Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Kupça”sız evlər necə satılır?
“Kupça”sız evlər necə satılır?Bu gün, 16:30 |
![]() Azərbaycanda təxminən 400 mindən çox sənədsiz fərdi yaşayış evi var. Rəqəmlər illərdir artsa da, problem dəyişməz olaraq qalır. Qeyd edək ki, “kupça” verilməsə də, həmin evlərin əksəriyyətinin sahiblərində yalnız bələdiyyələrin verdiyi sənəd var. Satış zamanı həmin evlərin sənədi olaraq əsasən etibarnamə təqdim edilir. Eləcə də sənədsiz olan evlərin demək olar ki, əksəriyyəti kommunal xidmətlərə malikdir. Bəs “kupça”sız evlərin sakinləri etibarnaməni necə əldə edir və kommunal xidmətlərə dair sənədlərin evi alan şəxsin adına hansı yolla keçirilməsi mümkündür? Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, sənədsiz evləri vətəndaşlar etibarnamə ilə satırlar: “Eləcə də qarşılıqlı yazılı ərizə, öhdəlik ərizəsi və yaxud sayğacları alıcının adına keçirməklə, alıcını qeydiyyata salmaqla evi satır. Ortada rəsmi sənəd olmadığına görə, hər kəs bildiyi bir formada bir evi digərinə satır. Bəzi vətəndaşlar memarlara layihə çəkdirirlər, bu layihədə sadəcə alıcının adını yazırlar ki, sifarişçi bu şəxsdir. Onu vətəndaşa texniki pasport adı ilə o formada satırlar. Halbuki bu, tamamilə əsassızdır. Hər hansı bir memarın çəkdiyi layihə rəsmi sənəd deyil, sifariş üçün çəkilmiş sənəddir. Etibarnaməni notarius verir. Sadəcə onlar notariusa sənəd göstərə bilmirlər. İstənilən vətəndaş istənilən şəxsə etibarnamə verə bilər. Ancaq əslində etibarnamə veriləndə hansısa sənəd üzərində verilməlidir. Burada ortada sənəd də yoxdur”. Kommunalların çəkilişinə gəldikdə isə ekspert deyir ki, 2023-cü ilin oktyabr ayından etibarən çıxarışı olmayan evlərə kommunikasiya xətləri çəkilmir: “Əgər evdə hazır kommunikasiya varsa, ev sahibi bələdiyyədən vergi şəhadətnaməsi ala bilirsə, onun əsasında kommunikasiyanı qarşı tərəfin adına keçirilə bilər. Əks təqdirdə mümkün deyill, kommunal xidmətlər əvvəlki şəxsin adında qalacaq. Əgər sənəd varsa, “ASAN Kommunal” və yaxud kommunal üzrə müvafiq qurumların işçiləri sənədin digər şəxsin adına keçməsinə kömək edə bilərlər”. Geri qayıt |