Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Son qərar üçün AZ VAXT QALDI
Son qərar üçün AZ VAXT QALDIDünən, 09:23 |
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivi və ona mane olan əsas səbəblərdən biri kimi Avropa İttifaqı müşahidəçilərini göstərib. Rəsmi Bakı müxtəlif tribunalarda buna qədər də Avropa İttifaqı müşahidəçilərinin Ermənistandakı fəaliyyətindən narazılığını ifadə edib, amma ilk dəfədir bu tələbi sülh sazişinin bir hissəsi kimi təqdim edir. Xatırladaq ki, gələn ilin yanvarında Avropa İttifaqı missiyasının Ermənistanda mandatı başa çatır, onun uzadılıb-uzadılmayacağı hələ məlum deyil. Rəsmi İrəvan hələ ki belə bir xahişlə Aİ rəhbərliyinə müraciət etməyib. Amma Fransanın Ermənistandakı səfirinin xüsusi canfəşanlığı göstərir ki, Makron hökuməti missiyanın fəaliyyətinin davam etməsi, hətta genişləndirilməsi ilə bağlı Paşinyan hökumətinə təzyiq edir. Bu yaxınlarda Paşinyan avropalı nümayəndələrin sərhədin artıq delimitasiya və demarkasiya olunmuş hissələrində görünməyəcəyinə işarə etdi. Yəni belə çıxır ki, müşahidəçilər hələ uzun illər Azərbaycanla sərhəddə olacaq. Ermənistan bu yanaşma ilə sərhədin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiyanın effektivliyini şübhə altına alacaq və onu iflic vəziyyətinə salacaq. Axı o zaman Azərbaycan da komissiyanın fəaliyyətini davam etdirmək üçün Aİ missiyasının fəaliyyətinin dayandırılması ilə bağlı şərt qoya bilər. Ermənistan gələn ilin əvvəlində bitəcək missiyanın fəaliyyətinin uzadılması tələbi ilə hələ də Aİ-yə müraciət etməyib. Bununla yanaşı, Aİ-nin özündə də maraqlı proseslər gedir. Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyinin strukturları 2024-cü il üçün büdcəsini azaldıb və 2025-ci ildə məhdudiyyətlər gözlənilir. Yeni Ali Nümayəndə Kaja Kallas Aİ-nin xarici təmsilçiliyini optimallaşdırmaq üçün təkliflər hazırlayıb. Bu şərtlər daxilində Aİ-nin Ermənistanda missiyasını uzatmağa hazırlaşması sual doğurur. Rusiyaya sanksiyalardan yan keçmək üçün şərait yaradan və Rusiya büdcəsini doldurmaqla məşğul olan ölkədə Avropa İttifaqı niyə missiya ilə iştirak etməlidir. Beləliklə, Ermənistan hakimiyyəti üçün yenidən çətin dilemma yaranıb. Azərbaycanın sülh üçün əsas şərtlərindən birini yerinə yetirib, Aİ müşahidəçilərini ölkədən çıxarmaq, yoxsa Fransanın diktəsi ilə hərəkət edərək onların müddətini uzatmaq? Baş nazir Nikol Paşinyanın düşünmək üçün az vaxtı var, yaxın həftələrdə bu barədə qərar verməlidir. Qərarı necə olacaq? “Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti sülh sazişinin imzalanmasına mane olan 4 məsələdən danışıb. Onların ikisi sülh sazişinin mətnində var, ikisi yoxdur: "Olmayanlar konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbidir və bir də Minsk Qrupunun ləğv olunması üçün ATƏT-ə rəsmi müraciət. Bunların hər ikisini Nikol Paşinyan sülh sazişinin imzalanmasından sonraya saxlayır. Bunun üçün müxtəlif bəhanələr gətirir. Sülh sazişinin mətnində olan və hələ razılaşdırılmayan iki bəndlə bağlı da Azərbaycan Prezidenti öz mövqeyini ifadə eləyib ki, əgər biz sülhə gediriksə və Ermənistan səmimi şəkildə sülh istəyirsə, Azərbaycan sərhədində xarici müşahidəçilərin yerləşdirilməsinə nə ehtiyac var? İkinci məsələ yenə də sülhə gedən bu iki dövlətin bir-birinə qarşı məhkəmə iddialarından imtina etməsidir ki, burada Azərbaycan əslində daha çox fədakarlıq və güzəşt edir. Sadəcə olaraq, Ermənistan beynəlxalq məhkəmə qurumlarına təsir etmək imkanlarını nəzərə alır və Azərbaycana qarşı çoxlu iddialar qaldırır və qaldırmaq fikrindədir. Baxmayaraq ki, 44 günlük müharibəyə qədər Azərbaycana Ermənistan tərəfindən çox böyük miqdarda zərər vurulub və bu zərərin miqdarı təxminən 150 milyard dollardır. Azərbaycan təklif edir ki, qarşılıqlı məhkəmə iddialarından imtina eləyək. Çünki əgər sülh istəyiriksə, normal qonşu olmaq istəyiriksə, bu cür qarşılıqlı iddialarla normal münasibət qurmaq çox çətindir. Ermənistan bunu da qəbul eləmir. Məlumdur ki, Avropa İttifaqı missiyasının müddəti bitmək üzrədir və Azərbaycan Prezidentinin həmin müsahibəsi də Ermənistanla sülh imzalamağın yolundakı əsas maneəni götürməyə xidmət edir. Çünki sərhədimizdə avropalı müşahidəçilərin yerləşdirilməsi qarşılıqlı etimadın olmamasının göstəricisidir. Etimad yoxdursa, sülh sənədini imzalamağın mənası da yoxdur. Ancaq Nikol Paşinyan hələ ki bu düzgün konstruktiv təklifdən də imtina yolunu tutub. Hərçənd özü də başa düşür ki, o missiyanı orada saxlamağa ehtiyac yoxdur. Ancaq görünür, Avropadakı əsas "yol göstərənindən" - Fransadan icazə almalıdır". Ekspertin sözlərinə görə, çox güman ki, Fransa Paşinyana icazə verməyəcək. Ona görə də burada ABŞ-ın mövqeyi həlledici olacaq: “Çox güman ki, Donald Tramp sülh sazişinin qısa müddətdə imzalanmasını istəyəcək. Bu səbəbdən yəqin ki, Ermənistana zəruri təzyiq göstəriləcək. Fransanın mövqeyi əks-mövqedir. Fransa əlindən gələni eləyəcək ki, Ermənistan təzyiqlərin qarşısında geri çəkilməsin və sülh müqaviləsinin imzalanması daha çox bu qarşıdurmanın nəticəsindən asılı olacaq. Əgər Tramp Makronu yerində oturda bilsə və onu qeyri-konstruktiv mövqedən çəkindirə bilsə, yəqin ki, 2025-ci ildə sülh sazişinin imzalanması mümkün ola bilər. Əgər Tramp buna nail ola bilməsə, Makronun Cənubi Qafqazda təxribatları davam edəcək". “Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq”. Bunu isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev dünən ilin yekunlarına dair mətbuat konfransında bildirib. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının fəaliyyətinə toxunan mərkəz rəhbəri Kanadanın ona qoşulması ilə onun “Avropa İttifaqı Plus” formatına keçdiyini söyləyib: “Sərhəd zonasında heç bir üçüncü dövlətin qüvvələri olmamalıdır. Hazırda Ermənistan-Azərbaycan sərhədindəki missiya "Avropa İttifaqı Plus" formatına çevrilib. Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq. Ermənistan istəyir ki, həmin missiyanın fəaliyyətini uzatsın". F.Şəfiyev əlavə edib ki, rəsmi İrəvan hazırkı mövqeyini davam etdirsə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür. Geri qayıt |