Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanın əsas sülh tələbləri gündəmdədir
Azərbaycanın əsas sülh tələbləri gündəmdədirBu gün, 10:38 |
"Biz, əslində, sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam". Prezident İlham Əliyev qeyd edib ki, əgər Azərbaycanın tələbləri icra olunsa, sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq: "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl konstitusiyanı dəyişməli və ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir. Çünki konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibində elan edildiyi Azərbaycana ərazi iddialarını ehtiva edir. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim şıltaqlığımız deyil, bunlar sadəcə, obyektiv şərtlərdir". Prezident vurğulayıb ki, Bakının ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir: "Bu məsələ konsensus yolu ilə həll olunduğundan, Ermənistanın razılığı olmadan bunu etmək formal olaraq mümkün deyil, baxmayaraq ki, ATƏT-in Minsk qrupu uzun müddətdir fəaliyyət göstərməsə də, o, formal olaraq mövcuddur. Və sualımız ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa və Minsk qrupu da Qarabağ məsələsini həll etmək üçün idi, o zaman bu, nəyə lazımdır?". Dövlət başçısı əlavə edib ki, Ermənistanın ATƏT-in Minsk qrupunu ləğv etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir. Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, uzun müddətdir Azərbaycan-Ermənistan arasında sülh sazişi üzərində iş gedir. Ekspertin sözlərinə görə, 4 il ərzində sülh danışıqlarında, müzakirələrdə enişli-çıxışlı məqamlar olsa da, ümumən prosesi irəliyə daşımaq mümkün olub: "Bəzən tərəflərin müzakirələrində kifayət qədər gərginlik də müşahidə olunur. Bəzən isə sülh sazişinin imzalanmasına çox yaxın olduğumuz qeyd edilir, hətta ilin sonunadək müqavilənin imzalanmasının mümkünlüyündən danışılırdı. Tərəflər, əsasən İrəvan hökumətinin rəsmiləri saziş mətninin 1 həftə, 10 gün ərzində imzalanacağını belə istisna etmirdilər. Amma bəllidir ki, burada razılaşdırılmamış məsələlər qalmaqdadır. Ermənistan tərəfi 3 məsələdə razılıq olmadığını deyirdi. Azərbaycan tərəfi razılaşdırılmamış iki məqamın qaldığını vurğulayır. Fikir belədir ki, sənədin preambula bölməsi, əsas maddələri və razılaşdırılmamış iki bəndin əsas hissəsi ilə bağlı ümumi anlaşma mövcuddur. Ancaq Azərbaycan tərəfinin əsas tələbləri gündəmdədir". Müsahibimiz vurğulayıb ki, ilk növbədə Ermənistan ölkəmizə qarşı ərazi iddialarından rəsmən vaz keçməli, bu iddiaları öz konstitusiyasından çıxartmalıdır: "Ermənistan konstitusiyasının preambula hissəsi açıq şəkildə Azərbaycan ərazilərinə iddia edir. Orada "Qarabağın Ermənistana birləşdirilməsindən" bəhs olunur. Əlbəttə, bu, Azərbaycan tərəfindən qəbuledilməzdir. Həmçinin Minsk qrupunun ləğvi və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması məsələsində İrəvan maneçilik törətməməli, üzərinə düşəni etməlidir. Bu məsələlərlə bağlı hələlik müzakirələr gedir. İrəvan hökuməti bu məqamların sülhə mane olmadığını iddia edir və şərtləri yerinə yetirməkdə tələsmir. Amma bu ziddiyyət digər məqamların müzakirəsinə və razılıq əldə olunmasına əngəl deyil. Əgər bəhs etdiyimiz məsələlərdə də razılaşma olarsa, tərəflər arasında sülh prosesi sürətlənər və nəticə əldə edilər. Əks halda müqavilənin imzalanması gecikə bilər". Geri qayıt |