
“Azparkinq” MMC-nin metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında fəaliyyət göstərən bələdçisi Kənan İlyasov bir müddət əvvəl video paylaşım edərək, bu qurumda baş verənlərdən danışmışdı. Prezident də daxil olmaqla, müxtəlif dövlət orqanlarının rəhbərlərinə müraciət edən bələdçi bildirmişdi ki, bu qurumun rəhbərliyində təmsil olunan şəxslər həm sıravi işçilərin, həm də sürücülərin hüquqlarını pozur. Onun sözlərinə görə, bələdçilər bayram günləri işlədilsə də, əlavə əməkhaqqı hesablanmır: “Bizə gündə bir dəfə ayaqyoluna getməyə icazə verirlər. Nahar vaxtını da özləri müəyyənləşdirir. Siqaret çəkməyə də qadağa qoyurlar”.
Bələdçi deyirdi ki, sürücülər avtomobili park edəndən sonra bu barədə qeydiyyat aparılması üçün vaxtı açırlar. Sürücülərin xəbəri olmadan vaxt dayandırılır. Bələdçilər də sistemdə vaxtın açıq olmadığını görüb, bunun qeydiyyatını aparırlar. Nəticədə həmin sürücülərə təqsirləri olmadığı halda, cərimə yazılır: “Dəfələrlə sürücülər gəlib bizim üstümüzə düşüblər ki, vaxtı açmışdım, amma mənə cərimə yazılıb”.
Kənan İlyasov dövlət başçısına və güc strukturlarına müraciət edərək, təhdid olunduğunu və həyatının təhlükə altında olduğunu da qeyd edib.
Bizimyol.info xəbər verir ki, Kənan İlyasov bu açıqlamalarına görə xüsusi ittiham qaydasında məhkəməyə verilib. “Azparking” MMC-nin bölgə müdiri onun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması üçün iddia qaldırıb. O, bələdçinin videomüraciətində dediklərinin şər-böhtan olduğunu qeyd edib: “Daim Əmək Məcəlləsinin tələblərinə əməl olunub, hər hansı qanun pozuntusuna yol verilməsinə şərait yaradılmayıb. Son vaxtlar kimlərsə adıma və karyerama ləkə salmaq məqsədilə mənə qarşı təxribat, qarayaxma xarakterli hərəkətlərə əl atır”.
Kənan İlyasov məhkəmədə bildirib ki, “TikTok”da paylaşdığı həmin video artıq silinib. Ona qarşı şikayətin icraata götürülməməsini hakimdən xahiş edib.
Hakim bələdçinin cəzalandırılması tələbilə məhkəmədə qaldırılmış iddianın qanunun tələblərinə uyğun hazırlanmaması səbəbilə onun icraata götürülüb baxılmaması barədə qərar çıxarıb.









