı indi məlum olan Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası heç vaxt ciddi açıqlama verməyib. Çünki UNESCO Fransada, Parisdə yerləşir və Fransa hökumətinin təsiri altındadır. Hətta bu dini etiqad azadlığı ilə məşğul olan qurumlar müstəqil olsalar da, görünür ki, xristian dini ilə bağlı öz mövqelərini daha açıq şəkildə ortaya qoymaq istəyirlər. İslam dininə qarşı qanunsuz hərəkətlər edə bilərlər, məscidləri dağıda bilərlər, Allahın evinə qarşı hörmətsizlik edə bilərlər, amma xristian dini ilə bağlı hər hansı bir abidəyə toxunmaq isə “yolverilməz”dir. Halbuki bu, reallıqda belə deyil. Ermənilər Qarabağda bəzi yaşayış komplekslərini saxtalaşdırma adı altında guya dini məkana çevirərək, kilisə və ibadət yeri kimi göstərməyə çalışıblar. Daha sonra isə torpağın və əmlakın əsl sahibləri geri qayıtdıqdan sonra həmin binaları dini obyekt saydıqları yerləri öz təyinatı üzrə işlətməyə çalışırdılar. Mən şəxsən xatırlayıram ki, bir vətəndaşın evini, mülkünü darmadağın edib onun yerində bir kilisə inşa etmişdilər. Həmin vətəndaş məhkəməyə müraciət edərək illərlə öz torpağını və haqqını geri almağa çalışırdı. Bu necə Allahın evi ola bilər ki, başqa bir vətəndaşın yaşadığı evi dağıdıb onun yerində tikilir? Bu, nə dini etiqadla, nə ədalətlə, nə də hüquqla izah oluna bilər. Bu qurumun rəhbərlərinin iyun ayında keçirmək istədikləri bu tədbir erməni mafiyasının maliyyə dəstəyi ilə təşkil olunur və məqsəd yenə də Azərbaycana qarşı çirkin bir qərar qəbul etməkdir. Guya Azərbaycanda din azadlığı vəziyyəti olduqca narahatedicidir, absurddur. Halbuki bu gün özlərinin sanksiya tətbiq etdiyi İranın casusluq edən şəxsləri Azərbaycanda həbs ediləndə bunu “dini etiqad azadlığının pozulması” kimi təqdim etməyə çalışırlar. Bu isə əslində yalnız Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Özləri İrana sanksiya tətbiq edir, amma Azərbaycanda İrana casusluq edənlər tutulduqda onları guya dini hüquqları pozulan şəxslər adlandırırlar. Bununla da Azərbaycanı ləkələməyə çalışırlar. Əllərində tutarlı faktlar olmadığından, saxta faktlarla təzyiq etməyə çalışırlar". Çingiz Qənizadə onu da qeyd edib ki, guya fevral ayında bu qurumun Azərbaycanda dini etiqad azadlığının vəziyyətini araşdırmaq üçün din xadimləri, hüquq müdafiəçiləri və hökumət rəsmiləri ilə görüşdükləri deyilir və 2025-ci ilin hesabatında Dövlət Departamentinə Azərbaycanı “xüsusi nəzarətə ehtiyacı olan ölkə” kimi təqdim etməyi tövsiyə edirlər: "Bu, çirkin bir oyundur. Heç Allah da bunu götürməz. Hansı dinə xidmət etmələrindən asılı olmayaraq özləri də bilirlər ki, yalan danışırlar, dini etiqad adı altında saxta ittihamlarla çıxış edirlər və ABŞ hökumətində Azərbaycana qarşı mənfi imic formalaşdırmağa çalışırlar. Üstəlik, Azərbaycanın Konstitusiyasına da hörmətsizlik edirlər. Çünki “Dağlıq Qarabağ” adlı bir inzibati ərazi mövcud deyil. Azərbaycanın ərazi bütövlüyü və konstitusiyası unitar dövlət quruluşunu nəzərdə tutur və heç bir ikinci struktur mövcud deyil. ABŞ-da həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bildikləri halda bu termindən istifadə etməklə qərəzli olduqlarını açıq şəkildə nümayiş etdirirlər. Azərbaycan bununla bağlı nə etməlidir? Onlar iyunda virtual olaraq toplaşacaqlar, sonra ABŞ hökumətinə tövsiyə verəcəklər. Fikrimcə, Azərbaycanın ABŞ-dakı nümayəndələri səfirlik və Xarici İşlər Nazirliyi vasitəsilə öncədən ABŞ hökumətini məlumatlandırmalıdır ki, bu tədbir Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlikdir. Tədbirdə səslənəcək ifadələr və terminlər Azərbaycanın suverenliyinə təhdiddir. Buna görə də həmin qurumun rəhbərliyinə ciddi xəbərdarlıq edilməli və tədbirin qarşısı alınmalıdır. Hələ iyunun 5-nə xeyli vaxt var və ümid edirəm ki, Azərbaycanın müvafiq qurumları bu istiqamətdə ciddi addımlar atacaq". Geri qayıt |