Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə

Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə


Bu gün, 06:35
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan 2025-ci ildə Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyini deyib.

O, Bakı və İrəvanın sülh sazişinin yekunlaşdırılmasına çox yaxın olduğunu bildirib. Ovannisyan həmçinin delimitasiya prosesinin irəli aparılması üçün müsbət dinamikanın olduğunu qeyd edib.

Sülh prosesinin bu il sazişlə yekunlaşdırılması mümkündürmü? İrəvan rəsmisinin bu bəyanatları necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, İrəvanın rəsmi Bakının haqlı, beynəlxalq hüquqdan qaynaqlanan tələb və şərtləri yerinə yetirilmədən sülh müqaviləsinin imzalana biləcəyi və kommunikasiyaların açılacağına dair ümidlərinin heç bir perspektivi yoxdur:

“Görünür, Ermənistan sülh sazişinin razılaşdırılması üçün konkret addımlar atmaq əvəzinə, söz oyunu ilə vaxt uzatmağa davam edir. Xarici işlər nazirinin müavininin əsassız ümidlərinin də söz oyunundan başqa bir şey olmadığını düşünürəm.

“Sülh sazişinin imzalanmasına çox yaxınıq” – ifadəsi, özündə konkret zamanı əks etdirməyən cümlədir. Ermənistan rəsmiləri ən azı bir ildir ki, bu qəbildən olan açıqlamalarla çıxış edirlər, amma ortalıqda konkret nəticə yoxdur. “Yaxın” və “çox yaxın” ölçülə bilən anlayışlar deyil. Bizə görə bir neçə günü ifadə edən “çox yaxın” sözü, Ermənistan üçün bir neçə il mənasına gələ bilər”.

Deputat bildirib ki, Bakı üçün ilk növbədə Zəngəzur dəhlizinin açılması və Azərbaycandan-Azərbaycana maneəsiz gediş-gəlişin təmin edilməsi vacibdir:

“Dəhliz açılacağı təqdirdə, onun multimodal kommunikasiya vasitəsinə çevrilə biləcəyi ehtimalı kifayət qədər böyükdür. Ermənistan da Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın yaratdığı nəqliyyat habının imkanlarından faydalana bilər”.
Geri qayıt