Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu təşkilatdan Azərbaycana BÖHTAN

Bu təşkilatdan Azərbaycana BÖHTAN


15-10-2024, 10:06
Bu təşkilatdan Azərbaycana BÖHTAN
Erməni lobbisinə bağlılığı şübhə doğurmayan “Human Rights Watch” beynəlxalq “insan hüquqları” təşkilatı noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitinin ev sahibliyi sazişinin nüsxəsini əldə etdiyini açıqlayıb. “Turan” bildirir ki, saziş bu il avqustun 17 və 23-də Bonn və Bakıda imzalanıb, ancaq ictimaiyyətə hələ açıqlanmayıb. Təşkilatın iddiasına görə, sənəddə iştirakçıların hüquqlarının qorunması ilə bağlı ciddi çatışmazlıqlar var. Sitat: “Sazişdə bildirilir ki, konfrans iştirakçıları şifahi və ya yazılı ifadələrinə, hər hansı əmələ görə hüquqi baxımdan toxunulmazlığa malik olacaqlar. Ancaq başqa bir bənddə onlardan Azərbaycan qanunlarına hörmət və onun daxili işlərinə qarışmamaq tələb edilir. Saziş hansı əməllərin Azərbaycanın daxili işlərinə müdaxilə sayıla biləcəyinə, ölkə qanunlarının BMT-nin idarə etdiyi konfrans zonasında tətbiq olunub-olunmayacağına heç bir aydınlıq gətirmir”.

Ermənipərəst qurum daha sonra iddia edib: “Azərbaycanda ifadə və sərbəst toplaşma azadlıqlarına sərt məhdudiyyətləri nəzərə alsaq, iştirakçılar zona daxilindəki əməllərinə görə oradan kənarda repressiyalara məruz qala bilərlər”. Bu müddəaların sazişin 10-cu maddəsinin 12-ci bəndində öz əksini tapdığı bildirilir. HRW-a görə, saziş ictimaiyyətə açıq olmalı imiş: “2023-cü il Bonn İqlim Konfransında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv dövlətlər vurğuladı ki, ev sahibi ölkələr sazişləri ictimaiyyətə təqdim etməli və beynəlxalq insan hüquqları qanunlarını dəstəkləməlidir. Təəssüf doğuran haldır ki, bu razılaşmalar gizli saxlanılır. Onların ictimaiyyətə açıqlanması vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə düşməməlidir. Həmçinin BMT təcili Azərbaycan hökumətini insan haqları öhdəliklərinə hörmət etməyə və insan hüquqlarına hörmət göstərilən bir iqlim konfransı keçirməyə çağırmalıdır”.

Beləcə, COP29 yaxınlaşdıqca xüsusilə də erməni çevrələrə bağlı Qərb qurumlarının ölkəmizə qarşı məkrli şər-böhtan kampaniyası daha da şiddətlənir. Xüsusən də “iştirakçılar zona daxilindəki əməllərinə görə oradan kənarda repressiyalara məruz qala bilərlər” ifadəsi tamamilə iftiradır. Bu absurd fikirlər anti-Bakı kampaniyasının gücləndirilməsi elementlərindəndir. Artıq hər çirkinliyə əl atan təşkilatlar indi heç bir bəhanə tapa bilmədikləri üçün sazişlərdən danışır, sənəddə iştirakçıların hüquqlarının qorunması ilə bağlı ciddi çatışmazlıqlar olduğunu iddia etməyə başlayıblar. Ümumiyyətlə, noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkəmizə qarşı xaricdəki bədxahlarımız tərəfindən idarə olunan kampaniya güclənib. Demək olar ki, hər gün Qərbdəki ayrı-ayrı dövlətlərin qanunverici orqanlarının üzvləri, siyasətçilər, özünü vətəndaş cəmiyyətinin nümayəndələri adlandıranlar və jurnalistlər ölkəmiz əleyhinə fikirlər səsləndirirlər.

Son vaxtlar Qərb mediasında ölkəmiz əleyhinə sifarişli yazıların sayı da artıb. Redaksiyası Vaşinqtonda yerləşən, daha çox siyasət, biznes və beynəlxalq münasibətlərə diqqət yetirən “The Hill” qəzetində dərc olunmuş qərəzli məqalədə isə qeyd edilib ki, “Dağlıq Qarabağda ermənilərin etnik təmizləməsindən sonra” Azərbaycanda keçiriləcək COP29 sammiti onun legitimliyini şübhə altına alacaq. Bildirilib ki, konfransın Bakıda keçirilməsinə Azərbaycanda saxlanılan 32 nəfər erməni əsilli şəxsin ötən ilin dekabrında azad edilməsi müqabilində Ermənistanın vetosunun götürülməsindən sonra qərar verilib. Lakin qalan məhbuslar (?) hələ də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılır.

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, bu hücumların olacağı gözlənilən idi: “Amma tədbirin keçirilməsinə təsir etməyəcək. Azərbaycan hazırlıq işlərini yüksək səviyyədə təşkil etməkdədir. Burada məqsəd də tədbirin baş tutmaması deyil, sadəcə, Azərbaycan haqda mənfi rəy formalaşdırmaq, ayrı-ayrı siyasətçilərin, liderlərin konfransda iştirak niyyətindən yayındırmaq istəyidir. Bu da açıq şəkildə aparılan kampaniyadır və siyasi sifarişdir. Heç bir halda konfransın keçirilməsinə əngəl ola bilməyəcəklər və bütün iştirakçılar Bakıya gələcəklərini bəyan ediblər”.

A.Əlizadənin fikrincə, torpaqlarımız işğal altında olduğu dövrdə də belə təəssürat yaradırdıq ki, diplomatiya savaşında müdafiədəyik: “O zaman da deyirdik ki, hücum diplomatiyası olmalıdır. Amma 44 günlük müharibə təcrübəsi göstərdi ki, döyüş meydanında, diplomatik masada və informasiya cəbhəsində sinxron iş gedə bilir. Fikrimcə, səfirliklərimiz, diplomatlarımız, diasporamız daha aktiv olsaydı, bəzi hücumları önləmək olardı. Düzdür, bəzən bu da yetərli olmur, əgər sifariş varsa, onsuz da bəyanat yayacaqlar. Bütün hallarda diplomatik addımlarımızı gücləndirməliyik”.

Geri qayıt