Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dünyanın bölüşdürülməsində biz də varıq!

Dünyanın bölüşdürülməsində biz də varıq!


Dünən, 09:22
Dünyanın bölüşdürülməsində biz də varıq!
2020-cü ilin 27 sentyabrından başlayan və çoxəsrlik tariximizdə zəfər hərəkatı və müqəddəs savaş kimi dəyərləndirilən 44 gündən sonrakı hər yeni ilin ümumi yekunlarına məhz qələbəmizin konteksində dəyər verməliyik.

Bu sözləri millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Axar.az-a 2024-cü ilin siyasi yekunu ilə bağlı danışarkən deyib.

O bildirib ki, çoxəsrlik məğlubiyyətlər, köçkünlük, torpaq itkiləri, işğallar, millətimizin iqtisadi cəhətdən yağmalanması və hər zaman 3 və 4-cü dövlətlərin müdaxiləsi genetik və nəsillərarası ötürülən məğlubiyyətləri meydana gətirmişdi:

“Ancaq son 4 ildə hər şey dəyişdi. Bu ili Xankəndi zirvəsindən keçərək, həm də quruculuq, uğurlar, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükəsizlik istiqamətində mövqelərimizin güclənməsi kimi dəyərləndirə bilərik. Bunlar çox önəmli məsələlərdir. Həqiqətən də Qarabağın qlobal layları tərpətdiyini deyərkən, dövlət başçısı məhz 1989-1990-cı illərdə proseslərin SSRİ-nin dağılması istiqamətində getdiyini nəzərə alırdı və indi sanki dünyada başlanğıc nöqtəsinə yenə də Qarabağ çevrildi.

Rusiya-Ukrayna savaşı, Yaxın Şərqdə gedən ağır hərbi əməliyyatlar və coğrafiyasının genişlənməsi, hətta bizim də daxil olduğumuz makro-regionda yaşanan kataklizm, təhlükəsizlik sisteminin çökməsi fonunda 2024-cü ili qiymətləndirsək, birinci deməliyik ki, Azərbaycana müəyyən qədər xarici təsir və təzyiqlərin artmasına, qələbəmizin gözdən salınması cəhdlərinə baxmayaraq, başa vurmaqda olduğumuz il ölkə başçısının qətiyyəti, iradəsi ilə uğurlu oldu. Biz özümüzün regional maraq və mənafeyimizi qoruya bildik. Ölkəmizin təhlükəsizliyi təmin olundu. Bayaq qeyd etdiyimiz həmin xaos axınları ən azı ölkəmizdən yan keçdi. Qələbəmizi qorumaqdan əlavə coğrafi olaraq da böyüdük. İndi siyasi cəhətdən genişlənmə mərhələsindəyik. İlk dəfədir ki, dünyanın yenidən bölüşdürülməsi prosesində bir subyekt kimi iştirak edirik”.

Zahid Oruc əlavə edib ki, türk dövlətləri ilə əlaqələrin yeni mərhələyə daşınması, bu qurumun beynəlxalq münasibətlər sistemində aparıcı oyunçuya çevrilməsi, qardaş ölkə ilə münasibətlərin daha da genişlənən səviyyəsi, Yaxın Şərqdə Suriya üzərindən şəkillənən geosiyasət proseslərində Azərbaycanın mövqeyi bu il əsas hadisələrdir:

“Üçüncü mühüm məqam isə sülh danışıqlarında Azərbaycanın diktə edən mövqeyini gücləndirməsidir. Ermənistan tərəfi tələblərin əksəriyyətini qəbul etmiş kimi görünür. Hətta qarşı tərəf ilin sonuna doğru nikbin açıqlamalar verir. Bunlar da 2025-ci ilə nikbin baxmaq imkanı yaradır ki, 200 ildən - Gülüstan, Kürəkçay və Türkmənçay müqavilələrindən sonra, nəhayət, dövlətimizin qələbəsini özündə ehtiva edən mühüm sənəd meydana gələcəkdir.

Eyni zamanda 2024-cü ilin əsas hadisələrindən biri kimi COP29-u vurğulamalıyıq. İlk növbədə 278 illik neft erasını alternativ enerjisinə daşımaq baxımından çox təsirli addımları gördük. 14 günlük tədbir zamanı əhatələnməyən sfera və ya sahə qalmadı. Bütün dünya sanki Olimpiya Meydanına yığışmış oldu. Buradan dünyaya sülh mesajları verildi, Azərbaycanın qələbəsi tanıdıldı. Mədəniyyətimiz, ictimai həyatımız və tarixi gerçəkliklər ortaya qoyuldu. Düşünürəm ki, Azərbaycanın tədbirlər diplomatiyası da hərbi meydanda əldə etdiyi qələbələrə xallar qazandırdı.

Ölkə rəhbərinin bir neçə gün öncə dediyi kimi, İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemi heç vaxt indiki qədər sərt tələblər və çağırışlar qarşısında qalmayıb. Həqiqətən də NATO-un genişlənməsi, indi isə Qərb mərkəzli dünya idarəçiliyinə qarşı çıxan Rusiyanın Ukraynada apardığı savaş, sanksiyalar dünyanın böluşdürüldüyü təsəvvürünü meydana gətirib. İndiki halda öz qələbəsini bəyan və hərbi meydanda təsdiq edən, dünyaya sülhü təbliğ edən çox az dövlətlərdən biriyik. Əleyhimizə olan sanksiya çağırışları, təzyiqlər, iqtisadi diversiyaların neytrallaşdırılması bizim uğurlarımız sırasındadır. Zəngəzur dəhlizinin açılacağına olan inamın daha da artdığının şahidi oluruq. 2024-cü ildə formalaşdırılan əsaslar 2025-ci il üçün bu dəhlizin açılmasını, Azərbaycanın quru ərazi baxımından coğrafi birləşməsini təmin edəcəkdir. Ona görə də 2024-cü ili uğurlu hesab edirəm”.

Geri qayıt