Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib?
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib?Bu gün, 12:42 |
![]() “Qardaş Pakistanın baş nazirinin ölkəmizə dövlət səfəri regionda və dünyada cərəyan edən mühüm dəyişikliklər fonunda reallaşdığı üçün daha çox diqqət mərkəzindədir”. Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarında keçirilən son prezident seçkiləri öncəsi Donald Trampın səsləndirdiyi fikirlər, Ağ Evə sahiblənəcəyi təqdirdə həm Rusiya-Ukrayna müharibəsi, həm Yaxın Şərq, həm ABŞ-Avropa İttifaqı münasibətləri, həm də beynəlxalq təşkilatlara münasibətdə bir sıra yeniliklərin baş verə biləcəyini düşünməyə əsas verirdi: “Amma proseslərin bu qədər sərt və kəskin tələbələrlə müşahidə olunacağını heç kim gözləmirdi. Yaranmış mənzərə, hətta BMT-nin də yeni alternativ yaradılmadan fəaliyyətini de-fakto dayandıra biləcəyi ehtimalını yaradır. Doğrudur, BMT və onun Təhlükəsizlik Şurası da daxil olmaqla bütün strukturları qlobal proseslərə təsir imkanlarını çoxdan itiriblər. Amma bütün hallarda dialoq platformaları kimi mövcudluqlarını qoruyub saxlayırlar. Hazırda bu platformaların da sıradan çıxa biləcəyi və dövlətlərarası münasibətlərin ən yaxşı halda regional təşkilatlar müstəvisinə keçə biləcəyi perspektivi ortaya çıxıb. Rusiya-Ukrayna münasibətlərinin nəticəsi, həmçinin ABŞ-Aİ münasibətlərinin Vaşinqtonun tələbləri fonunda daha da kəskinləşməsi hətta Şimali Atlantika blokunun da parçalanmasına və mövcud qlobal təhlükəsizlik mexanizmlərinin tamamilə çökməsinə zəmin yarada bilər. Bu baxımdan, yeni dövr üçün tərəfdaş və müttəfiq ölkələrin regional və qlobal məsələlərlə bağlı intensiv əlaqədə olmalarına və təhlükəsizlik məsələləri ilə əlaqədar daha dərin işbirliyinə getmələrinə ehtiyac var. Azərbaycan-Pakistan münasibətlərinin inkişafında yeni mərhələnin başlanacağı və hətta yaxın gələcəkdə dərin regional əməkdaşlıq formatının ortaya çıxa biləcəyi mümkündür”. Deputat Vüqar Bayramov isə deyib ki, Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir: “Dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib. 2024-cü ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi təxminən 22 milyon dollar olub. Dövriyyə əvvəlki illə müqayisədə cüzi dəyişsə də, 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə müqayisədə 2 dəfəyə yaxın artıb. Ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Ölkələr arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 46.7 faiz artaraq 81 min 427 olub. Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və re-inteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir. Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir”. Geri qayıt |