Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın sirli ABŞ səfəri

Paşinyanın sirli ABŞ səfəri


Bu gün, 09:15
Paşinyanın sirli ABŞ səfəri
Ermənistanın baş naziri Nikol Paşinyan arvadı ilə birgə ABŞ-da səfərdədir. Rəsmi məlumata görə, o, Vaşinqtonda ermənilərin dini tədbirində, o cümlədən Milli Dua Naharında iştirak və çıxış edəcək. Lakin əsas hədəf təbii ki, bu deyil.

Bəs nədir? “Hraparak” erməni qəzeti yazıb ki, hakimiyyət Paşinyanın Vaşinqton səfəri çərçivəsində prezident Donald Trampla görüşünü təşkil etməyə çalışsa da, bu cəhdlər nəticəsiz qalıb. Bildirilir ki, görüşün baş tutması yönündə bir sıra ermənipərəst respublikaçı senatorların səyləri də uğursuz olub. O səbəbə heç olmasa, N.Paşinyanın yeni dövlət katibi Marko Rubio ilə görüşünün alınmasına çalışılır.

“Hraparak” həmçinin yazıb ki, ABŞ-dakı erməni diasporunun böyük bir hissəsi Paşinyanla görüşdən imtina edib. “Yeni Müsavat” xatırladır ki, D.Tramp ikinci dəfə ABŞ prezidenti seçiləndən sonra Paşinyan onunla artıq bir dəfə, andiçmədən öncə, Parisdə E.Makronla bir araya gəlib. Hətta şəkil də çəkdirib. Ancaq Tramp ermənipərəst Co Bayden deyil. Yəni hansısa dini tədbirdə çıxışa görə Paşinyanın basa-basa okeanın o tayına, minlərlə km uzaq ölkəyə getməsinə dəyməzdi. Elə isə Ermənistan hakimiyyəti nədən narahatdır? Yaxud Azərbaycana qarşı hansı hiyləsi, yeni planı var? Ermənipərəst kimi tanınan M.Rubio ilə görüş İrəvana nə verəcək? Rəsmi Bakı bu səfərdən narahat olmalıdırmı?

Yada salaq ki, Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. Sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imza atıblar. A.Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə “mühüm mərhələ” olduğunu vurğulayıb. “Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. Buraya iqtisadi, təhlükəsizlik və müdafiə məsələləri, demokratiya, insan haqları kimi məsələlər daxildir”. Qarşıdakı həftələrdə Birləşmiş Ştatların Gömrük və Sərhəd təhlükəsizliyi heyətinin Ermənistana səfər edəcəyini bildirən A.Blinken “Eagle Partner” kimi birgə təlimlər vasitəsilə Ermənistanın sülhməramlı missiyasını gücləndirmək üçün Vaşinqton özünün “strateji tərəfdaşı” ilə sıx işləyəcəyini vurğulayıb. 4 səhifədən, preambula və 3 bölmədən ibarət xartiyanın üçüncü bölməsi “Müdafiə və təhlükəsizlik” adlanır. Elə ikitərəfli şübhəli sövdələşmənin, yəni xartiyanın mahiyyəti və əsas niyyəti bu bölmədə “gizlənir”. Sənəddən faktiki surətdə belə nəticə hasil olur ki, ABŞ Ermənistanın suverenliyinin təminatçısı missiyasını öz üzərinə götürür. Amma bu missiyanın görünməyən tərəfi Cənubi Qafqazda hərbi iştirakını reallaşdırmağı düşünən Vaşinqtonun məqsədi bu üsulla bölgədə Rusiyanın və İranın mövqelərini ələ keçirməkdir.

Ermənistan-ABŞ sənədinin tezbazar imzalanması Tehrana İrəvanın okeanın o tayında güclü müdafiəçisinin olduğunu göstərmək məqsədi daşıyır. 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana hərtərəfli dəstək vermək öhdəliyi götürdülər və bu, aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə sənəd imzalanması ilə isbatlandı.

“Ayaqüstü bir dialoq olmasını istisna etmirəm. Hərçənd nə Ağ Ev, nə Paşinyanın ofisi belə xəbər yayıb”,- “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə belə hesab edir. Onun zənnincə, Ermənistan imzalanan xartiyadan sonra ABŞ-ın yeni rəhbərliyi ilə danışıqlara can atır və dəqiqləşdirmə aparır: “Paşinyan öyrənmək istəyir ki, Tramp iqtidarı ona hansı səviyyədə yaxındır. Hər halda, Bayden qədər olmayacaq, amma dəstək davam edəcək. Burada strateji hədəflər var. Birincisi, Rusiyanın forpostunu əlindən almaq, ikincisi, Cənubi Qafqazda mövqelərini gücləndirmək. Ona görə Trampla bağlı məsələ deyil, Birləşmiş Ştatların İrəvana münasibəti bölgəmizlə bağlı siyasətindən qaynaqlanan bir dəstəkdir”. Ç. Qənizadə güman edir ki, Paşinyan bir sıra görüşlər keçirəcək və bununla erməni cəmiyyətinə onu hansı qüvvələrin dəstəklədiyi mesajını verəcək: “Onun addımları daxildə mövqeyini möhkəmləndirməyə də hesablanıb. Ermənilərə demək istəyir ki, biz Amerika ilə işləyirik və Rusiyadan xeyir gəlməz. Məncə, Rusiya bu addımları təmkinlə təqib edir. Moskva kiçik Ermənistanı istədiyi zaman yenidən ram edəcəyinə arxayındır. Ancaq deyə bilmərəm ki, nə qədər əmindir. Söhbət Qərbin Ermənistanda təsirlərinin artmasından gedir. Rusiya kontur addımlar atmır. Görünür ki, hazırda sanksiyalar altında olan ölkə üçün Ermənistanla ticarət dövriyyəsinin artması daha əhəmiyyətlidir və digər hərəkətlərə göz yumulur. Rusiya regionda doktrinanı dəyişmək məcburiyyətində qalacaq”. Hüquq müdafiəçisinin fikrincə, əgər Tramp Paşinyanla görüşsə, bu, Vaşinqtonun İrəvana açıq dəstəyi kimi qəbul olunacaq.

Siyasi ekspert Fuad Əliyevin fikrincə, Paşinyanın səfəri ABŞ-dan daha böyük dəstək qoparmaq məqsədi daşıyır: “Ermənistan hakimiyyəti özünü Rusiyadan uzaq hesab edir. Son imzalanan sənəd isə münasibətlərdə yeni mərhələdir. ABŞ strateji tərəfdaşlıq sazişi imzalanmış bir ölkənin baş nazirini necə qarşılayacaq, hər şey bundan asılıdır. Paşinyan müxtəlif kanallar vasitəsilə Trampa çıxış əldə etmək istəyəcək. Təbii ki, onunla yanaşı dayanıb şəkil çəkdirmək istəyərdi. Bunu da böyük bir piara çevirmək arzusundadır. Ancaq düşünmürəm ki, bu görüş baş tutsun. Əsas məsələ onun diasporla görüşüdür. Ona çətin suallar veriləcək. Paşinyan isə günahı keçmiş klanda axtarmağa başlayacaq”. Ekspert istisna etmir ki, amerikalı mühafizə alayının Ermənistana yerləşməsi bir daha müzakirə oluna bilər: “ABŞ əsgərlərinin İranla sərhədə yerləşməsi gözlənilir. Buna Rusiya və İranın reaksiyası maraqlıdır. Çünki İranla sərhəddən rus hərbçiləri çıxırlar. Onların boşalan yerinə amerikalılar gələcəksə, birincisi Tehran etiraz etməlidir. ABŞ İrana sanksiya qoyur, Ermənistan isə sərhədinə onun əsgərlərini gətirir. Üstəlik, özü də ABŞ-a gedərək görüşlər keçirir”.

Qeyd edək ki, Paşinyan Millii Dua Səhəri tədbirində iştirak etmək üçün ABŞ-a gedir. Erməni mediası isə əslində bunun bəhanə olduğunu, Paşinyanın ABŞ-ın yeni administrasiyasından kiminləsə görüşməyə çalışdığını yazıb.

Geri qayıt