Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sülh müqaviləsi ilin axırına kimi mümkündür?

Sülh müqaviləsi ilin axırına kimi mümkündür?


1-11-2024, 10:00
Sülh müqaviləsi ilin axırına kimi mümkündür?
Sülh müqaviləsində daha 1-2 məsələ var ki, onun üzərində iş davam etdiriləcək. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu, normal danışıqlar prosesidir. XİN rəhbəri yaxın gələcəkdə hər iki ölkənin yerdə qalan 1-2 bənd üzrə razılığa gələ biləcəkləri barədə nikbin olduğunu qeyd edib və əlavə edib ki, bundan sonra sülh müqaviləsinin mətni tam razılaşdırılmış olacaq. Mirzoyan əlavə edib ki, Ermənistan və Azərbaycan demarkasiya üzrə iki ölkənin komissiyalarının fəaliyyətinin reqlamentinin qüvvəyə minməsi barədə bir-birilərinə məlumat verəcəklər. Bu arada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında da telefon danışığı baş tutub. Telefon danışığı zamanı mövcud regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Nazir Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilin axırına kimi mümkündür. Ekspertin sözlərinə görə, məhz BRICS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə ilin axırına kimi sülh müqaviləsinin bağlanması müzakirə edilib:

"Yerdə qalan məsələləri xarici işlər nazirləri razılaşdıracaq. Artıq iki dövlət arasında müharibə ehtimalı aşağı səviyyədədir. Ölkələr arasında etimad mühiti formalaşır. Liderlərin sammit çərçivəsində və sonra apardıqları danışıqlar müsbət nəticə verir.

ABŞ də sülh prosesini Türkiyə ilə müzakirə edir. Dövlət katibi A.Blinken Türkiyənin XİN rəhbəri Hakan Fidanla Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin perspektivləri və Ermənistan-Türkiyə arasında normallaşma prosesini müzakirə edib. Türkiyə və Ermənistan münasibətləri də normallaşır. İlin axırına kimi Türkiyə və Ermənistan sərhədləri açıla bilər. Danışıqların müsbət istiqamətdə irəliləyişində ABŞ-Türkiyə-Azərbaycan və Ermənistan arasında dördtərəfli koordinasiya mühüm rol oynayır".

Analitikə görə, Azərbaycan və Ermənistan liderləri BRICS sammitində kifayət qədər siyasi iradə nümayiş etdirdilər: "Görüş yüksək səviyyədə və müsbət atmosferdə keçdi. Göründüyü kimi vasitəçisiz, ikitərəfli danışıqlar müsbət nəticə verir. Bu, Prezident İlham Əliyevin əvvəldən əsas şərti idi".

Geri qayıt