Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edirBu gün, 06:29 |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmaması təkcə diplomatik jest deyil, həm də geosiyasi mesajdır. Bu qərar Rusiya ilə münasibətlərdə yeni bir mərhələnin başlandığının və Azərbaycanın Moskva ilə münasibətlərində müstəqillik və strateji balans xəttinə sadiq qaldığının sübutu kimi qiymətləndirilə bilər. Əvvəllər postsovet liderlərinin əksəriyyətinin iştirak etdiyi bu paradda indi yalnız bir neçə ölkə başçısının və separatçı qurumların rəhbərlərinin görünməsi ondan xəbər verir ki, Rusiya tədricən regional təsir gücünü itirir. Və 9 May tədbirləri artıq təkcə faşizm üzərində qələbə deyil, həm də Kremlin siyasi mövqeyini möhkəmlətmək üçün alətə çevrilib. Bu kontekstdə İlham Əliyevin Moskvaya getməkdən imtina etməsi, Ukrayna müharibəsinin fonunda Rusiya ilə məsafə saxlamaq siyasətinin davamı kimi dəyərləndirilir. Aydındır ki, Rusiya rəhbərliyi bu qərardan pəjmürdə olub. Çünki bu səfərin baş tutması üçün Azərbaycana xeyli jestlər edilmişdi. Maraqlıdır, rəsmi Bakının bu demarşına Kremlin cavabı necə ola bilər? Bu suala cavab axtarmaq üçün müstəqillik dövründə Rusiyanın Azərbaycana qarşı təzyiq və basqılar üçün istifadə etdiyi alətlərə göz gəzdirmək kifayətdir. İlk növbədə informasiya müharibəsi başlayır, Kreml mediası, təbliğat ruporları Azərbaycana qarşı hərəkətə gətirilir. Ehtimal etmək olar ki, bu dəfə də ilk və ən sürətli reaksiya Rusiya mediası və “ekspert dairələri”ndən gələcək. Müxtəlif informasiya resurslarında Azərbaycanla bağlı qərəzli reportajlar, təxribat xarakterli “analizlər”, Azərbaycanın daxili siyasətini hədəf alan kompromat materiallar yayılmasına start verilə bilər. Adətən, Moskvanın bu informasiya hücumları Azərbaycana qarşı ictimai və beynəlxalq təzyiq formalaşdırmaq, eyni zamanda daxildə narazılıq toxumu səpməyə hesablanıb. Kreml media platformaları Azərbaycanın Qərblə əlaqələrini “xəyanət” kimi qələmə verməyə çalışır, buna paralel olaraq regiondakı digər ölkələrə də “bu yolla getməyin təhlükəli olduğu” mesajı ötürülür. Kremlin əlində ikinci ənənəvi təzyiq rıçaqı Rusiyada yaşayıb-işləyən azərbaycanlı miqrantlara qarşı repressiyalardır ki, vaxtaşırı bu alətdən istifadə edilib. Rusiya illərdir ki, miqrantları siyasi təzyiq aləti kimi istifadə edir. Azərbaycandan Moskvaya və digər iri şəhərlərə işləməyə gedən yüz minlərlə insanın hüquqi statusu, iş imkanları və yaşayış şəraiti tez-tez hücum hədəfi olur. Qanunvericilikdə edilən dəyişikliklərdən sonra bu mexanizm daha da sərtləşə bilər. Xatırladaq ki, gələn aydan etibarən Rusiyaya getmək istəyən miqrantlardan xüsusi kod tələb olunacaq. Kodu təsdiq edilməyən azərbaycanlılar bu ölkənin ərazisinə buraxılmayacaq. Bundan başqa, yoxlamaların intensivləşdirilməsi, süni deportasiyalar, rəsmilərin “cinayətkar azərbaycanlılar” ritorikasını gücləndirməsi, diaspora qarşı ictimai qınaq kampaniyaları da təşkil edilə bilər. Bu cür tədbirlər vasitəsilə Moskva təkcə hökumətə deyil, eyni zamanda azərbaycanlı əhalinin özünə də “Rusiya ilə münasibətləri korlamağın bədəli” mesajını vermək istəyir. Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4.2 milyard dollardan çoxdur, onun əsas hissəsi Rusiyadan ölkəmizə idxal malları təşkil edir. Bu sırada buğda, yağ, qida əlavələri, elektrik avadanlıqları və s. gündəlik tələbat malları üstünlük təşkil edir. Azərbaycan isə qonşu ölkəyə əsasən kənd təsərrüfatı məhsulları satır ki, ümumi həcm 900 milyon dollar civarındadır. Rusiya hakimiyyəti vaxtaşırı bu malların ixracına süni əngəllər yaradıb. Münasibətlərin pisləşməsi fonunda iş adamları yenidən Azərbaycan məhsullarına süni “keyfiyyət yoxlamaları”, gömrükdə yubanma və əlavə sənədləşmə tələbləri ilə üzləşə bilər. Habelə, dövlətlər arasında birgə layihələrdə tərəddüdlər yarana, enerji və nəqliyyat sahələrində texniki sabotajlar müşahidə oluna bilər. Əvvəllər belə hallar Gürcüstan, Moldova və Ukrayna ilə münasibətlərdə müşahidə olunub. Moskva bu təcrübəni Azərbaycana qarşı da tətbiq etməyə çalışa bilər. Məsələyə regional kontekstdə baxsaq, Rusiyanın təsir alətləri xeyli zəifləsə də, müəyyən cəhdləri, fəallıqları mümkündür. Məsələn, Rusiya Ermənistanla münasibətlərini yenidən istiləşdirməyə çalışaraq, Azərbaycana qarşı regional təzyiq balansı yaratmağa çalışa bilər: Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində daha önə çəkilməsi cəhdləri; Qarabağla bağlı yeni informasiya manipulyasiyaları (məsələn, guya Azərbaycan təzyiqi və s.); Ermənistana diplomatik jestlər və iqtisadi paketlər. Bu cəhdlərin məqsədi Azərbaycanı “təklənmiş” vəziyyətdə göstərmək və Moskva qarşısında güzəştlərə məcbur etməkdir. Bəs Azərbaycan nə edir və nə edə bilər? İlham Əliyevin qərarı göstərir ki, Azərbaycan artıq “ikili asılılıq” siyasətindən imtina edib və özünü Cənubi Qafqazın suveren lideri kimi təqdim edir. Beləliklə: Avropa İttifaqı və Türkiyə ilə enerji və nəqliyyat layihələrini genişləndirir, Ukrayna və Mərkəzi Asiya ilə strateji yaxınlaşma kursu götürür; Rusiya ilə münasibətlərdə isə hörmətə əsaslanan, lakin asılı olmayan siyasət yürüdür və s. Siyasi analitik Fərhad Məmmədovun fikrincə, Prezident İlham Əliyevin 9 may paradında iştirak etməməsi təkcə simvolik jest deyil, eyni zamanda açıq siyasi mesajdır. Məmmədov bildirir ki, 9 may tarixi Rusiya Silahlı Qüvvələrinin bir neçə ay əvvəl səbəb olduğu təyyarə faciəsindən sonra Moskvanın Bakı qarşısında hansısa addım ata biləcəyi son müddət kimi qiymətləndirilirdi. Lakin Kreml bu tarixə qədər heç bir real tədbir görməyib. “Rusiya vaxtı itirdi, vəziyyəti yumşaltmaq imkanını qaçırdı”, – deyə Məmmədov qeyd edir. Nəticədə, Azərbaycanın dövlət başçısının Moskvaya getməməsi Rusiyada “demarş” kimi dəyərləndirilə bilər. “Qarşılıqlı münasibətlərdəki bu boşluq yaxın aylarda daha da dərinləşə bilər. Dekabrda qəza ilə bağlı yekun hesabat dərc olunacaq və bundan sonra hüquqi proseslərə start veriləcək. Əgər Moskva öz məsuliyyətini tanımasa, Bakı məhkəmə prosedurlarını başladacaq. Bu məsələdə Azərbaycanın mövqeyi hüquqa və ədalətə əsaslanır. Azərbaycan prinsipial mövqedən çıxış edir, bu mövqe isə həqiqətə əsaslanır”, – F.Məmmədov vurğulayıb. Yekunda qeyd edək ki, İlham Əliyevin Moskvada Qələbə paradında iştirak etməməsi sadəcə simvolik qərar deyil, Azərbaycanın müstəqil xarici siyasət kursunun açıq ifadəsidir. Rusiyanın bu addıma hansı formada reaksiya verə biləcəyini məlumdur. Ancaq bu addımlar Azərbaycanın beynəlxalq nüfuzunu zəiflətmək əvəzinə, əksinə, onun siyasi suverenliyini və regional liderliyini daha da önə çıxaracaq. Pressklub.az Geri qayıt |