Əsas Səhifə > Ana xəbərlər, Güney Press > AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü

AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü


Bu gün, 11:12
AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən sahibkar Bəhruz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatını təqdim edir.

İttihama görə, hadisə Lənkəran şəhərinin Separadi kəndi ərazisində baş verib. Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

"Dedi ki, mən belə şeylərə pul vermirəm"

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Bəhruz Məmmədov bildirib ki, Zülfüqar onu neçə müddət bezdiribmiş: “2013-cü ildən Lənkəran rayonunun Şağlaser kəndində qardaşımın mağazasını işlədirdim. Zülfüqarla problemim 2021-ci ildən başlayıb. Həmin vaxt mağazada təmizlik işləri görürdüm. Zülfüqarın qardaşı Elçin üç nəfərlə mağazaya gəldi, hərəsi bir “Bizon” içkisi götürüb içdilər. Elçindən suların pulunu istəyəndə “mən belə şeylərə pul vermirəm” dedi. Dedim ki, pulun yoxdursa, lazım deyil, amma belə danışma. Elçin mənimlə mübahisə etdi, axırda “Bizon”ların pulunu verib, məni hədələyib getdi.

Üstündən bir neçə saat keçmişdi, Elçinin qardaşı mənə zəng vurub dedi ki, niyə Elçini yola verməmişəm. Dedim ki, bura mağazadır, təminat şöbəsi deyil. O, məni hədələdi.

Bir müddət sonra Zülfüqar mağazaya gəlib dedi ki, ona hər ay pul verməliyəm. Düşündüm ki, imkanı yoxdur, razılaşdım. Hər ay ona pul və ərzaq verirdim.

Bir gün axşam vaxtı qardaşım Zahirlə Zülfüqargilin şüşə emalatxanasına getdim. Zülfüqar mənə dedi ki, qardaşım oğlu Valeh Məmmədzadəyə məxsus torpaq sahəsini onun adına keçirim. Dedim ki, 10 ildir Valehi görmürəm və danışdırmıram.

İki-üç gün sonra Zülfüqar müxtəlif orqanlara yazıb mağazadan şikayət etməyə başladı. Ona dedim ki, mənimlə işin olmasın. Dedim ki, artıq “dedovşina” qurtardı, sənə nə ərzaq, nə də pul verməyəcəm. Zülfüqar dedi ki, səni bezdirəcəm. Neçə dəfə məni təhqir etdi. Bir dəfə yolda onu görüb dedim ki, qurban olum, xahiş edirəm, mənimlə işin olmasın. Zülfüqar içkili vəziyyətdə idi. Mənə ana-bacı söyüşü söydü. Qərara gəldim ki, onun barəsində tədbir görməliyəm.

Həmin gün maşınımla gedərkən Zülfüqarı yolda gördüm. Səməd də yanımda idi. Maşını saxlayıb Zülfüqarı çağırdım, telefonla danışırdı. O, məni görüb, əyilib yerdən daş götürüb üstümə gələndə bıçaqla ona bir zərbə endirdim. Mən onu vurandan sonra Səməd əlimdə bıçağı görüb qışqırdı. Dedim ki, adamın malını alarlar, pulunu apararlar, amma ana-bacısını söyməzlər. Onu vurub, bıçağı da götürüb polisə getdim, təslim oldum”.

"AQTA-ya şikayət etdik.."

Prosesdə ifadə verən zərərçəkmişin oğlu bildirib ki, mübahisələri mağazadan aldqları xarab mala görə başlayıb: “Atam Bəhruzun mağazasından ərzaq almışdı. Evdə baxanda məlum oldu ki, ərzaq köhnədir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə şikayət etdik. Bəhruzun mağazasını cərimələdilər. Ondan sonra Bəhruz bizimlə prinsipə başladı.

Hadisə günü Bəhruz avtomobili ilə bizim həyətə gəlib, maşından düşüb bizi söyməyə başladı. Mən evdən çıxanda o, maşına minib qaçdı. Bir də xəbər gəldi ki, atamı bıçaqlayıb, qaçıb”.

Zərərçəkmiş şəxsin oğlu təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.

İfadələrdən sonra məhkəmə istintaqı başa çatıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Bəhruz Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Geri qayıt