Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj
Moskvadan Bakı və İrəvana ikibaşlı mesajBu gün, 09:17 |
![]() Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi kimi çıxış etməsi ideyasını rədd edib. Bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib. “Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, - o deyib. Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır. Azərbaycan da vasitəçiliyə qarşıdır. Bakı ikitərəfli danışıqlar formatını dəstəkləyir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə bildirmişdi ki, Moskva İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına kömək etmək istəyindədir. Öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 11-də Bakı və İrəvanın danışıqları müstəqil aparmağa qadir olduqlarını söyləyib. Peskov Rusiya üçün Cənubi Qafqazın sülh və tərəqqi ərazisinə çevrilməsinin vacib olduğunu söyləyib. İrəvanla Bakının yuxarıdakı dəyişməz mövqeyi Moskva üçün yetərlidirmi? Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiya tərəfi Azərbaycanla Ermənistan arasındakı münasibətləri 30 ildən artıq müddətdə manipulyasiya etdi və hər iki tərəfə təsir imkanlarını saxlamaqla, eyni zamanda Cənubi Qafqazda özünün aparıcı rolunu təsdiqlədi: “2020-ci il 10 noyabrda Azərbaycanla Ermənistan arasında Rusiyanın da iştirakı ilə üçtərəfli bəyanatın imzalanmasında da Rusiya Prezidenti Vladimir Putin təminatçı rolunda çıxış etdi. Bu anlaşmada Rusiya üçün müəyyən uyğun şərtlər də əks olundu. Rusiya bu üçtərəfli bəyanata əsaslanıb özünün sülhməramlı adlanan hərbi kontingentini Qarabağa yeritdi. 2020-ci ildən sonra Rusiya əslində özünün köhnə siyasətini həyata keçirməklə sülh prosesini ləngitməyə çalışdı. Məhz Rusiyanın prosesi uzatma cəhdləri hazırda onun özünə qarşı bir problemə çevrilib. Rusiya istəsəydi, elə ilk dövrlərdən Zəngəzur dəhlizinin açılmasına nail ola bilərdi, amma Rusiya bunu uzatdığından indi Ermənistan həm Rusiya qüvvələrinin Zəngəzur dəhlizinə nəzarət etməsinə, həm də sülh danışıqları prosesində Rusiyanın vasitəçiliyinə razı olmur". Politoloq qeyd etdi ki, 2022-ci ildə Rusiya ilə Qərb arasında münasibətlər kəskinləşəndən sonra Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh danışıqları prosesində aktiv rol oynamağa başladı: “Amma zamanla onlar da neytrallıq mövqeyini itirdiklərindən Azərbaycan onları prosesdən faktiki kənarlaşdırdı. 2023-cü ilin noyabrından ikitərəfli formatda danışıqlara keçilməsi təklifi ilə Azərbaycan çıxış etdi. Ermənistan bu təklifi qəbul etməkdən nə qədər yayınmağa çalışsa da, Azərbaycanın mövqeyinin qəbuluna nail olundu. Məhz bu təklifdən sonra göründü ki, vasitəçilərsiz olmadan ikitərəfli format daha effektiv formatdır. Çünki prosesdə nə qədər çox vasitəçi olarsa, proses o qədər ləngiyir və həmin prosesdən vasitəçilər öz maraqları üçün istifadə etməyə çalışırlar. Azərbaycanla Ermənistan heç bir vasitəçi olmadan əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda müsbət nəticəyə nail oldular. Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi ilə bağlı razılaşmalar da məhz bu formatda həll olundu. Bunun sayəsində Azərbaycanın işğal altında olan 4 kəndinin azad edilməsinin, sərhədlərdə delimitasiya və demarkasiya prosesinin şahidi olduq”. O.Qasımov vurğuladı ki, proses asan və hamar getmir: “Bunu müxtəlif formada ləngitməyə çalışan qüvvələr var. Məhz bu səbəbdən yenə də müxtəlif ideyalar ortaya çıxır və Rusiya da yenidən vasitəçiliyə cəhd edir. Amma ikitərəfli formatda qeyd etməliyik ki, iki dəfə Münhendə və o cümlədən 2024-cü ilin oktyabrında Kazanda Azərbaycanla Ermənistan vasitəçilərsiz görüşlər keçirdilər. Bu görüşlərdə də bir sıra məsələlər öz həllini tapdı, prosesdə müəyyən irəliləyişlər oldu. Rusiyanın indi yenidən vasitəçiliyə iddia etməsi təbii ki, Cənubi Qafqazda zəifləməkdə olan təsirini gücləndirmək məqsədi daşıyır. Yenidən özünün arxa bağçası saydığı Cənubi Qafqazda prosesləri nəzarətə götürmək və tərəflərə təsir göstərmək, təzyiq etmək imkanlarını əldə saxlamaq məqsədi güdür. Amma nə Azərbaycan, nə də Ermənistan vasitəçiliyə razılaşacaq. Ermənistan birbaşa danışıqlarda çox da maraqlı deyil, Ermənistan istəyir ki, bu prosesdə vasitəçi qismində Rusiya yox, Fransa, Avropa İttifaqı iştirak etsin. Amma Azərbaycan buna qarşıdır, heç Rusiyanın da vasitiçiləyinə maraqlı deyil. Əgər Ermənistan müstəqil siyasət yeridə bilsə, o zaman təbii ki, birbaşa danışıqlarla biz daha çox məsələləri, anlaşılmazlıqları həll edə bilərik. Rusiya isə vasitəçi olmaq üçün öz rolunu qabartmağa çalışmaqda davam edəcək”. Geri qayıt |