Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ankara ilə İrəvan arasında dialoq...

Ankara ilə İrəvan arasında dialoq...


Dünən, 11:13
Ankara ilə İrəvan arasında dialoq...
Zəngəzur dəhlizi regional geosiyasi tarazlıqlara ciddi təsir edən məsələ kimi getdikcə daha çox diqqəti cəlb edir və aktuallaşır. Bu dəhliz Azərbaycan və Naxçıvan Muxtar Respublikası, dolayısı ilə Türkiyə ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyır.
Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlunun da qeyd etdiyi kimi Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri davam etdirir.
O bildirib ki, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin effektivliyini artırmağa çalışır. Nazirin sözlərinə görə, belə layihələrdən biri də Zəngəzur dəhlizidir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq:

“Hazırda dünyada müxtəlif sahələrdə, o cümlədən də nəqliyyat sektorunda güclü rəqabət var. Şirkətlər öz mallarını beynəlxalq bazarlara çıxarmaqdan ötrü daha ucuz başa gələn və daha sabit bölgələrdən keçən marşrutlara üstünlük verir. Bu baxımdan, türkdilli dövlətlərin zəngin iqtisadi potensialı gələcəkdə Zəngəzur dəhlizinin funksionallığının yüksək səviyyədə təmin olunmasında mühüm rol oynaya bilər”.

Türkiyəli nazirin oxşar açıqlamanı cari il ərzində bir neçə dəfə səsləndirdiyini xatırladan politoloq deyib ki, Zəngəzur dəhlizi ilə bağlı razılıq olmasa da, Abdülkadir Uraloğlunun dəhlizlə bağlı ümidverici açıqlamaları ümumi işin xeyrinədir:
"Ankara ilə İrəvan arasında dialoq davam edir və mümkündür ki, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılmasıyla bağlı üzərlərinə müəyyən öhdəliklər götürüblər. İrəvanı tələsdirməyə məcbur edən başqa gedişat da var. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək".

Geri qayıt