Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan ÜST-dən çıxacaq?
Azərbaycan ÜST-dən çıxacaq?Dünən, 15:16 |
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan kimi bir sıra fərman və sərəncamlar imzalayıb. Donald Trampın qərarına əsasən, ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb. Vaşinqtonun təşkilatdan çıxmasına səbəb kimi ÜST-ün COVID-19 pandemiyası ilə bağlı qeyri-adekvat addımları, habelə ABŞ-dən haqsız olaraq ağır ödənişlər tələb edilməsi göstərilir. Donald Tramp həmçinin, ABŞ-nin Paris İqlim Sazişindən çıxması prosedurunu rəsmi şəkildə başladan fərman imzalayıb. Yeni and içmiş prezident fərmana “Capitol One Arena”dakı çıxışından sonra tərəfdarlarının qarşısında imza atıb. Donald Tramp ilk prezidentliyi dövründə ABŞ-ni sözügedən sazişdən çıxarmışdı. Prezident Co Baydenin vəzifəyə başladığı ilk ildə ölkəsini yenidən sazişə daxil etmişdi. Bəs Ümumdünya Səhiyyə Təşkilatının taleyi nə olacaq? Mövzu ilə bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması onun nüfuzuna təsir göstərəcək: “Tramp birinci prezidentlik dönəmində də Ümumdünya Səhiyyə Təşkilatından çıxmışdı. O zaman həmin təşkilatın xeyli dərəcədə nüfuzu da aşağı düşmüşdü. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya dövründə özünü doğrultmadı. Kifayət qədər səhv qərarlar alındı, lazımsız qapanmalara gedildi, iqtisadiyyat çökdü, dünyada inflyasiya yarandı, qiymətlər artdı. Bütün bunlar həm də ÜST-ün aldığı qərarlar ilə bağlı idi. Ola bilər ki, bu təşkilatın yenidən performat olunmasının yaxın zamanlarda şahidi olduq”. Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın mövqeyi isə çox güman ki, müttəfiq dövlətlərin mövqeyindən asılı olacaq: “Azərbaycanın mövqeyi isə çox güman ki, müttəfiq dövlətlərin, yəni Türkiyənin mövqeyindən asılı olacaq. Əgər Türkiyə ilə birgə belə bir qərar verilərsə, mən təəccüblənmərəm. Çox güman ki, beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr olacaq”. Geri qayıt |