Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir"
"Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir"28-01-2025, 16:09 |
Bəzən elə olur ki, bir neçə banka kredit borc olan şəxslərə banklar təklif edir ki, digər bankın borcunu ödəsin və müştəri tək o banka borclu qalsın. Məsələn; mənim 3 banka kreditim varsa, banklardan biri mənim ödəmə qabiliyyətimə baxaraq, məni öz daimi və güvənli müştərisinə çevirmək istəyir. Bu səbəbdən də mənə daha əlverişli üsul təklif edərək, yalnız onun müştərisi olmağım üçün addımlar atır. Bu proses banka nə qazandırır? Bu preosesdə müştərinin qazancı nə olur? İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir bank yaxşı ödəniş qabiliyyəti olan müştərilərini artırmaqda maraqlıdır və onların bütün dövriyyəsini öz sisteminə daşımağı hədəfləyir. “Bir şəxs əgər bir neçə bankda kredit götürübsə və ya götürə bilibsə, böyük ehtimalla bunun yaxşı ödəniş qabiliyyəti, gəliri və ya maaşı var. Əks halda, bir neçə bankdan gedib kredit götürə bilməzdi. İstənilən halda banklar yoxlayır. Sən artıq bir bankdan kredit götürmüsənsə, kredit bürosundakı tarixçəndə görünür. Sən başqa banka gedirsən, o da sənə kredit verir. Əgər sənə kredit verilirsə, bu da o deməkdir ki, sənin 2-3 krediti ödəmək üçün gəlirin kifayət qədərdir. Bu səbəbdən də banklar arasında belə müştərilər uğrunda böyük bir rəqabət var. Həmin banklar təklif edir ki, “Kreditini mənə gətir, sənin digər banklara olan borcunu bağlayım, sən ancaq mənə borclu ol”. Banklar bu prosesə maraqlıdır. Qeyd edim ki, bu təklif hər müştəriyə edilmir. Məsələn; elə şəxslər var ki, bir neçə krediti var və heç birini də ödəyə bilmir. Ona heç kim belə bir təklif edə bilməz. Ancaq banklar baxırlar ki, şəxs bir neçə bankın kreditini ödəyə bilirsə, deməli, yaxşı müştəridir, o zaman faiz gəlirini bizə versin. Bu baxımdan banklar bu müştərilərə təklif edir və bəzən də aşağı faizlər təklif edirlər. Ümumiyyətlə, yaxşı müştəriyə aşağı faiz təklif edilir. Bu, normal haldır”-deyən iqtisadçı qeyd edib ki, vətəndaş da bankların bu təklifindən istifadə etməyi bacarmalıdır. “Banklar arasındakı rəqabət kredit ödəyicisi üçün faydalıdır. Əgər müştəriyə bankdan belə bir təklif gələrsə, müştəri özü də faizin endirilməsini tələb edə bilər. Deyə bilər ki, “o zaman mənim üçün faizdə endirim edin”. Müştəri üçün də bir banka ödəniş etmək daha rahat olar. Bu baxımdan hər iki tərəf üçün yaxşı haldır”-deyə Əkrəm Həsənov əlavə edib. Geri qayıt |